Elm və təhsilə yönəldilən vəsait gələcək inkişafa zəmin yaradır
Elm və təhsil

Elm və təhsilə yönəldilən vəsait gələcək inkişafa zəmin yaradır

Dünyada elə inkişaf etmiş ölkələr vardır ki, onların nefti, qazı və digər yeraltı sərvətləri yoxdur. Lakin onlar öz ağılları, təhsilin, elmin və mədəniyyətin hesabına inkişaf etmiş sivil dövlətlərin səviyyəsinə qalxa bilmişlər. Belə dövlətlərə misal olaraq Yaponiyanı, İsraili, Sinqapuru, Cənubi Koreyanı və digər ölkələri göstərmək olar. Yeraltı sərvətləri olmayan İsrail ölkəsi əhali sayına və ərazisinə görə çox inkişaf etmişdir. Nəyin hesabına bu baş vermişdir? Təhsilin, elmin, mədəniyyətin inkişafı, yeni-yeni texnologiyaların yaradılması hesabına.

Dünya və Avropa elminin, təhsilinin və mədəniyyətinin müsbət cəhətlərindən respublikamızın iqtisadiyyatının inkişafı prosesində istifadə olunmalıdır. Lakin Avropa mənəviyyatına deyil, öz milli köklərimizə əsaslanmalıyıq. Ona görə də Azərbaycanın yeraltı resurslarından “neft, qaz kapitalının” insan kapitalına çevrilməsi üçün istifadə etmək lazımdır.

İsrail, Yaponiya, Sinqapur və s. kimi yeraltı sərvətləri olmayan ölkələrdə olduğu kimi, böyüməkdə olan gənc nəslin savad, elm, mədəni səviyyələrinin inkişaf etdirilməsi üçün Almaniyada olduğu kimi, uşaq bağçalarımızdan başlayaraq güclü və keyfiyyətli pedaqoji tədris prosesi həyata keçirilməlidir.

Çox vacib olan bu problemə ümumtəhsil tərbiyə ocaqlarında xüsusi diqqət yetirilməlidir. Uşaqlarımıza ümumtəhsil məktəblərində dərs prosesində müəyyən bilik, bacarıq və vərdişləri mənimsətməklə bərabər, onların Almaniya və Yaponiyada olduğu kimi, müəyyən əmək, yaradıcılıq vərdişləri formalaşdıran, dərsdənkənar müxtəlif profilli dərnəklərdə iştirakını təşkil etmək olar. Yəni elə etmək lazımdır ki, şagirdlər özbaşına qalmasınlar və tədris prosesindən sonra da müxtəlif profilli dərnəklərdə sadə əmək vərdişlərinə yiyələnsinlər, yaradıcı işlərlə məşğul olsunlar.

Belə olduqda, onların fantaziyaları inkişaf etdirilər, yaradıcılıq qabiliyyətləri artar, düşünmək və nəticə çıxara bilmək, gözəlliyi duymaq kimi keyfiyyətlər formalaşdırılar.

Məhz bu cür təlim-tərbiyə prosesində şagirdlər çalışacaqlar ki, nəsə yaratsınlar, düşündüklərini təcrübədə tətbiq edə bilsinlər, gəldikləri nəticələrin müsbət və mənfi cəhətlərini görsünlər.

Bu gün məktəblərimizin əsas vəzifəsi şagirdləri Vətəni, xalqı sevmək, vətənpərvərlik ruhunda, həm də bilikli, savadlı, mədəni və yaradıcı şəxsiyyət kimi yetişdirməkdir.

Qeyd olunan vəzifəni həyata keçirmək üçün ilk növbədə müəllimlərin özlərinin də təhsil prosesindən baş çıxara bilmələri, savadlı, mədəni və yaradıcı olmaları əsas şərtlərdəndir.

Bu gün Azərbaycan Təhsilinin “Pedaqoji Elmlər Akademiyası” kimi bir quruma ehtiyacı vardır. Ulu öndərimiz Heydər Əliyev də belə bir qurumun yaradılmasına öz müsbət münasibətini bildirmişdi. Onu da qeyd etmək istəyirəm ki, qonşumuz olan Gürcüstanda, bir sıra keçmiş sovet respublikalarında belə qurum çoxdan fəaliyyət göstərir və onlar bu sahədə böyük nailiyyətlər əldə ediblər. Suveren Azərbaycan Respublikasının özünün “Pedaqoji Elmlər Akademiyası” olmalıdır! Yəni neft və qaz gəlirlərinin müəyyən bir hissəsi bu sahəyə yönəlməlidir. Ona görə ki, müasir elmə əsaslanan təhsil, həm də ölkə iqtisadiyyatının sürətlə inkişafına səbəb ola bilər. Digər tərəfdən belə bir akademiyanın yaradılması nəticəsində Azərbaycanın bütün təlim-tərbiyə ocaqlarında yeni yaradılacaq təhsil texnologiyalarının tətbiqi ilə, ümumilikdə milli təhsilimizin səviyyəsi də Avropa standartlarına uyğun olaraq, sıçrayışla inkişaf edə bilər.

Qeyd etmək lazımdır ki, iqtisadiyyatımızın müxtəlif sahələrində elmlə təcrübəni birləşdirən qurumlar yaratmaq mümkündür. Belə olduqda elmi işçilərin əmək haqları da istər-istəməz bir neçə dəfə arta bilər. Bəzən biz öz istedadlı vətəndaşlarımıza, dünya miqyasında tanınmış azərbaycanlı alimlərə vaxtında qiymət verə bilməmişik. Bu gün Vətənimizin təhsil və elm ocaqlarında yeni texnologiyalar yaradılır.

Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünyaya bu sahədə dahilər bəxş etmişdir. Yaxın keçmişdə hamının çox yaxşı bildiyi bir faktı diqqətə çatdırmaq istərdim.

Ulu öndərimizin Azərbaycanda hakimiyyətə birinci gəlişi dövründə hər həftənin cümə günlərində özü şəxsən Bakı Filarmoniyasında təşkil olunan konsertlərdə iştirak edirdi və bu konsertlərə məmurlar da dəvət olunurdular. Ulu öndərimiz xalqımızın musiqiyə olan marağını artırmaq və digər tərəfdən məmurlarımızı sadəcə məmur kimi deyil, eyni zamanda xalqını, Vətənini, onun musiqisini, mədəniyyətini sevən bir vətəndaş kimi görmək istəyirdi. Ulu öndərimizin bu addımı, sonradan ümumxalq səviyyəsində musiqiyə, mədəniyyətimizə olan münasibəti çox dəyişdi.

Azərbaycanda musiqi mədəniyyətinin inkişafında bəstəkarlarımızın yazdıqları opera və balet əsərlərinin müsbət rolunu da qeyd etməmək olmaz. Bununla əlaqədar Azərbaycan musiqi tarixində 2 dövrü müqayisəli şəkildə diqqətə çatdırmaq istərdim.

1941-1951-ci illərdə Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində əgər 10-dan çox əsər tamaşaya qoyulmuşdusa, son 30 ildə cəmi 4-5 əsər səhnə üzü görüb, onlar da düzgün təbliğ olunmaması səbəbindən artıq repertuardan çıxarılıb. Düzdür, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, dünya şöhrətli bəstəkar, böyük insan Firəngiz Əlizadə bəstəkarlarımızın əsərlərindən ibarət simfonik konsertlər, yubiley konsertləri, müsabiqələr həyata keçirir. Lakin bu işin daha yaxşı olması üçün müvafiq qurumlar da maraqlı olmalıdırlar. Musiqili səhnə əsərləri ilə əlaqədar problemin müsbət həllinə təkcə dövlət orqanları deyil, eyni zamanda imkanlı həmyerlilərimiz də qoşulmalıdırlar. Bu gün qeyd olunan vacib problemin müsbət həlli üçün başqa yol yoxdur. Məhz dövlətlə bərabər imkanlı vətəndaşlarımız respublikamızın mədəniyyətinin inkişafına maliyyə vəsaiti sərf edərlərsə, onda qeyd olunan problem də müsbət həll olunar.

Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olar ki, bu gün neft-qaz, yeraltı sərvətlərdən gələn gəlirlərin bir hissəsini insan kapitalına yönəltməklə təhsil, elm və mədəniyyətin yüksək inkişafına nail olmalıyıq. Məhz belə olduqda bu sahələr ölkəyə külli miqdarda gəlir gətirə bilər. Bu isə güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu deməkdir.

Oqtay RƏCƏBOV,

bəstəkar, Əməkdar müəllim,

Əməkdar incəsənət xadimi,

pedaqoji elmlər doktoru, professor.