Elman Abdullayev: Azərbaycan azad edilmiş ərazilərində UNESCO texniki missiyasının həyata keçirilməsində ən maraqlı olan tərəfdir
MÜSAHİBƏLƏR

Elman Abdullayev: Azərbaycan azad edilmiş ərazilərində UNESCO texniki missiyasının həyata keçirilməsində ən maraqlı olan tərəfdir

UNESCO yanında Azərbaycan daimi nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev qurumla ölkəmiz arasındakı əlaqələr, cari il ərzində təşkilatda ölkəmiz tərəfindən həyata keçirilmiş tədbirlər və onun Azərbaycana etimadı ilə bağlı AZƏRTAC-a müsahibə verib.

Müsahibədə cari ildə ölkəmizin UNESCO-nun ali orqanlarına seçilməsi, Mədəniyyət Komissiyasına sədrliyi, daimi nümayəndəliyin fəaliyyəti, eləcə də erməni işğalından azad edilmiş ərazilərimizə UNESCO texniki missiyasının göndərilməsi haqqında ətraflı məlumatlar yer alıb.

Ölkəmizlə təşkilat arasında əlaqələrə toxunan E.Abdullayev bildirib: "Azərbaycan ilə UNESCO arasında əlaqələr hər zaman xüsusi əhəmiyyətə malik olub və yüksələn xətlə inkişaf edib. Azərbaycan UNESCO-nun əsas tərəfdaş və donor ölkələrindəndir. Təşkilatın inkişafında, onun dəyər və ideyalarının təbliğində ölkəmiz həmişə yaxından iştirak edib. Bu proses qlobal, eləcə də ikitərəfli münasibətlər kontekstində aparılıb. Təşkilatın layihələrinin dünya ölkələrində təbliğində də ölkəmiz öz sözünü deyib və son illərdə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin gündəliyi zəngin olub.

Azərbaycan UNESCO-nun ən əhəmiyyətli layihələrindən, təşəbbüslərindən olan Qlobal Təhsil Koalisiyasına qoşulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva adından ölkəmizin bu koalisiyaya qoşulması ilə bağlı istəyə dair müvafiq məktub UNESCO-ya təqdim olunub. Azərbaycan Qlobal Təhsil Koalisiyasını müvafiq şəkildə dəstəkləyib və həmin dəstək davam etdirilir".

Daimi nümayəndəliyin fəaliyyətinə toxunan səfir qeyd edib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız İkinci Qarabağ müharibəsi nəticəsində azad edildikdən sonra bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, cinayətlər, vandallıqlar haqqında UNESCO-nun, eləcə də təşkilatda müxtəlif ölkələrin akkreditə olunmuş nümayəndələrinin məlumatlandırılması istiqamətində vacib addımlar atılıb. Təşkilatın, eləcə də müxtəlif ölkələrin akkreditə olunmuş nümayəndələrinə müvafiq konvensiyalar çərçivəsində məlumatlar təqdim olunub. Çünki mədəni irslə bağlı törədilən cinayətlərin hər biri müvafiq kateqoriyalara görə aidiyyəti konvensiyalarla tənzimlənir. Əsasən mədəni irsin dağıdılmasından, təhqir olunmasından, mədəni irs nümunələrinin qeyri-qanuni idxalı, ixracı, ümumiyyətlə, bir çox məqamlar var ki, onlar müvafiq konvensiyalarla tənzimlənir. Bu konvensiyalar çərçivəsində UNESCO-nun aidiyyəti alt-qurumları, alt-komitəsi ilə müvafiq işlər aparılmışdır. Qurumun komitələri vasitəsilə onların katiblikləri ilə lazımi birgə işlər aparılıb.

Diqqətə çatdırılıb ki, daimi nümayəndəliyin fəaliyyətinin əsas məqamlarından biri də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır. Burada əsasən UNESCO yanında akkreditə olunmuş üzv ölkələrdən, eləcə də digər regional və beynəlxalq təşkilatlardan söhbət gedir. Bu istiqamətdə də fəaliyyətimiz davam edir və etdiriləcək. Çünki haqq səsimizin və ədalətin tərənnüm olunması üçün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ümdə borcumuzdur.

"Təşkilatla əməkdaşlığımız çərçivəsində bir çox layihələr, tədbirlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi İli" elan olunub. Bu il UNESCO-da Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr edilmiş iki böyük tədbir keçirilib. UNESCO və daimi nümayəndəliyimizin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi qurumun mənzil-qərargahında qeyd olunub. Mədəniyyət Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunmuş tədbirdə təşkilatın rəhbərliyi iştirak edib. Nizaminin əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi nümayiş olunub. Tədbirə diplomatik korpusun nümayəndələri - səfirlər, daimi nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Daimi nümayəndəliyimiz tərəfindən Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş vebinar da keçirilib. Vebinara Nizami irsini tədqiq edən müvafiq ekspertlər dəvət olunub. UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Ciannini başda olmaqla, bir çox rəhbər şəxslər vebinarda iştirak ediblər", - deyə E.Abdullayev vurğulayıb.

Bildirilib ki, 2021-ci ildə nominasiyalar baxımından da ölkəmiz üçün uğurlu olub. Lənkəran şəhəri qastronomiya nominasiyası üzrə UNESCO tərəfindən yaradıcı şəhərlər şəbəkəsinə daxil edilib. Bu siyahıda artıq 3 şəhərimizin - sənət və sənətkarlıq nominasiyası üzrə Şəki (2017), dizayn nominasiyası üzrə Bakı (2019) və qastronomiya nominasiyası üzrə Lənkəran şəhəri (2021) yaradıcı şəhərlər sırasında layiqli yerlərini tutublar.

Bu il ölkəmizin görkəmli şəxsiyyətlərinin adı "Yubileylər siyahısı"na salınıb. Belə ki, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik və xeyriyyəçi Zeynalabdin Tağıyevin 200 illik yubileyləri qurumun "Yubileylər siyahısı"na daxil edilib. Beləliklə, 2022-ci və 2023-cü illərdə UNESCO-da onların yubileyi qeyd olunacaq.

"UNESCO-da sosial və humanitar sahə xüsusi bir istiqamətdir və burada iki sahə - humanitar və idman sahələri çox önəmlidir. Azərbaycan da idmana böyük əhəmiyyət verir və bir çox beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Ölkəmizin bu sahədə təcrübəsi artıq məlumdur və UNESCO MİNEPS-İdman və bədən tərbiyəsi nazirlərinin növbəti toplantısına Bakının ev sahibliyi etməsinə qərar verib. Tədbirin konsepsiyası və tarixi hazırlanmaqdadır", - deyə daimi nümayəndə əlavə edib.

Qeyd olunub ki, noyabrın 24-də UNESCO-nun üç ali orqanından biri olan Baş Konfrans başa çatdı. Baş Konfrans çərçivəsində çoxsaylı tədbirlər keçirilir. Konfrans çərçivəsində təşkil olunan ən önəmli hadisə qurumun digər ali orqanı olan İcraiyyə Şurasına üzvlük seçkilərinin keçirilməsi idi. İcraiyyə Şurası qurumun ali, qərarverici orqanıdır. Azərbaycan 2021-ci il noyabrın 17-də böyük səs çoxluğu ilə İcraiyyə Şurasına seçildi. Şuranın 58 üzv ölkəsi ilə birlikdə ölkəmiz qurumun vacib mexanizm və qərarlarının qəbul olunmasında yaxından iştirak edəcək. Bu ölkəmiz üçün çox vacibdir. Qarşıdan gələn 4 il müddətində ölkəmiz UNESCO-nun vacib və strateji istiqamətlərinə töhfə verəcək.

Cari ilin uğurlarından biri də 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokolu Komitəsinə ölkəmizin seçilməsidir. Postmünaqişə dövründə Azərbaycanın bu Komitəyə seçilməsi çox vacibdir. Ölkəmiz bu Komitəyə əvvəllər də töhfə verib, ancaq indi onun üzvü kimi daha çox kömək göstərəcək. Əvvəlki illərdə daimi nümayəndəliyimiz tərəfindən silahlı münaqişələrdə bələdçi kitabının hazırlanması, Komitənin müvafiq alt-komitəsinin təşkilində ölkəmizin texniki və maddi dəstəyi xüsusi önəm kəsb edib. Qarşıdan gələn 4 il müddətində Komitənin fəaliyyətinə töhfə verəcəyik.

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyasının Mədəniyyət Komissiyasına sədrlik edib. Mədəniyyət Komissiyası çərçivəsində qurumun əsas 3 mehvəri - mədəniyyət, təhsil, elm sahələrində ölkəmizin qərarverici mövqedə olması vacibdir.

UNESCO ilə birgə layihələrimizə toxunan daimi nümayəndə ölkəmizin Qoşulmama Hərəkatının qurum yanındakı qrupuna, eləcə də təşkilatın Şərqi Avropa dövlətlərindən ibarət II seçki Qrupuna sədrliyindən söz açıb. Vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) məhsuldar və uğurlu sədrliyi üzv dövlətlərin ölkəmizə etimad göstərməsi ilə nəticələnib. QH-nin üzv dövlətləri yekdilliklə ölkəmizin quruma sədrliyinin 1 il uzadılmasına qərar veriblər. Azərbaycan 2023-cü ilin sonunadək QH-yə sədrlik edəcək. Beləliklə, UNESCO yanında da Qoşulmama Hərəkatı qrupuna sədrliyimiz həmin vaxtadək davam edəcək. Qrupun plenar iclasları keçirilir və orada UNESCO-nun mandatına uyğun məsələlər müzakirə olunur. Daimi nümayəndəliyimiz UNESCO yanında Qoşulmama Hərəkatı Qrupuna sədrlik edir. Bu ölkəmizə, eləcə də daimi nümayəndəliyimizə verilən əhəmiyyətin göstəricisidir. Sədrliyimiz çərçivəsində qarşıdan gələn iki il müddətində mədəniyyət, təhsil, elm sahələrində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Azərbaycan cari ildə 6 ay müddətinə mənsub olduğu Şərqi Avropa ölkələrindən ibarət II seçki qrupuna da sədrlik edib. Ölkəmiz sədrliyi dövründə də məhsuldar fəaliyyəti ilə seçilib. Şərqi Avropa üzrə II seçki qrupunun iclaslarına UNESCO-nun rəhbər nümayəndələri dəvət olunub. İclaslarda qrupun üzv ölkələrinin nümayəndələri ilə müzakirələr aparılıb, müəyyən məsələlərə münasibət bildirilib, qərarlar qəbul edilib.

"Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan bu təşkilatın dəyər və prinsiplərinin dünyada təbliğində ən çox rolu olan ölkədir. Ölkəmiz qurumun ən əhəmiyyətli tərəfdaşlarındandır. UNESCO-da ölkəmizin həmişə xüsusi çəkisi, rolu olub. Bu, belə də davam edəcək. Bu gün Azərbaycan dünyanın ən önəmli və aparıcı ölkələrindən biridir. Beynəlxalq arenada olduğu kimi, UNESCO-da da öz sözünü deyir.

İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz üçün ən strateji məqsədlərdən biri də həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması və bu işin davamlılığının təmin olunmasıdır. Ermənistanın 30 il ərzində törətdiyi cinayətləri hamı bilməlidir", - deyə daimi nümayəndə diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan və UNESCO hazırda işğaldan azad edilmiş ərazilərimizə texniki missiyanın həyata keçirilməsi məsələsini müzakirə edirlər. İşğal edilmiş ərazilərimizə UNESCO-nun texniki missiyasının göndərilməsi məsələsi illər əvvəl Azərbaycan tərəfindən qaldırılıb. Bu, yazılı, eləcə də şifahi formada dəfələrlə ünvana çatdırılıb. Son 30 ilə yaxın müddətdə UNESCO texniki missiyasının həyata keçirilməsinə ən maraqlı tərəf Azərbaycan olub. Texniki missiyanın həyata keçirilməsi də məhz Azərbaycanın təşəbbüsüdür. Ölkəmiz bu missiyanın reallaşmasında maraqlı olmaqla yanaşı, onun vacibliyini qurum rəsmilərinin diqqətinə çatdırıb. Bunun təsdiqini UNESCO-nun 2005-ci ildə dərc edilmiş 10 illik hesabatında da görürük. Həmin hesabatda UNESCO qeyd edib ki, Azərbaycan təşkilatdan tezliklə texniki missiyanın həyata keçirilməsini istəyir, ancaq Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına görə missiyanın həyata keçirilməsi mümkün olmamışdır. Yəni, aydın göstərilir ki, vaxtilə erməni işğalı altında olmuş və bu gün azad edilmiş Azərbaycan torpaqlarında texniki missiyanın həyata keçirilməsinə Ermənistan mane olub.

Bu gün missiyanı gözləyirik, bu istiqamətdə müvafiq işlər aparılır. UNESCO ilə danışıqlar davam edir. UNESCO, eləcə də bütün tərəflər yaxşı bilirlər ki, Azərbaycan texniki missiyanın həyata keçirilməsində ən maraqlı olan tərəfdir.

Daimi nümayəndə diqqətə çatdırıb ki, xalqımızın mədəni irsi misli görünməmiş dağıntıya, vəhşiliyə məruz qalıb, talan, viran, yerlə-yeksan edilib. Bunun beynəlxalq ictimaiyyətə çatdırılması bizim üçün ən önəmli və strateji məsələdir. Ona görə də texniki missiyanın həyata keçirilməsində Azərbaycan daha çox maraqlıdır. Hazırda danışıqlar davam edir, bir çox texniki parametrlər müzakirə olunur.

"Azərbaycan maddi və qeyri-maddi mədəni irsinin dünyaya tanıtdırılmasında UNESCO platformasından istifadə edib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan çoxşaxəli fəaliyyət nəticəsində ölkəmizin 3 maddi və 15 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Bunun sayəsində bu gün beynəlxalq ictimaiyyət mədəni irsimiz haqqında məlumatlanır", - deyə E.Abdullayev fikirlərini yekunlaşdırıb.

AZƏRTAC