Elmə və istehsalata həsr olunan ömür
Sosial həyat

Elmə və istehsalata həsr olunan ömür

Ağamir Həşimov 1959-cu ildə Qubadlı rayonunun Xocik kəndində anadan olmuşdur. O, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olmuş, 1982-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək hidrotexnik-mühəndis ixtisasına yiyələnmişdir. Ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda “Ağır torpaqların meliorasiyası” laboratoriyasında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan gənc mühəndis 1982-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidməti başa vurduqdan sonra həmin laboratoriyada kiçik elmi işçi kimi fəaliyyətini davam etdirir. 1986-cı ildə işlədiyi institutda aspiranturanın qiyabi şöbəsinə daxil olan Ağamir Həşimov 1990-cı ildə “Dərin şırımlar tətbiq etməklə əsaslı yumanın səmərəliliyinin artırılması” mövzusunda elmi işini başa çatdıraraq kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alır. 1991-1992-ci illərdə institutda “Ağır torpaqların meliorasiyası” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır. 1992-ci ildə institutda baş direktorun istehsalat işləri üzrə, həmin ilin may ayından isə baş direktorun elmi işlər üzrə müavini vəzifəsini icra edir. 1992-ci ildə institutun Elm-İstehsalat Birliyinə çevrilməsi və keçmiş ittifaq tabeliyindən çıxaraq Azərbaycan Respublikasının tabeliyinə keçməsi ilə əlaqədar ştat cədvəlində aparılmış dəyişikliyə əsasən baş direktor müavini təyin edilir. 2004-cü ildən ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm-İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləmişdir.

Onun elmi-tədqiqatları əsasən çətin meliorasiya olunan şorlaşmış torpaqlara həsr edilmişdir. Respublikanın müxtəlif bölgələrində yayılmış şorlaşmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində apardığı işlər xüsusi əhəmiyyətə malik olmaqla aqrar bölmənin inkişafında mühüm rol oynamışdır. Apardığı elmi-tədqiqatların nəticəsi olaraq 2005-ci ildə “Çətin meliorasiya olunan şorlaşmış torpaqlarda yuma prosesini sürətləndirən mühəndis-aqromeliorativ tədbirlərin elmi-praktiki əsasları” mövzusunda “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” və “Torpaqşünaslıq” ixtisasları üzrə kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. Ağamir Həşimov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 iyun 2014-cü il tarixli qərarı ilə professor elmi adı almışdır.

Respublikanın Kür-Araz ovalığında və Xəzəryanı düzənliyində yayılmış ağır qranulometrik tərkibli, zəif sukeçirən şorlaşmış torpaqlar çətin meliorasiya olunan torpaqlar olduğundan, onların saflaşdırılması lazım gəlir. A.Həşimov bu istiqamətdə apardığı tədqiqatlar xüsusi meliorativ tədbirlərin mümkünlüyü, bu torpaqların meliorativ baxımdan təsnifatı, aqromeliorativ tədbirlərin müəyyənləşdirilməsi, hesabi parametrlərin müəyyənləşdirilməsi və şorlaşmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün əsaslı təkliflər irəli sürmüşdür.

Azərbaycanda həyata keçirilmiş torpaq islahatına müvafiq olaraq aqrar bölmənin davamlı inkişafını təmin etmək məqsədilə onun bilavasitə rəhbərliyi və redaktorluğu ilə fermerlərə kömək məqsədi üçün “Fermerlər üçün suvarma və drenaj sistemlərinə dair məlumat”, “Fermerlər üçün meliorasiya və suvarmaya dair

məlumat” və s. bir sira kitablar hazırlanaraq nəşr edilmişdir.

Ağamir Həşimov “Azərbaycanda torpaqların meliorasiyası” (Bakı, 2000, 184 s.), “Şorlaşmış və şorakətləşmiş torpaqların ekomeliorativ qiymətləndirilməsi” (Bakı, 2005, 180 s.), “Meliorasiya və su təsərrüfatı sistemlərinin kadastrı” (Bakı, 2006, 272 s.), “Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin yaranma tarixi və XX-XXI əsrlərdə Azərbaycan meliorasiya elminin nailiyyətləri” (Bakı, 2014, 400 s.), “Muğan Meliorasiya-Təcrübə Stansiyasının yaranma tarixi və onun meliorasiya elminin inkişafında rolu” (Bakı, 2014, 156 s.), Azərbaycanda ilk dəfə olaraq hazırlanmış “Ensiklopediya. Meliorasiya və su təsərrüfatı” (Bakı, 2016, 632 s.) kimi monoqrafiyaların müəlliflərindən biri olmuşdur.

Alimin tədqiqatlarının xüsusi bir hissəsi su və torpaq ehtiyatlarından səmərəli istifadə edilməklə, ekoloji problemlərin həllinə yönəlmişdir. Onun bu istiqamətdə apardığı tədqiqatlarla şorlaşmış torpaqların yuyulması məqsədilə suvarma suyunun keyfiyyəti nəzərə alınmaqla yuma normasının hesablanması üçün metodika vermiş və respublikada şorlaşmış torpaqların qiymətləndirilməsində torpaqda olan gipsin miqdarı nəzərə alınaraq, respublikanın şorluq xəritəsində aparılmış dəqiqləşdirmələrə əsasən yeni işlənilmiş xəritələr Azərbaycan Respublikasının Ekoloji Atlasına daxil edilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə hazırlanmış Azərbaycan Respublikasının Milli Atlasına onun iştirakı ilə tərtib edilmiş “Torpaqların şorluluğu” xəritəsi daxil olunmuşdur.

Professor A.C.Həşimovun tədqiqatlarının nəticələri respublikamızın və xarici ölkələrin, o cümlədən Rusiya, Ukrayna, Polşa, Özbəkistan və s. ölkələrin nüfuzlu elmi jurnallarında, beynəlxalq konfransların materiallarında nəşr edilmişdir.

O, 2005-ci ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmiş, 2006-cı ildə isə ekologiya və təbiətdən istifadə sahəsi üzrə beynəlxalq mükafatın laureatı,

Professor A.Həşimovun Azərbaycanda torpaqların meliorasiyası, su və torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, mütərəqqi texnika və texnologiyaların aqrar bölmədə tətbiqi istiqamətində apardığı tədqiqatların əsasında 150-dən çox elmi məqalə, o cümlədən 14 kitab, 5 bülleten, 8 buklet, 3 tövsiyə, 4 təlimat, 8 monoqrafiya və 3 dərslik işlənib hazırlanmışdır. O, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilmiş “Mühəndis geologiyasının əsasları” (2012-ci il), “İnsan ekologiyası” və “Sosial ekologiya” (2015-ci il) kitablarının həmmüəlliflərindən biri olmuşdur.

Professor A.Həşimovun elmi yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2007-ci ildə “Tərəqqi” medalı, 2015-ci ildə isə Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” Fəxri adı ilə təltif edilmişdir.

Onun rəhbərliyi altında aqrar elmlər üzrə 2 elmlər doktoru, aqrar elmlər üzrə, fəlsəfə doktoru, texnika elmləri üzrə 1 fəlsəfə doktoru hazırlanmış, 4 aqrar elmlər üzrə fəlsəfə doktorunun və 1 elmlər doktorunun elmi rəhbəri olmuşdur.

Professor A.Həşimov meliorasiya və su təsərrüfatı sahəsində nəşr olunan bir sıra jurnalların redaksiya heyətinin üzvü, eyni zamanda, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin “Elmi əsərlər toplusu”nun baş redaktoru olmuşdur. O, 2008-2009-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D 02.042 dissertasiya Şurasının, 1994-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elmi-Texniki Şurasının, 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmi sahələri üzrə ekspert komissiyasının üzvü, 2011-ci ildən Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin sədr müavini seçilmiş, 2013-cü ildən isə AMEA-nın Xəbərlər jurnalının “Aqrar elmləri seriyası”nın və “Aqrar və ekologiya elmləri” jurnallarının baş redaktor müavini olmuşdur.

Ömrünün çox hissəsini Azərbaycan Hidrotexnika və meliorasiya elminin inkişafına həsr edən professor Ağamir Həşimov təkcə alim kimi deyil, həm də qayğıya ehtiyacı olan hər bir insana yüksək həssaslıqla yanaşan, qayğıkeş, alicənab, gözəl insan, vətənpərvər ziyalı, nümunəvi ailə başçısı idi. Bu gün aramızda olmasa da, professor A.C.Həşimovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Əhliman VERDİYEV,

AzH və M EİB-nin baş direktor müavini, dosent,

Texnika elmləri üzrə fəlsəfə doktoru.