Elmi kadr potensialının artırılmasında 117 ali təhsil müəssisəsi fəaliyyət göstərir
Elm və təhsil

Elmi kadr potensialının artırılmasında 117 ali təhsil müəssisəsi fəaliyyət göstərir

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialının inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmişdir. Onlarda 54,4 faizi qadın olmaqla, 3321 nəfər təhsil almışdır ki, bu da ötən ilin göstəricisindən 4,2 faiz çoxdur. Təhsilalanların 77,1 faizi fəlsəfə, 22,9 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.

Doktorantlardan 170 nəfər filologiya, 103 nəfər aqrar, 75 nəfər iqtisad, 59 nəfər texnika, 50 nəfər tarix, 38 nəfər biologiya, 37 nəfər kimya, 34 nəfər tibb, 32 nəfər sənətşünaslıq, 29 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 24 nəfər hüquq, 23 nəfər siyasi elmlər, 20 nəfər fizika, 42 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2020-ci illə müqayisədə 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış    38,8 faiz artaraq 494 nəfər, elmlər doktoru proqramı üzrə isə ötən ilin səviyyəsində qalaraq 84 nəfər təşkil etmişdir.

Bununla yanaşı, 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə 402 dissertant təhkim olunmuşdur ki, onların da 65,7 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 135 nəfəri qadın olmaqla, 263 nəfərə bərabərdir.

"Respublika".