ELMI-TEXNIKI YENIİLİKLƏR
Maraqlı

ELMI-TEXNIKI YENIİLİKLƏR

Planetimizin nüvəsi tərsinə fırlanacaq?

Çinli alimlər tərəfindən aparılan müşahidələrə görə, Yer kürəsinin nüvəsi fırlanma prosesini dayandırıb. Elm adamlarının fikrincə, növbəti mərhələdə planetimizin nüvəsi əks istiqamətdə fırlana bilər. Əgər bu məlumat öz təsdiqini taparsa, deməli planetlə bağlı indiyədək öyrənilməyən mürəkkəb prosesləri (ani iqlim dəyişikliyi, okean səviyyəsinin artıb-azalması və s.) sadə üsul ilə izah etmək mümkün olacaq.

Yer kürəsi nüvəsinin dəyişən fırlanma sürəti barəsində ilk inandırıcı məlumatlar hələ keçən əsrin 90-cı illərində əldə edilib. Alimlərin heç də hamısı həmin məlumatlara inanmırlar. Lakin onların tərəfdarları da var. Elm adamlarının bəzilərinin fikrincə, əsasən dəmir və nikel ərintisindən təşkil edilmiş daxili nüvə maqnit və qravitasiya güclərinin kompleksli təsirləri nəticəsində fırlanır. Bunun əsas səbəbi isə daxili nüvə ilə mantiya layının müxtəlif cinsli olmalarıdır. Başqa sözlə desək, həm maqnit sahəsi, həm də qravitasiya tərəfindən təyin edilən güc nöqtələri var və əgər bu iki güc bir-birini tənzimləmirsə, Yer kürəsinin nüvəsi ya sürətlənəcək, ya da sürətini azaldacaq. Bu məlumatların doğru olub-olmaması üçün alimlər keçən əsrin 60-cı illərindən indiyədək olmuş seysmik məlumatları araşdırıblar. Nəticədə onlar, Yer kürəsinin daxili nüvəsinin dəyişən fırlanma nəzəriyyəsində haqlı olduqlarını düşünürlər.

Yeni məlumatlara əsasən, planetin daxili nüvəsinin fırlanma periodu 60-70 il təşkil edir. Yer kürəsinin daxili nüvəsinin fırlanma sürəti hazırda keçən əsrin 70-ci illərində olmuş fırlanma sürətinə bərabərdir. Alimlər hətta ehtimal edirlər ki, hazırda daxili nüvə fırlanma prosesini demək olar dayandırıb və o, əks istiqamətdə fırlanmağa başlaya bilər. Əgər bu məlumatlar təsdiqlənsə, onların vasitəsilə Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin azalmasını və hətta, qlobal iqlim dəyişikliklərini izah etmək mümkün ola bilər.

 

"Terminator"un robotu artıq real həyatda...

Arnold Şvartsenggerin baş rolda çəkildiyi, Hollivudun məşhur "Terminator" çoxseriyalı filmindəki forma dəyişdirə bilən sui-qəsdçi robot T-1000 nəhayət, real həyatda da gerçəkləşdi. Belə ki, sözügedən filmdən ilhamlanan elm adamları sərt mühitlərdə hərəkət edərək maye və metalların arasından keçid edə bilən robotlar ixtira ediblər.

"Matter" jurnalında dərc edilən məqalədə bildirilir ki, təcrübələr zamanı həbsxanaya salınan robotlardan biri "Terminator 2" filmindəki məşhur səhnədəki kimi özünü maye halına salaraq kameradan qaçmağı bacarıb. Daha sonra isə dərhal əvvəlki formasına qayıdıb. Maqnitlə idarə olunan robotlar xəndəklərin üstündən tullana, divara dırmaşaraq ikiyə bölünə və yenidən birləşə bilirlər.

İnsanabənzər miniatür robotlar həm yumşaq, həm də sərt ola bildiyi üçün forma dəyişdirərək qarşılarına çıxan bütün maneələri dəfetmə potensialına malikdir. Robotlar süni mədədən yad cismin çıxarılması və daha sonra mədəyə dərman yerləşdirilməsi təcrübəsini də uğurla başa vurublar. Bundan əlavə, onlar həm lehim, həm də keçirici rolunu oynayan elektrik dövrələrinə nüfuz edə bildiyi üçün elektron montaj işlərində də uğurlu nəticələr nümayiş etdirib.

Tədqiqatçılar belə robotlardan insanların və digər robotların bacara bilmədiyi bir çox işlərin asanlıqla öhdəsindən gəldiyi üçün tibdən tikinti sənayesinə qədər bəzi sektorlarda istifadə edilə biləcəyini bildiriblər.

 

Dünyanın ilk 3D çaplı məscidi tikiləcək

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən biri olan Dubayda dünyanın ilk 3D çaplı məscidinin inşası planlaşdırılır. İslam İşləri və Xeyriyyə Fəaliyyətləri Departamentinin (IACAD) məlumatına görə, tikintisi 2000 kvadratmetr sahədə planlaşdırılan məscid 600 nəfər ziyarətçi tutumuna malik olacaq.

Şəhərin ən qədim məhəllələrindən birində tikiləcək məsciddə yaşayış xidmətləri də göstəriləcək. "The National News"un məlumatına görə, "JT + Partners" memarlıq firması tərəfindən layihələndirilən binanın "çap edilməsi" təxmini dörd ay, müvafiq avadanlıqlarla tam təchiz edilməsi isə bir il çəkəcək. Məlumatda, həmçinin binanın tikintisi üçün cəmi üç işçi tələb olunacağı və tikilinin xarici görünüşündə beton qarışığından istifadə ediləcəyi bildirilib.

3D çap texnologiyası ekoloji cəhətdən faydalı olsa da, IACAD-ın Mühəndislik Departamentinin direktoru Əl Şaibani bu yöntəmlə məscid tikintisinin dünyada ilk olduğu üçün dəyərinin ənənəvi qaydada tikilən binalardan 30 faiz baha olacağını qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi, Dubayın hökmdarı Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum gələcəkdə binaların ən azı 25 faizinin sözügedən texnologiyadan istifadə edilərək inşası üçün fərman imzalayıb. Bu qərardan sonra dünya üzrə ən son texnologiyalarla müasir binalar inşa edən tikinti şirkətlərinin yeniliklərini Dubayda sınaqdan keçirmək üçün yarışa girdikləri bildirilib.

 

Günəş partlaması simulyasiya edildi

Çinli alimlər laboratoriya şəraitində lazer şüaları ilə Günəş partlamasının xüsusiyyətlərini əks etdirən təcrübə aparıblar. Alimlər Şanxayın yüksəkgərginlikli lazer tədqiqatlarının aparıldığı Şinguanq-2 Milli Laboratoriyasında Günəş partlaması zamanı plazmaların strukturunu meydana gətirən "şiddətli maqnit birləşmələri"ni süni şəkildə yaradıblar. Yüksəkgərginlikli lazer sistemindən istifadə edən elm adamları Günəş partlamasının əmələgəlmə prosesini genişləndirilmiş şəkildə simulyasiya (reallığın təqlid edilərək modelləşdirilməsi) ediblər.

Metodun astronomik müşahidələr əsasında yaradılmış nəzəri modellərin sınaqdan keçirilməsinə imkan yaradacağını qeyd edən tədqiqatçılar bu təcrübənin, həmçinin Günəş partlaması və ya digər enerji tutumlu astrofiziki hadisələrin öyrənilməsinə, yeni fiziki proseslərin kəşf edilməsinə töhfə verəcəyini bildiriblər.

Araşdırmanın nəticələri "Nature Physics" beynəlxalq elmi jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".