Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Çinin qabaqcıl “süni günəş” reaktoru dünya rekordunu qırıb

Günəş hidrogen nüvələrinin heliuma birləşməsi ilə 16 milyon dərəcə selsidə yanır, lakin çinli alimlərin yaratdıqları “süni günəş” reaktoru 120 milyon santiqrat istilik təmin etmək imkanına malikdir. Eksperimental Advanced Superconducting Tokamak (EAST) adlı sintez reaktoru Günəşin əsas temperaturundan 8 dəfə çox istilik verir.

Reaktor 101 saniyəyə 120 milyon selsi plazma istiliyinə çataraq rekordu qırıb. Çin Elmlər Akademiyasının Hefei Fizika İnstitutunda yerləşən reaktor demək olar ki, sonsuz enerji təmin etmək üçün günəşdə və ulduzlarda təbii olaraq baş verən nüvə birləşməsi prosesini təqlid etmək üçün hazırlanmışdır. Reaktor bu qədər yüksək temperatura çatmaq üçün hidrogen izotopları, ionlar və elektronların ayrıldığı plazma vəziyyətini yaratmaqdan ötrü bir qaynama cihazının içərisinə yerləşdirilmişdir. Proses zamanı ionlar qızdırılır və yüksək temperaturda saxlanılır. Reaktor enerji mənbəyini kömür və neft kimi yanacaq növlərindən deyil, təbiətdə ən çox tapılan denteriumdan alır. Başqa sözlə desək, cihaz dəniz suyu ilə çalışır. Araşdırmalara görə, bir litr dəniz suyundakı sintez reaksiyası sayəsində denterium 300 litr benzinə bərabər enerji istehsal edə bilir.

Reaktor artıq böyük bir rekorda imza atsa da, elm adamları bu cihazın formalaşması üçün ən az 10 il zaman sərf edəcəklərini söyləyiblər. Bu layihə üçün 300 elm adamı və mühəndis komandası səfərbər olunub. Alimlər təcrübə reaktorunu bir il müddətində yüksək temperatura çatdırmaq niyyətindədirlər.

Məqalə “Global Times” qəzetində dərc edilib.

 

İnsanabənzər robot əsrarəngiz avtoportretlər yaradır

Süni intellekt (Aİ) vasitəsilə son dərəcə təəccüblü və dəqiq təsvir olunan şəkillər insanın cəmiyyətdəki rolunu şübhə altına alır və bu sənət əsərləri insan beyninin məhsuludur fikrinə meydan oxuyur.

Oksford, Lids universitetlərinin proqramçı robot, sənət mütəxəssisləri və psixoloqlardan ibarət qrupu “Aİ-DA” adlı insan zəkasını təqlid edən ilk Android robot sənətçi yaradıblar. Robot qabaqcıl kompüter proqramçılarından sayılan riyaziyyatçı Ada Lovelasın adını daşıyır.

Aİ-DA insanların zəkasını təqlid edən kompüter alqoritmləri ilə rəsm, heykəltəraşlıq, jest, danışmaq bacarığına malik robot sənətçidir. Robotun avtoportretləri daima yenilənən Aİ daxili proqramlaşdırma və robot texnikasının birləşməsidir. Gözləri kameralardan ibarətdir və real portretlər yarada bilən qolları Aİ tərəfindən idarə olunur. Başı və gövdəsi qadın mankeninə bənzəyən android sənətçi mexaniki robot qolları, xüsusi geyimi, parikləri ilə insanları cəlb edir.

“Aİ-DA alimlər tərəfindən yaradıldığı və proqramlaşdırıldığı halda, mövcud insan anlayışına dair inamı həqiqətən şübhə altına alır və bu texnologiya bizi gələcəyimiz üçün daha çox düşünməyə təşviq edir”-deyə, həmmüəlliflərdən Aidan Meller qeyd edib.

Robot-rəssam “Aİ-DA”nın Londonda Dizayn Muzeyində sərgisi gözlənilir.

Tədqiqatla bağlı ətraflı araşdırma “Live Science” veb saytına istinad edilib. 

 

Anesteziyaya bir addım daha yaxın “ağıllı şpris”

Anesteziya dəqiq bir elm olsa da, hələ tam olaraq öyrənilməyib. Anestezioloqlar müəyyən bir xəstəyə düzgün dozanı hesablamaq üçün müxtəlif üsullardan istifadə edirlər: məsələn, klinik tədqiqatlar, laboratoriya ölçmələri və. s. Bununla yanaşı, hər bir insanın anesteziyaya fərqli şəkildə, fərdi olaraq reaksiya verməsi əməliyyat zamanı doza artımına səbəb olur.

Bu problemi həll etmək üçün Lozanna Universiteti Xəstəxanası və Turizm Politexnik İnstitutunun tədqiqatçıları xəstələrdə propofol konsentrasiyasını ölçə bilən bir cihaz ərsəyə gətiriblər.

Propofol anesteziyada istifadə olunan, qısamüddətli təsirə malik, venadaxili, yuxugətirici suspenziv anestetik preparatdır.

Tədqiqatçıların cihazı nəhəng bir şprisə bənzəyir. Onun iynəsində xəstənin qanındakı propofol konsentrasiyasını ölçən sensor elektrodları yerləşdirilib. Sensorlar ölçmələri süni intellektdən istifadə edərək həyata keçirir.

“İnkişaf etdirdiyimiz “ağıllı şpris” propofol konsentrasiyalarını izləyə bilən, istifadəsi asan olan bir sistemdir. Bu, cərrahiyyədə böyük irəliləyişdir və cihazın dəqiqliyi laboratoriyada qan nümunələrində in vitra testlər yolu ilə təsdiqlənib. Növbəti addım isə vivo testlərinin aparılması olacaq”-deyə, EPFL Mühəndislik fakültəsinin professoru Sondro Carrara bildirib.

Məqalə “İEEE Transaction on Biomedical Circuits and Systems” jurnalında nəşr edilib.

 

Robot köpək inşaatda gedişatı izləyir

Virginia Tech tədqiqatçıları inşaat mühitində məlumatların sistematik toplanmasına rəhbərlik edən robot köpək hazırlayıblar.

İnşaat sahələrində robot texnologiyalarının tətbiqi bir çox maraqlı imkanlar təklif edə bilər. Bu yollarla tikinti sektorunda gedişatı uzaqdan izləmək bacarığı ən yaxşı nümunədir. Digər imkanlar isə məlumatların düzgünlüyünü artırmaq, təhlükəli iş sahələrinə daxil olmaq və insan kapitalı potensialını başqa istiqamətlərə yönəltməkdən ibarətdir.

Mütəxəssislər robot köpəyin üzərinə quraşdırılmış “Holo Buildur” inşaat izləmə kameralarından istifadə edərək uzaq məsafədən yüzlərlə fotoşəkillər çəkə bilirlər. Məlumat toplama prosesini avtomatlaşdırmaq üçün 2 D mərtəbə planları tətbiqə yüklənir və operator informasiyaların toplanacağı yerləri qeyd edir. Tətbiq içərisində toplanan məlumatlar dəqiqlik üçün analiz edilir və layihə tərəfdaşlarına çatdırılır. Operator gələcəkdə istifadə üçün robotun naviqasiya istiqamətlərini də qeyd etməyi planlaşdırır.

“Robotların gələcək tətbiq etmələrinə, texniki xidmət səylərini dəstəkləmək üçün coğrafi məkan təyinatlı kommunal xidmətlər, qaz sızmalarını etibarlı şəkildə müəyyənləşdirmək kimi bir sıra funksiyalar da qoşula bilər”, -deyə avtomatika və robot texnikası üzrə mütəxəssis Halder bildirib.

Tədqiqat layihəsinin 2021-ci ilin payızında başa çatacağı gözlənilir.

Məqalə “Mirror” jurnalında dərc edilmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.