Elmin bünövrəsi orta məktəbdə qoyulur
Region

Elmin bünövrəsi orta məktəbdə qoyulur

Elmin açarı sinif otaqlarından başlayır. Orta təhsil elm aləmində cəmiyyətin həyatında əsas yerlərdən birini tutur.  Azərbaycanda ənənəvi bilik günü Vətən müharibəsində qazanılan Zəfər günlərinə təsadüf edir. Qələbə həyatın bütün sahələrinə qürur doğuran stimul verib, ölkəmiz tarixi qələbənin sevincini yaşayır.  İşğaldan azad edilən Ağdam rayonunda Qalib Ali Baş Komandanın iştirak etdiyi və “ağıllı şəhər”in bünövrəsini qoyduğu tarixi anlar orta məktəblərdə tədris edilən tarix dərsliyinin əsasını təşkil etməlidir.

Uzun illər keçmiş təmas xəttində yerləşən Zəngişalı kəndinin sakinləri Ermənistanın törətdiyi hərbi cinayətlərin qurbanına və şahidinə çevriliblər. Mərmi atəşi altında sinif otaqlarında dərs deyən müəllimlər də, şagirdlər də əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Məktəbin binası dağıntılara məruz qalsa da,  tədris davam etdirilib.

Ağdam rayonunda əsaslı təmir olunan Zəngişalı kənd tam orta məktəbinin binası artıq yeni dərs ili ərəfəsində istifadəyə verilib. Məktəb binasının açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov,  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov,  rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, əsaslı təmir işləri aparılan məktəb 640 şagird yerlikdir.  Təhsil müəssisəsi sinif otaqları,  fənn kabinələri,  laboratoriyalar,  idman və akt zalları,  kitabxana,  bufet və sair otaqlardan ibarətdir. Məktəbin həyətində nasosxana,  qazanxana və transformator yarımstansiyası, içməli və yanğın əleyhinə su anbarları tikilib,  hasarlar yenidən qurulub.  Həyətdə,  həmçinin idman meydançası inşa edilib,  abadlıq işləri aparılıb.  Məktəb binasında istilik,  müşahidə,  siqnalizasiya sistemləri qurulub.  Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub. Məktəbin qarşısında şəhid Samir Abdinovun büstü qoyulub.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 314 şagird oxuyacaq,  məktəbəhazırlıq qrupunda isə 15 uşaq təhsil prosesinə cəlb olunacaq.  Məktəbdə 41 nəfər pedaqoji işçi çalışır.

Qonaqlar məktəbin qarşısında şəhid Samir Abdinovun büstü önünə əklil qoyub,  sonra təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olublar. Qədim tarixi olan Zəngişalı kəndi təhsil ənənələrinə görə respublikada layiqli yerlərdən birini tutur. İlk zəngin sədaları altında yeni və müasir sinif otaqlarına qədəm qoyan şagirdlər Vətən müharibəsi və Qarabağ Zəfəri haqqında daha dolğun, daha mükəmməl biliklərə yiyələnəcəklər. Yeni tədris iliniz mübarək!

Salman ALIOĞLU,

“Respublika”.