Elnur Məmmədov:  Ermənistan kütləvi məzarlıqlarınyeri barədə məlumatları Azərbaycana verməkdən boyun qaçırır
MÜSAHİBƏLƏR

Elnur Məmmədov:  Ermənistan kütləvi məzarlıqlarınyeri barədə məlumatları Azərbaycana verməkdən boyun qaçırır

Ermənistan işğal altında olmuş ərazilərdə kütləvi məzarlıqların yerini bildirən məlumatları Azərbaycana verməkdən boyun qaçırır. Erməni millətçilərinin Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti sovet hakimiyyəti dövründə də davam etdirilib. Sovet İttifaqı dağıldıqdan sonra da Azərbaycan torpaqlarının işğal edilməsi həmin ərazilərdə yerli əhalinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə "Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Elnur Məmmədov "Erməni millətçiliyi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti" adlı məruzəsində qeyd edib ki, erməni millətçiləri tərəfindən fərqli bölgələrdə insanlıq əleyhinə cinayətlər törədilib. Onların sırasında Xocalı, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli faciələrini xüsusi ilə qeyd etmək olar.

"Bu hadisələrin hər biri dinc əhalinin öldürülməsinə, terrora hesablanıb, qırğınların ardıcıl və sistematik həyata keçirilməsi isə onların Ermənistan tərəfindən dövlət səviyyəsində planlaşdırıldığını göstərir. Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsindən bu günədək 4000-dək soydaşımız barədə hələ də məlumat yoxdur. Torpaqların işğaldan azad olunmasından sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülərək, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir", - deyə nazir müavini söyləyib.

Elnur Məmmədov vurğulayıb ki, artıq Xocalının Fərrux yüksəkliyində də insan sümükləri aşkarlanıb və həmin qalıqların da tədqiqatı həyata keçiriləcək.

AZƏRTAC