ELŞAD YƏHYAYEV
Sosial həyat

ELŞAD YƏHYAYEV

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!". Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarımızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər.

İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur.

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Yəhyayev Elşad Məmmədhənifə oğludur. 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedən Elşadın ailəsi 1977-ci ildə Bakıya köçür. 1983-cü ildən o, təhsilini Xətai rayonundakı 56 saylı orta məktəbdə davam etdirir. 1984-86-cı illərdə hərbi xidmətdə olan Elşad 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə qayıdır. Bu zaman Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq Daxili İşlər Nazirliyinə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər.

1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Elşadı gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin son aylarında o, Qarabağ uğrunda ölüm-dirim mübarizəsinə qatılır.

Ölkəmizin hər bir ərazisi Elşad üçün doğma, əziz idi. O, bəlkə də üzünü görmədiyi, təbiəti ilə tanış olmadığı Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri daha çox sevirdi. Silahdaşlarını dözümlü, cəsarətli olmağa ürəkləndirərdi. Onun qanında, varlığında düşmənə nifrət, kin vardı.

Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv etmişdi. Naxçıvanlı kəndində qaynar döyüşlərdə ermənilər ağır itki verərək geri çəkilirlər… Elşad bu döyüşdə xeyli düşməni məhv etdi. Lakin qəfil snayper gülləsi onun gənc ömrünü yarımçıq qoydu. 20 iyun 1992-ci ildə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Bakı şəhərindəki 56 saylı orta məktəbdə isə onun büstü qoyulub.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan əsgəri torpaqlarımızı mənfur düşmənin işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu.

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız sonda böyük Qələbəyə apardı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, "Qarabağ Azərbaycandır!".

M.CƏFƏROV,

"Respublika".