Elxan Zülfüqarov
Sosial həyat

Elxan Zülfüqarov

Adı, qəhrəmanlığı bir elin, bir xalqın tarixinə əbədilik həkk olunmuş Elxan Qaçay oğlu Zülfüqarov qəlbində Vətən, xalq sevgisi, yurda məhəbbət kimi ülvi hisslər yaşadırdı.

Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində dünyaya göz açmışdır. 

O, 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, sonra 1 saylı Yevlax şəhər orta məktəbində təhsilini başa vurmuşdur.

Məktəbi bitirdikdən sonra Mingəçevir Politexnik Texnikumuna qəbul olunmuşdur. Əsgəri xidmət zamanı hərbi hissənin komandanlığından valideynlərinə dəfələrlə razılıq məktubu gəlmişdi.

Hərbi xidmətini bitirdikdən sonra Elxan texnikumda yarımçıq qalmış təhsilini başa çatdırdı.

Şirin arzular onu Rusiya Federasiyasının Novosibirsk şəhərinə apardı. O, burada milis şöbəsində işə düzəlir. Həmişə öz sayıqlığı ilə fərqlənir, ictimai asayişin qorunub saxlanılmasında fədakarlıq göstərir. Yaxşı işinə görə "Milis əlaçısı" döş nişanına layiq görülür, milis baş leytenantı rütbəsinə yüksəlir.

Elxan qürbət eldə mənfur erməni daşnaklarının Azərbaycan ərazilərinə hücum xəbərini eşidər-eşitməz Azərbaycana dönür.

Dörd övlad atası, baş leytenant, Füzuli torpağının qeyrətli oğlu Elxan Zülfüqarov 1992-ci ildə Milli Ordu sıralarına daxil olur. O, bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində rəşadətli döyüş yolu keçir. 40-dan çox əməliyyatda iştirak edərək özünü bacarıqlı hərbçi kimi göstərir. Qısa vaxtda ona kapitan rütbəsi verilir.  

Elxan Zülfüqarov “N” saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilir. Erməni, rus dillərini mükəmməl bildiyinə görə dəfələrlə kəşfiyyata göndərilir. Düşmənin strateji obyektlərinin məhv edilməsində yaxından iştirak edir. 

Milis kapitanı, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Elxan Zülfüqarov 1994-cü ildə yenidən kəşfiyyata yollanır. Onun əldə etdiyi mühüm məlumatlardan sonra rayonun 19 kəndi erməni yaraqlılarından təmizlənir, xeyli hərbi sursat və silah qənimət götürülür. Elə həmin gecə 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Elxan Zülfüqarov qəhrəmancasına həlak olur. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı olur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qədir ASLAN,

"Respublika".