Əməkdaşlıq protokolu imzalanıb
Elm və təhsil

Əməkdaşlıq protokolu imzalanıb

Bakı Mühəndislik Universiteti ilə Türkiyənin  kompleks proqram təminatı istehsalçısı olan "Netcad" şirkəti arasındakı əməkdaşlıq çərçivəsində "Netcad Akademiya" proqram protokolu" imzalanıb. Sənədi universitetin rektoru, professor Havar Məmmədov, "Netcad" tərəfdən isə şirkətin Strategiya və biznes tərəfdaşlıqları üzrə baş meneceri Banu İlter imzalayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, əməkdaşlıq protokolu BMU nəzdində "Netcad Akademiya"nın formalaşdırılması, coğrafi informasiya sistemləri, mühəndislik, inşaat  və s. sahələr üzrə yüksəkixtisaslı kadr hazırlığının aparılması, eyni zamanda, sektorların ixtisaslı işçi qüvvəsinə ehtiyaclarının ödənilməsi üçün resursların yaradılmasını nəzərdə tutur.

BMU-da şirkətin əməkdaşları ilə keçirilən görüşdə rektor Havar Məmmədov universitetdə tədrisin müasir standartlar əsasında təşkili,  təhsilin keyfiyyətinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi, eləcə də digər məsələlər ilə bağlı aparılan davamlı fəaliyyətdən ətraflı söz açıb.

"Netcad"ın baş meneceri Banu İlter isə şirkətin ali təhsil müəssisələri ilə qurduğu əlaqələr, onlarla müştərək həyata keçirilən layihə və proqramlar haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məqamlar, o cümlədən birgə layihələrin icrası, tələbələrin "Netcad" proqramı ilə tanışlığı, lisenziyalı proqram təminatı və digər istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparılıb. 

M.MİRZƏ,

"Respublika".