Emin Əmrullayev Gəncədə təhsil müəssisələrinin açılışında iştirak edib
Elm və təhsil

Emin Əmrullayev Gəncədə təhsil müəssisələrinin açılışında iştirak edib

Təhsil naziri Emin Əmrullayev orta məktəblərdə yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 22-də Gəncə şəhərində İnternat tipli Xarici Dillər Təmayüllü Gimnaziyanın və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək STEAM Mərkəzinin açılışında iştirak edib.

Əvvəlcə nazir ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev, şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və digər şəxslərlə birgə Xarici Dillər Təmayüllü Gimnaziyada yaradılan şəraitlə tanış olub.

Qeyd edilib ki, gimnaziyada 2021-2022-ci tədris ilində 623 şagird təhsil alacaq.

Yeni istifadəyə verilən 674 şagird yerlik gimnaziya 30 sinif otağı, 140 nəfərlik yeməkxana, 288 nəfərlik akt zalı, kitabxana, 2 texnologiya, 2 informatika, 3 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabineti və idman zalından ibarətdir. Gimnaziyada təhsil alıb yaşayacaq şagirdlər üçün ikimərtəbəli yataqxana da inşa edilib. Yataqxanada 19 yataq otağı, 1 şahmat, 4 oyun, 2 məşğələ otağı var.

Sonra təhsil naziri Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib.

Açılış mərasimindən sonra nazir mərkəzdə yaradılan şəraitlə tanış olub. Emin Əmrullayev ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib, yeni təhsil müəssisələrinin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.

Qeyd edilib ki, Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. Burada yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500 şagirdin mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.

2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap  istiqamətində bilik və bacarıqlar əldə edirlər.

Emin Əmrullayev jurnalistlərə müsahibəsində məktəblərin əyani qaydada tədrisə başlaması münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edib. Bildirib ki, bu il şagirdlərimiz uzun illərdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkənin vətəndaşları kimi tədrisə başlayır və hər kəs bunun sevincini yaşayır. “İlin sonuna kimi 88 təhsil müəssisəsinin bərpası və yenidən qurulması nəzərdə tutulub. Həmçinin, Quba, Şirvan, Gəncədə STEAM mərkəzlərini istifadəyə vermişik. Bu günlərdə Bərdə, Sabirabad, İsmayıllı, Ağdaş rayonlarında da yeni mərkəzlər istifadəyə veriləcək. Ümumiyyətlə yaxın gələcəkdə 15 belə mərkəzin istifadəyə verilməsi planlaşdırılır,” - deyə E.Əmrullayev vurğulayıb.

AZƏRTAC