Ən ali məqam
Sosial həyat

Ən ali məqam

Elqaş  Barat oğlu Əliyevin Vətən sevgisi sanki Uca Tanrıdan gəlirdi. Lap uşaq yaşlardan  bağlanmışdı onun daşına, torpağına.  Elə İkinci Qarabağ müharibəsində Vətənin yaşaması naminə  şirin canından keçdi. Bu Vətən sevdalısı müharibə başlanan gündən  doğma Azərbaycan torpaqlarının işğalçı  ermənilərdən azad olunması  uğrunda gedən qızğın  döyüşlərdə əzmkarlıq, fədakarlıq nümayiş etdirmişdir. Yurduna, xalqına bağlı ömür yaşamaqla 21 yaşında şəhidlik zirvəsi ilə əbədi bir həyat qazandı. Elqaş  dünyaya  göz açdığı Lerik rayonunun Brkandul kəndində  indi   kiçikdən tutmuş böyüyə qədər hamının gözündə qəhrəmanlıq simvoluna çevrilibdir.

Elqaş  Əliyev müstəqil həyata qədəm qoyan gündən  mənəvi zənginlik, vətənpərvərlik, insana sevgi ona yol yoldaşı olur. Nəcib istəyini, saf niyyətini xalqın, dövlətin mənafeyinə yönəltməklə gələcəyini quran yeniyetməyə hər şey xoş olsa da, Qarabağın düşmən tapdağında qalması onu narahat  edir. Elqaş 2017-ci ildə Milli  Ordu sıralarında cəbhə bölgəsində xidmətdə olur. Övladlıq  borcunu şərəflə yerinə yetirir, əsgər  yoldaşları arasında  son dərəcə mərd, cəsur, vətənpərvər bir gənc kimi tanınır. Ən əsası qəlbi Vətənlə  döyünür, işğal altında olan Qarabağın  taleyini düşünür, nəyin bahasına olursa-olsun onu  tezliklə  mənfur düşmənin tapdağından  azad görmək istəyir. Məhz elə buna görə də  2019-cu ildə əsgəri xidməti başa çatsa da,   Vətən, torpaq sevgisi Elqaşı yenidən orduya bağlayır. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir hazırlıq kursunu  bitirib döyüş meydanında  düşmənin başını əzməyə məqam gözləyir.

Vətənin etibarlı, sədaqətli oğlu  Elqaş  İkinci Qarabağ müharibəsi başlananda Azərbaycanın əzəli torpaqlarının azad olması uğrunda ölüm-dirim savaşına qatılır. Ağdam, Cəbrayıl, Laçın döyüşlərində qəhrəmanlıqla döyüşür, saysız erməni dığalarını məhv edib zəfərimizdə  silinməz izlər qoyur.  Düşmənin külünü göyə sovurmaqla dəfələrlə mühasirəyə düşən əsgər yoldaşlarını xilas edir. 22 şəhidi döyüş meydanından çıxardır. 6 yaralını təyin olan məntəqəyə  çatdırır. Son dəfə isə səngərdə 14 əsgəri pulemyotlu düşmən tələsindən qurtarır.  Beləcə  Elqaş qanlı döyüşlərdə həmişə öndə gedir, ağır  müharibə meydanlarında   düşmənə əyilmir, 3 noyabrda Xocavənddə şəhidlik zirvəsinə ucalır.

Prezident İlham Əliyevin Sərəncamına əsasən döyüş əməliyyatlarında yüksək peşəkarlıq, igidlik, mərdlik göstərdiyinə görə  “ Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına  görə”  medalları ilə təltif edilənlər arasında  şəhid Elqaş da vardır.

Elqaş Əliyev Vətən torpağının azadlığı uğrunda  özünü fəda etdiyi üçün  yaşadığı ömür olduqca müqəddəs və şərəflidir. Leriklilərin  ürəyində yaşayır. Qərinələr keçəcək ,  gələcək nəsillər üçün də belə olacaqdır...

Zəfər ORUCOĞLU.