Ən böyük tarixi nailiyyətimiz
Siyasət

Ən böyük tarixi nailiyyətimiz

18 oktyabr Müstəqilliyin Bərpası Günüdür

Bu gün Azərbaycan güclü, qətiyyətli mövqeyə malik müstəqil dövlətdir. Keçdiyimiz bu yolda qarşımıza çıxan maneələr, müstəqillik arzusunu boğa bilmədi. Çünki Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda müstəqillik yolunda inamla addımlayan ölkə olduğunu dünyaya nümayiş etdirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 31 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himn və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May Gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramın təzahürüdür. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri - dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və "Əsrin müqaviləsi"nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq, həyata keçirilən xarici siyasətimiz məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Bununla da Azərbaycanda yeni inkişaf mərhələsinin əsası qoyuldu.

Bu gün ulu öndərin bizlərə əmanət qoyduğu güclü Azərbaycan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır. İlham Əliyev Azərbaycanın inkişafı haqqında qeyd etmişdir: "Bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir".

Azərbaycan bu gün sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Hər bir ölkənin əsas göstəricisi və gücü, ilk növbədə, onun iqtisadi gücü ilə ölçülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, ölkəmizi davamlı tərəqqiyə aparan müstəqil siyasət, iqtisadi güc nəticəsində bütün sahələrlə bərabər, ordu quruculuğunda da böyük uğurlar əldə olundu. İşğal altında olan ərazilərimiz cəmi 44 günə azad edildi .

1991-ci ildən 2021-ci ilədək 18 Oktyabr  Müstəqillik Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Azərbaycan xalqı ikinci ildir ki, Müstəqilliyin Bərpası Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda - Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.

Şahin QƏDİMLİ,

"Azərişıq" ASC-nin Xətai RETSİ-nin rəisi.