Ən şərəfli zirvə
Region

Ən şərəfli zirvə

İşğaldan azad olan Qarabağda şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan hər bir Azərbaycan əsgərinin izi, şəhid və yaralılarının canı, qanı var. Bu, yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdı. Qanları ilə tarix yazan qəhrəman Vətən övladları heç vaxt unudulmurlar. Ən şərəfli zirvə - şəhidlik məqamına yüksələnlər daim qəlblərdə yaşayırlar. Bəli, bu amal uğrunda ölümün gözünə dik baxaraq, canını Vətən uğrunda fəda edənlər ən ali ehtirama layiqdirlər. Ölkəmizdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar.                  

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallarla birgə, Goranlı kəndindən  Vətən müharibəsi  Şəhidimiz  Azərbaycan Ordusunun  XTQ-nin  giziri  İxtiyar İlqar oğlunun ildönümü mərasimində iştirak etdi,   Şəhidimizin məzarı ziyarət olundu, ruhuna dualar edildi, əziz xatirəsi ehtiramla anıldı. Gizir İxtiyar İlqar oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan  Şanlı Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda savaşıb və  oktyabrın 6-da  Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.                  

Uzun müddət nəşi tapıla bilməyən,   Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunan və itkin düşməsindən 1 il sonra, 13 oktyabr  2021-ci ildə   nəşi  tapılaraq şəxsiyyəti müəyyən edilən  İxtiyar İlqaroğlu  14 oktyabr 2021 -ci il tarixində  Goranboy rayonunun Goranlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti  İlham Əliyevin   Sərəncamına əsasən, İxtiyar Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,  "Vətən uğrunda"  və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Sonra Goranboy rayonu Goranlı kəndində  Vətən müharibəsi  Şəhidimiz gizir İxtiyar İlqar oğlunun ildönümü mərasimi keçirildi.

Zabit XƏLİLOV,

“Respublika”.