Ənənə davam etdirilir
İQTİSADİYYAT

Ənənə davam etdirilir

Son illərdə ölkədə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Yevlax zəngin ənənəsi olan pambıqçılıq rayonlarındandır.

Yevlaxda da ölkə iqtisadiyyatında mühüm yer tutan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan pambıqçılığın inkişaf etdirilməsinə önəm verilmişdir. Son illərdə ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda pambıqçılıq sahəsinə olan diqqət daha da artırılmışdır. Bu il rayonda 2327,6 hektar ərazidə pambıq əkilib. Fermerlər tərəfindən əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilərək mineral gübrələr verilib. Pambıq sahələri vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Bunun nəticəsində bu il tarlalarda bol məhsul yetişdirilib və artıq Yevlaxda pambıq yığımına start verilib.

Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığılmasına münbit şərait yaratmışdır. İlkin hesablamalara görə, bu il rayonda 8500 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 351 ton çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 36,5 sentner məhsul yığılması planlaşdırılır.

Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifahnın yaxşılaşdırılması üçün pambıq yığımına minlərlə rayon sakini cəlb edilib. Yığılan məhsul Yevlaxda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilir.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisində pambığın yetişdirilməsi və yığımı məsələləri daimi nəzarətdə saxlanılır. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev mütəmadi olaraq fermer təsərrüfatlarında, pambıq sahələrində olaraq buradakı vəziyyətlə yaxından tanış olur. İcra hakimiyyəti başçısı tərəfindən fermerlərin problemlərinin operativ şəkildə aradan qaldırılması və onlara digər köməkliklərin göstərilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilir.

Qeyd edək ki, keçən mövsüm ilində Yevlax rayonunda 247 fermer tərəfindən 2330 hektarda pambıq sahəsi becərilmiş, bundan 8148,8 ton pambıq istehsal olunmuş və məhsuldarlıq 34,9 sentner olmuşdur. Bu da 2019-cu illə müqayisədə istehsal 1801 tondan çox olmaqla hər hektardan 8,5 sentner artıq olmuşdur. 247 fermerin 73-ü yüksək nəticə göstərərək 40 sentnerdən yuxarı məhsul əldə etmişlər. Fermerlər tam əminliklə məhsuldarlığın bu il daha yüksək olmacağını bildirirlər.

Zabit XƏLİLOV,

“Respublika”.