Enerji sektorunda müasirləşmə və modernləşmədə qazanılan uğurlar
İQTİSADİYYAT

Enerji sektorunda müasirləşmə və modernləşmədə qazanılan uğurlar

Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail olub.

İqtisadiyyatın inkişafı və əhalinin artımı nəticəsində yaranan tələbatın ödənilməsi üçün yeni istehsal güclərinin yaradılması hesabına son on ildə elektrik enerjisinin istehsalında 27,6 % artıma nail olunub. Belə ki, 2020-ci ildə elektrik enerjisinin istehsalı 2010-cu illə müqayisədə 7134,6 mln. kVt/saat artaraq 25 811,2 mln. kVt/saat olub.

Elektrik enerjisinə ölkədaxili tələbatın təhlili göstərir ki, ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq son 10 ildə elektrik enerjisinin istehlakı 37,8% artıb. Belə ki, 2020-ci ildə elektrik enerjisinin istehlakı 2010-cu illə müqayisədə 8302,6 mln. kVt/saat artaraq 21 969,9 mln. kVt/saat olub.

Enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi aşağı düşüb. Belə ki, son on ildə elektrik enerjisinin istehsalı və paylanmasında itkilərin 22,4%-dən 9,4%-dək, 1 kVt/saat elektrik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi 318,7 qr/kVt/saat-dan 263,8 qr/kVt/saat-a (54,9 qr və ya 20,8% az) qədər azaldılmasına nail olunub.

2010-cu ildə 22 MVt gücündə Biləv SES, 2011-ci ildə gücü 6,2 MVt olan Qobustan HES, 2012-ci ildə 25 MVt gücündə Füzuli SES,1 MVt gücündə “Qusar-1” KSES və gücü 37 MVt olan Bərk Məişət Tullantılarının Yandırılması zavodu, 2013-cü ildə qoyuluş gücü 780 MVt olan “Cənub” ES, gücü 25 MVt olan Taxtakörpü SES və gücü 1,6 MVt olan “İsmayıllı-1” KSES, 2014-cü ildə gücü 25 MVt olan “Şəmkirçay”, ümumi gücü 21,9 MVt olan “Arpaçay-1” və “Arpaçay-2” su elektrik stansiyaları, gücü 1,6 MVt olan “Suraxanı” GES, 2015-ci ildə 3,1 MVt gücündə “Göyçay-1” SES, gücü 22 MVt olan Naxçıvan GES, 2016-cı ildə gücü 1,6 MVt olan “İsmayıllı-2”, 2017-ci ildə 1,5 MVt gücündə “Balakən-1” KSES, gücü 2,8 MVt olan “Samux” GES, gücü 1,1 MVt olan “Pirallahı” GES ,2018-ci ildə 16,5 MVt gücündə “Lerik” ES və 260 KVt gücündə “Astara-1” KSES, 2019-cu ildə gücü 0,3 MVt olan “Masallı” KSES, Naxçıvanda gücü 5 MVt olan “Kəngərli” GES, həmçinin Abşeron yarımadasında elektrik enerjisi təchizatının dayanıqlılığının və keyfiyyətinin əhəmiyyətli dərəcədə daha da yüksəldilməsində rolu olan Şüvəlan qəsəbəsində yerləşən və gücü 400 MVt olan “Şimal-2” Elektrik Stansiyası istismara verilmişdir.

İstismar müddəti başa çatmış “Şirvan” İstilik Elektrik Stansiyası istismardan çıxarılmışdır.

2017-ci ildə “Varvara” Su Elektrik Stansiyası, 2018-ci ildə “Mingəçevir” Su Elektrik Stansiyası, Xızı rayonunda gücü 50 MVt-lıq “Yeni Yaşma” külək parkı, cari ilin 26 may tarixində Naxçıvan Muxtar Respublikasında Şərur rayonunun Zeyvə kəndi ərazisində 5 MVt gücündə Yeni Günəş Elektrik Stansiyası istismara verilmişdir.

Enerjisistemdə həyata keçirilən bərpa proqramı nəticəsində istifadəyə yararsız hala düşmüş 1300 MVt güc bərpa edilərək sistemə qoşulmuşdur. Bununla yanaşı, ötürücü şəbəkənin yenidən qurulması və bərpası işləri həyata keçirilmişdir.

21 avqust 2020-ci il tarixində “Qobu” Elektrik Stansiyasının təməli qoyulmuşdur. “Qobu” Enerji Layihəsinin enerjisistemə inteqrasiyası üzrə yüksək gərginlikli xətlərin inşası davam edir. Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq məqsədilə gücü 385 MVt “Qobu” ES-in və 330/220/110 kV-luq “Qobu” yarımstansiyasının tikintisi ilə əlaqədar işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında 15.6 MVt gücündə “Tivi” SES-in tikintisi hazırda davam etdirilir. “Azərenerji” ASC tərəfindən Oğuz - 1, 2, 3 derivasiya tipli kiçik su elektrik stansiyalarının və “Astara” KSES-in tikintisi başa çatmış və enerjisistemə qoşulması təmin edilmişdir.

Elektrik enerjisinin ötürülməsində fasiləsizliyin və dayanıqlılığın təmin edilməsi enerjisistemin səmərəli fəaliyyəti üçün ən mühüm şərtdir. Enerjiötürücü infrastrukturun - yarımstansiyaların və yüksəkgərginlikli elektrik verilişi xətlərinin inşası, yenidən qurulması, modernləşdirilməsi və təkmilləşdirilməsi sahəsində son 10 ildə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Belə ki, 16 ədəd yarımstansiya tikilib istismara verilmiş, 13 ədəd yarımstansiya əsaslı surətdə yenidən qurulmuş, 12 yarımstansiyada yenidənqurma işləri davam etdirilir.

“Qarabağ Enerji Layihəsi”nə əsasən 2 ədəd 110 kV-luq yarımstansiya və əlaqələndirici elektrik verilişi xətlərinin tikintisi yekunlaşdırılmışdır, digər 6 ədəd yarımstansiya və əlaqələndirici EVX-lərin tikilməsi üzrə işlər davam edir.

Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin icrasına başlanılmışdır. 29 dekabr 2020-ci il tarixində Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Poer” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır.

Bu dövrdə energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.

23 fevral 2016-cı il tarixdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq tikinti layihəsi həyata keçirilir. Hidroqovşaqların istifadəyə verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud əkin sahəsinin suvarılmasının yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahəsinin suvarılması nəzərdə tutulur. “Xudafərin” hidroqovşağında işlər tamamlanmış, “Qız Qalası” hidroqovşağında işlər tamamlanmaq üzrədir. İki ölkə arasında əməkdaşlığa uyğun olaraq təməli 11 yanvar 2017-ci ildə qoyulmuş “Ordubad” Su Elektrik stansiyasının tikintisi “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış Saziş əsasında həyata keçirilir.

Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan reallıqlardır və gələcəyə daha nikbin baxmağa əsas yaradır.

Bəybala BƏYBALAYEV,

“Respublika”.