Ərazilərin minalardan təmizlənməsi aktual məsələdir
Digər xəbərlər

Ərazilərin minalardan təmizlənməsi aktual məsələdir

Minatəmizləmə Agentliyi tərəfindən zərərsizləşdirmə prosesi  uğurla həyata keçirilir

44 günlük  Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsidir. Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir.

Hərbi qarşıdurmanın əsas elementlərindən biri minalanmış sahələrdir ki, ərazilərin zərərsizləşdirilməsi istiqamətində gərgin iş aparılır. Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.  Təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Vətən müharibəsindən sonrakı dövrdə ANAMA mütəxəssisləri işğaldan azad olunmuş müxtəlif rayonlarda təhlükəsiz keçidin təmin olunması üçün fəaliyyətə başlayıblar.

 Bu gün ərazilərin minalardan zərərsizləşdirmə prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən uğurla həyata keçirilir. 1998-ci ildə  ümummilli  lider  Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Agentliyin əsasında ölkə Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə yaradılan publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qarşısında yeni strateji hədəflər yer alıb.  Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti əlaqələndirir.  Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir.

İşğaldan azad olunmuş ərazilərdə insanların həyatı üçün mina və partlamamış döyüş sursatları təhlükəsi hələ də davam edir. Bu hərbi sursatlar vətəndaşlarımızın ölümünə səbəb olur və onlar üçün təhlükə mənbəyidir. Mina sahələrinin və döyüşlərin baş verdiyi ərazilərin təmizlənməsinə  isə xeyli müddət lazımdır. Təbii ki, bu ərazilərin partlayıcı maddələrdən tədricən təmizlənməsində əlavə vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlar tələb olunur.

İlkin mərhələdə qarşıya qoyulan prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin  partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Ölkəmiz bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır.

Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Bütün münaqişə dövründə Ermənistan Azərbaycanın vaxtı ilə işğal edilmiş ərazilərində yüz minlərlə mina və digər partlayıcı qurğular yerləşdirib. Azərbaycan Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bu günlərdə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb. Bu il yanvarın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə isə 157 mina və 523 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub. Ümumilikdə,  80 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Yaxın illərdə düşmənin viran qoyduğu şəhərlər, kəndlər laləzara çevriləcək. Xalqımız hər zaman  sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma  Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq.

M.MİRZƏ,

 “Respublika”.