Erməni futbolçuları tərəfindən Azərbaycan bayrağına qarşı təhqiredici hərəkətlərin edilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Erməni futbolçuları tərəfindən Azərbaycan bayrağına qarşı təhqiredici hərəkətlərin edilməsi ilə bağlı cinayət işi başlanıb

Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribatyönümlü hərəkətləri davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrinin videogörüntüləri yayılıb.

Faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər görüləcək.

AZƏRTAC