Erməni separatçıları Qarabağdan çıxmalıdır
Digər xəbərlər

Erməni separatçıları Qarabağdan çıxmalıdır

Ekofəalların Laçın-Xankəndi yolunda Ağdərə rayonu ərazisindəki "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını istismar edən ermənilərin qanunsuz əməllərinə və törətdikləri ekoloji cinayətlərə qarşı başladıqları etiraz aksiyaları haqqın və ədalətin müdafiəsidir, xalqımızın talançılara qarşı kəskin münasibətini əks etdirir.

Dinc aksiyalara min bir don geyindirməyə cəhd edən erməni siyasətçiləri, Azərbaycan əleyhinə istər Ermənistanda, istərsə də ermənipərəst ölkələrdə təbliğat maşınını işə salan media subyektləri, dünyanı taun kimi bürümüş erməni lobbisi və onlara züy tutanlar Xankəndidə yaşayan Azərbaycanın erməni vətəndaşlarının taleyi üzərində, onların ümidsiz həyatlarını daha da qaraldaraq öz çirkin niyyətlərini həyata keçirir, oradakı xunta rejimi dinc və sadə erməni ailələrini həyasızlıqla qorxu altında saxlayır, öz məkrli məqsədlərinin girovuna çevirirlər. Bir sadə erməninin Azərbaycan əsgərlərinə yaxınlaşaraq siqaret istəməsi, ac olduğunu deməsi ermənilərin üzləşdikləri faciənin görünən tərəfidir. Görünməyən tərəflər isə çoxdur. 44 günlük Vətən müharibəsində Ermənistanın təbliğatı yalan və iftira üzərində qurulmuşdu və əlbəttə, bu, ermənilərin qədim və köhnə xəstəliyinin göstəricisidir. Bir aydır ki, erməni mətbuatı azərbaycanlı ekofəalların etiraz aksiyasına dünyada o rəng qalmadı ki, bulaşdırmasın. Yaxşı bir məsəl var, yalan ayaq tutsa da, yeriyə bilmir, necə ki, etirazçılarla bağlı ermənilərin yalan informasiyalarına özlərindən və bəzi ermənipərəst adamlardan başqa inanan olmadı. Ermənistanın əkiz bacısı adını almış Fransa senatının bu barədə qəbul etdiyi qətnamə isə yararsız bir kağız parçasından başqa heç bir şey deyil.

Öz havadarlarının və ağalarının köməyilə vaxtilə "qəhrəman" xalq adını alan ermənilərin dünyada yaratdıqları mifi, uydurmanı, yalanları yerdən-yerə çırpan silahlı qüvvələrimiz, Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, gərgin mübarizəsi, erməni havadarlarını yerlərində oturtması, xalqımızın birliyi və əzmi düşmən ölkənin yalan üyüdən təbliğat maşınını da sındırdı, ordusunu diz çökdürdü. Ekofəalların bir ay davam edən haqlı etiraz aksiyasına dözə bilməyən erməni quldurların, oğruların, xunta rejiminin döymədikləri qapı qalmayıb. Onlar ağlaşmaqdan, hay-küy salmaqdan, böhtan və iftira atmaqdan, ağa qara deməkdən əl çəkmirlər, yenə "yazıq", "məzlum" xalq tamaşasını oynayırlar. Bəs, onda erməni işğalı nəticəsində 30 ilə yaxın əziyyət çəkən, əzablara qatlaşan, təcavüzkarın gətirdiyi ağrılara və itkilərə mərdliklə sinə gərən, mənəviyyatını, mənliyini qoruyan keçmiş məcburi köçkünlərin yerinə olsaydınız, onda vay-şivəninizdən dünya zara gələrdi. İşğalçı Ermənistan, ermənilər və onların tərəfdarları bir şeyə ümid edirdilər ki, işğal bu xalqı yıxacaq, onlar ağır həyat şəraitindən bezəcək, torpaqlardan əl çəkəcəklər. Erməni işğalı xalqımızı sındıra bilmədi, onun iradəsini zəiflətmədi, əksinə bir yumruq kimi birləşdilər, mətinləşdilər, bütövləşdilər, hərbi təcavüz altında qalan torpaqlarına qayıtmaq üçün dəyanət və əzmkarlıq göstərdilər.

Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsində öz əsgərinin, zabitinin arxasında dayandı, hamı bir oldu, şəhidlərimizə elliklə göz yaşı tökdük, qazilərimizin yaralarını sardıq, onları bağrımıza basdıq. Qəhrəman ordumuzun bölmələri 2020-ci il noyabrın 9-da Dövlət Bayrağı Günündə şanlı hərbi qələbəmizə nöqtə qoydular. Parlaq qələbə və üçtərəfli Bəyanatın imzalanması münasibətilə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin doğma xalqına müraciəti otuz ilə yaxın erməni işğalına səssiz qalan, onu hər vasitə ilə müdafiə edən bəzi ölkələrdə aydın səmada ildırım kimi çaxdı, şimşək kimi onların gözlərini qamaşdırdı. Həmin müraciətdə Ermənistanın məğlubiyyəti haqqında deyilir ki, noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün "buradan çıx get!" deyən olmadı? Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə "dayanın" deyirsən.

Üçtərəfli Bəyanata görə işğalçı Ermənistan məcbur olaraq üç rayonu - Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardı. Rusiya sülhməramlıları bölgəyə yerləşən kimi Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındı və əsassız yerə vaxtı uzatmağa cəhd edir. Ötən iki il ərzində Avropada qapı-qapı dolaşaraq alov qarsalamış dərisini qorumağa çalışır, qədim erməni xislətini işə salır, Qarabağ Azərbaycan torpağıdır desə də, oradakı ermənilərə pul ayırır, onlara yalançı ümidlər verir, Xankəndidə "oyuncaq dövlət" oyununu davam etdirir. Halbuki, üçtərəfli Bəyanatın dördüncü bəndində aydın şəkildə yazılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Ermənistan bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırdı, Qarabağda qalan erməni silahlı qüvvələrinin tör-töküntüləri sülhməramlıların arxasında gizlənərək Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqelərə atəş açmağa başladılar. Ötən ilin sentyabr ayında təxribatçı və qeyri-qanuni silahlı erməni dəstələrinin törətdikləri təxribata qarşı ordumuzun bölmələri antiterror əməliyyatı keçirərək terrorçuları zərəsizləşdirdilər. Ardınca isə "Qisas" əməliyyatı keçirilərək Ermənistanla sərhəddəki strateji yüksəkliklər nəzarətə götürüldü. Yəqin ki, Ermənistan həmin silahlı dəstələri Qarabağdan çıxarmasa, onlara qarşı antiterror əməliyyatları qaçılmaz olacaq.

Üçtərəfli Bəyanatın yeddinci bəndində qeyd edilib ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Azərbaycan erməni vətəndaşların öz evlərinə qayıtmaları üçün üzərinə götürdüyü öhdəliyi ləyaqətlə və vicdanla yerinə yetirir. Əks tərəf isə yenə də azərbaycanlıların Xankəndiyə, Ağdərəyə, Əsgərana öz doğma yurd yerlərinə qayıtmaları üçün heç bir əməli addım atmır, əksinə, boş və mənasız bəyanatlar yaymaqla məşğul olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 31-də Soçidə görüşdülər və 9 noyabr 2020-ci il tarixli bəyanatın icrası məsələsi müzakirə obyekti oldu. 11 yanvar və 26 noyabr 2021-ci il tarixli görüşlərdə də üçtərəfli Bəyanatın icrası müzakirə olundu. Qəbul edilən Bəyanatda bildirildi ki, biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq.

Həmin görüşdən uzun müddət keçməsinə baxmayaraq, Ermənistan öhdəlikləri yerinə yetirmir, müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınır. Azərbaycan xalqının səbri sonsuz deyil, erməni tərəfi bunu yaxşı bilir, ona görə də sözdə danışmaqdan əməli işə keçməyin zamanı yetişib. Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilər bilməlidirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Talançıların, oğruların, cinayətkarların girovluğundan qurtulmaq üçün Azərbaycan qanunlarına sığınmalıdırlar, respublikamızda başqa xalqların nümayəndələri necə asudə və azad şəkildə yaşayırlarsa, Qarabağ erməniləri də belə firavan həyata və xoşbəxtliyə tərəf addım atmalıdırlar. Qarabağda peyda olan, İrəvanda doğulan, Rusiyada yaşamış Ruben Vardanyanın bu torpaqlara heç bir aidiyyəti yoxdur, onu "xilaskar" hesab edənlər anlamalıdırlar ki, o, bu yerlərə qızıl parıltısına gəlib, sadə ermənilərin həyatı və gələcəyi onu maraqlandırmır, dediyi sözlər də blefdir, oğru kimi öz məqsədinə çatmaqdan ötrü erməni ailələrini bədbəxtliyə və kasıbçılığa tərəf itələyir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilər haqqında danışarkən bildirib ki, əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi, yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.

Salman ALIOĞLU,

"Respublika".