Erməni terrorizmi antibəşəri ideologiyadan qaynaqlanır
Digər xəbərlər

Erməni terrorizmi antibəşəri ideologiyadan qaynaqlanır

Cinayətlərin ən dəhşətlisi terrordur.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Çağdaş dünyamızda terrorizm artıq böyük siyasətin alətinə çevrilib. Erməni terrorizmi yarandığı gündən daha yırtıcı, antibəşəri ideologiyaya xidmət etdiyini aşkar surətdə göstərmişdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hər bir terrorun əvəzi hüquqi müstəvidə və ədalətlə çıxılacaq. Əlbəttə, beynəlxalq birlik arasında ikili standartlar, siyasi riyakarlıq yer almasaydı, erməni terroruna çoxdan layiqli hüquqi qiymət verilərdi.

Erməni terrorunun əsas hədəfi həmişə Azərbaycan və Türkiyə olub, sırf erməni faşist ideologiyasına bir sıra xüsusiyyətlər xasdır.

Beynəlxalq terrorizmin yaranması və mütəşəkkil xarakter daşıyan terrorçu qruplar tərəfindən mənimsənilməsi XX əsrin pis və faciəli səhifələrindən biri kimi qəbul edilir. Erməni terrorizmi XX əsrdə beynəlxalq terrorizm kimi yaranıb və yarandığı andan artıq mütəşəkkil, sistemli, planlı xarakter daşıyıb.

1885-ci ildə ilk erməni siyasi partiyası "Armenakan" yaradıldı ki, onun da üzvləri Osmanlı dövləti və Avropa dövlətləri ilə yanaşı, Rusiya və İran ərazilərində də fəaliyyət göstərirdilər. Onun rəhbəri Fransanın Marsel şəhərinə mühacirət etmiş M.Portakalyan idi, burada o, "Erməni Vətənpərvər Cəmiyyəti"ni təşkil edir, bu cəmiyyət də öz növbəsində silah almaq üçün pul toplayırdı. Alınan müasir silahlar Van və onun ətraflarında yaşayan ermənilər üçün nəzərdə tutulurdu, onlara diversiya-terror müharibəsi aparmaq sənəti öyrədilir və "dost dövlətlərin" verdiyi dəstək əsasında "ümumi üsyana" hazırlanırdı.

Məsələn, Osmanlı dövlətinə qarşı terroru əsas mübarizə üsulu elan edən "Qnçak" ("Zəng") partiyası 1886-cı ildə Cenevrədə Nazarbekyan tərəfindən yaradılıb. Bu partiyanın proqramının 4-cü bəndində deyilirdi: "İnqilabi hökumət qarşıya qoyulan məqsədlərə çatmaq üçün aşağıdakı üsullara əl atmalıdır: təbliğat, təşviqat, terror, təxribatçı təşkilatlar yaratmaq, fəhlə və kəndlilərin inkişaf hərəkatı...". Erməni terrorçular düşünürdü ki, ajiotaj və terrorizm ermənilərin daha güclü və cəsarətli olmasına xidmət etməlidir.

Ümumiyyətlə, Ermənistanın bütün siyasi partiyaları müxtəlif ölkələrdə yaradılıb, bütün bu partiyalar terroru öz məqsədlərinə çatmaq üçün ən təsirli üsul hesab edirdilər. Bu partiyaların fəaliyyətinin maliyyələşdirilməsi pul toplamaq, adətən hədə-qorxu yolu ilə ("könüllü ianə") həyata keçirilirdi. Əslində terror təşkilatlarının fəalları və döyüş hissələri üçün silahlar dünyanın bir çox ölkələrində "könüllü ianə"lərin puluna alınıb. Bütün bu təşkilatlar ermənilərin şüurunda daha böyük gücə sahib olmaq üçün öz aralarında gizli mübarizə aparırdılar ki, onlar da öz növbəsində "erməni ərazilərinin" zorakılıqla genişləndirilməsini təbliğ edən terror təşkilatlarının əlində itaətkar alətə çevrildilər.

Bir vaxtlar mövcud olmuş "böyük Ermənistan" haqqında miflərin yaradılması, "erməni xalqının səbirli təbiəti" haqqında uydurma ifadələr erməni terrorizminin ideologiyasında mərkəzi yer tuturdu və bu da öz növbəsində terrorizmə, törətdikləri qanlı zorakılıqlara bəraət qazandıran motiv rolunu oynayırdı.

"Daşnaksütyun"un öz məqsədinə çatmaq üçün istifadə etdiyi terror üsulları xüsusi qəddarlığı və zərifliyi ilə seçildiyi halda, etnik ermənilərin şüur və təfəkkürü üzərində hakimiyyət uğrunda mübarizədə "uzun müddətdir ki, mövcud olan "böyük Ermənistan" haqqında miflər yaradılırdı. Bu, xalqın iztirabları, onlara münasibətdə "tarixi ədalətsizlik" və "milli müstəsnalıq" kimi anlayışların formalaşdırılması və yayılmasında müstəsna rol oynayırdı. Həmin qənaətin əsaslı olduğunu "Daşnaksütyun" liderlərindən biri Kaçaznuninin 1923-cü ildə Buxarestdə keçirilən qurultaydakı çıxışında dediyi sözlər sübut edir: "...beynimizdə illüziyalarla dolu bir atmosfer yaratdıq... Biz öz istəklərimizi başqalarının beyninə təlqin etdik; reallıq hissini itirdik və xəyallarımızın bizə rəhbərlik etməsinə icazə verdik...". Nəticədə erməni təşkilatlarının yaratdığı miflər demək olar ki, bütün ermənilərin şüur və təfəkkürünü zəbt edərək, onların təkcə türklərə deyil, həm də Azərbaycan xalqına qarşı çoxsaylı qanlı terror aksiyaları həyata keçirməsi üçün bəhanəyə çevrilib. Daşnaksütyunun terror fəaliyyəti həm də Türkiyə ilə dostluq əlaqələri olan bir çox dövlətlərin vətəndaşlarına qarşı yönəlirdi.

XIX-XX əsrlər erməni terrorizmi tarixində ən qəddar və qeyri-insani dövr kimi yadda qaldı. XX əsrin 20-90-cı illərində "Daşnaksütyun" nəinki siyasi səhnəni tərk etdi, əksinə, erməni diasporu hesabına mövcud olan və mahiyyət etibarı ilə qüdrətli siyasi qüvvəyə çevrildi, əsrin əvvəlində olduğu kimi, eyni proqram üzrə fəaliyyət göstərirdi. İkinci Dünya müharibəsindən sonra keçirilən erməni milli qurultaylarında Daşnaksütyun və ASALA liderləri dəfələrlə bəyan etmişlər ki, erməni xalqının Türkiyəyə qarşı mübarizəsi Fələstin xalqının mübarizəsinə bənzər bir azadlıq hərəkatıdır və buna görə də onun bu mərhələsindəki taktika bir-birinə yaxın olmalıdır - terror.

Erməni terrorizminin qanlı təcrübəsi bütün mövcudluğu boyu "böyük Ermənistan" və "erməni soyqırımı" ilə bağlı ictimai rəyə uzun və məharətlə aparılan təbliğat və mütəşəkkil psixoloji təzyiqlə ört-basdır edilib. Bunun nəticəsidir ki, uzun müddət dünyada bir çox ictimai xadimlər və siyasətçilər erməni terror təşkilatlarını milli azadlıq hərəkatının tərkib hissəsi kimi qəbul edərək, onların cinayətkar fəaliyyətini bilavasitə və ya dolayısı ilə dəstəkləmiş və qəbul etməkdə davam edirlər. Erməni terrorizmi Azərbaycan və Türkiyədə sabitliyi pozmaq və bəzi dövlətlər tərəfindən ölkələrimizə təzyiq etmək vasitəsi idi. Qondarma "erməni soyqırımı" tarixi faktların əksinə olaraq, ən yüksək səviyyədə siyasi spekulyasiya obyektinə çevrilib. Azərbaycana qarşı isə misli görünməmiş qanlı bir avantüra - "milli azadlıq hərəkatı" pərdəsi altında respublikamızın 20 faizinin işğalı, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün davam etmiş Vətən müharibəsində rəşadətli ordumuz erməni faşist, şovinist və separatçılara dağıdıcı zərbə endirdi, möhtəşəm tarixi Zəfər qazandı. Lakin dövlət başçımızın qeyd etdiyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq məhv etmədik. Bu gün tam əminliklə söyləyə bilərik ki, erməni faşizminin arxasında müəyyən beynəlxalq güclərin olmasına baxmayaraq, bu iyrənc və antiinsani faşist hərəkatı məhz Azərbaycan Liderinin rəhbərliyi ilə tam məhv ediləcək.

Emin QASIMOV,

"Respublika".