Erməni vandalizminin qurbanı
Tarix

Erməni vandalizminin qurbanı

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin törədilməsindən 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş mehseti türkləri də burada məskunlaşmışdılar.

Xocalı faciəsi zamanı əsir düşmüş azərbaycanlılardan biri də Nəcəfov Vüqar Əli oğludur. O, Ermənistanın Əzizbəyov rayonunda doğulmuş, etnik təmizləmə siyasətinin qurbanı kimi öz dədə-baba torpağından qovulmuşdur. Erməni silahlı dəstələri Xocalıya hücum edərkən Xocalı özünümüdafiə dəstəsinin tərkibində qardaşı Etibar ilə birlikdə fabrikin yanında qurulmuş postda dayanmış və ermənilərin hücumlarının qarşısını almağa çalışmışdır. O, Xocalı faciəsini belə xatırlayır: Axşam saatlarından artıq Xocalı atəşə tutulurdu. Mən və silah yoldaşlarım əlimizdən gəldiyi qədər onlara cavab verirdik. Lakin Xocalı o dərəcədə atəş altında idi ki, hər tərəf gecə olmasına baxmayaraq, hər yer işıqlı görünürdü.  Mərmimiz bitdi, qərara gəldik ki, meşə yolu ilə əhalini buradan çıxaraq. Mühasirəyə alındıq və ermənilər cavanları, qocaları, qadınları, körpələri belə güllələyirdilər. Məni, atamı, polis işçisi olan qardaşım Etibarı və bir neçə nəfəri girov götürüb Xankəndiyə apardılar. Burada bizi zirzəmidə saxlayırdılar, 2 erməni silahlısı mənim və qardaşımın müdafiədə iştirak etdiyimizi bilirdi. Əsgərlərdən biri xalam oğlunu öldürdüklərini dedi və bildirdi ki, ya sənin, ya da qardaşının başını onun qəbri üstündə kəsəcəm. Mən dedim ki, nə etmək istəyirsənsə mənə et, qardaşımın 3 övladı var ona toxunma. Məni digər girovların yanından ayırıb başqa bir yerə apardılar. Burada bir neçə erməni əsgəri də var idi. Onlar bir nəfərin başında toplaşmışdılar. Yaxınlaşanda onun mesxeti türkü Əhməd adlı polis əməkdaşının olduğunu gördüm. 4-5 nəfər olmalarına baxmayaraq onun əzəmətindən qorxub əllərini, ayaqlarını və ağzını möhkəm bağlamışdılar.

Məni bir həyət evinə apardılar. Burada bir erməni dedi ki, mənə heç nə etməsinlər. O, məni öz əsir düşmüş qardaşı ilə dəyişmək istəyirdi. Buna baxmayaraq, onlar yenə də işgəncə etdilər. Əllərimdən, ayaqlarımdan zəncirlə asdılar. Xəncəri isidib bədənimi deşirdilər. Bıçağı qızdırıb ayağıma basırdılar. Gün ərzində gəlib məni tez-tez döyür, sonra isə başıaşağı vəziyyətdə asılı saxlayırdılar. Zərbələrdən sol çiynimin körpücük sümüyü və qolum sınmışdı. Məni təkcə erməni silahlıları yox, ordakı qadınlar və uşaqlar da vururdular. Əsgərlər uşağa deyirdilər ki, "bu sənin düşmənindi, tanı onu. Vur!".

İşgəncədən sonra yenidən zirzəmiyə gətirildim. Ordakılar mənə dedi ki, mesxeti türkü olan polisi buraya gətirmişlər. Hamımıza ibrət olsun deyə gözümüzün qabağında başını kəsdilər. Onun qanı orda hələ də dururdu.

 Sonra isə məni qardaşı ilə dəyişmək istəyən həmin erməni gəldi. Paltarlarımı bədənimdən çıxara bilmirdim. Paltarım yaralı bədənimə bitişmişdi artıq. Həmin ərəfədə mən Xalq Cəbhəsinə məktub yazaraq Ağdam poçtuna göndərdim ki, məni dəyişmək istəyirlər. Amma məktubuma heç kim cavab vermədi. Xoşbəxtlikdən, əmim oğlu məni axtaran zaman yazdığım məktub əlinə keçib. Beləliklə, 1992-ci il aprel ayının 3-də xilas ola bildim.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Ermənistan üçün layiqli cavab idi. Bizim orada həyatını itirən soydaşlarımızın qanı yerdə qalmadı. Mən özüm də işğaldan azad edilmiş ərazilərimizdə oldum. Çox böyük qürur hissi keçirdim, bir qədər də kədərləndim. Çəkdiyimiz zülmü unutmaq mümkün deyil.

Nurlan ABDALOV,

"Respublika".