Erməni vəhşiliyinin sonu yoxdur
Siyasət

Erməni vəhşiliyinin sonu yoxdur

Qədim tarixə, zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqı tarixin bütün dövrlərində qəhrəmanlığı, mərdliyi, eyni zamanda tolerantlığı, multikulturalizmi ilə tanınıb. Dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri burada sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Əzəli yurd yerlərimizdə məskunlaşan ermənilər də...

Bəli, bu mənfur tayfa vaxtilə qədim Azərbaycan torpaqlarına köçürülmüş, bu ərazilərdə yerləşdikdən sonra burada özünə dövlət quraraq xalqımıza qarşı ərazi iddiaları irəli sürmüş, "böyük Ermənistan" yaratmaq arzusu ilə yaşamışdır. Əzəli Azərbaycan torpaqlarında - indiki Ermənistanda, Qarabağ bölgəsində və onun ətrafındakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq doğma yurdlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar.

Ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu özlərində yaşatdıqları kin-küdurət, fobiya heç bir zaman onları tərk etməmiş, zaman keçdikcə daha da artmışdır. Bu, tarixin bütün dövrlərində özünü büruzə vermişdir. Ermənilərin yüzillər boyu xalqımıza qarşı törətdiyi qətliamlar, soyqırımları tariximizin qanlı səhifəsinə çevrilmişdir. Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran, xalqımızın qan yaddaşı olan, əsrlər, qərinələr keçsə belə unudulmayacaq Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş soyqırımı aktıdır.

Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş Xocalı soyqırımı haqqında ulu öndər Heydər Əliyev demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyata keçirilən soyqırımı zamanı qaniçən ermənilər tərəfindən yüzlərlə soydaşımız qətlə yetirilmiş, əsir və girov götürülmüş, minlərlə insanın taleyi naməlum qalmışdır. Əslində naməlum qalan talelər aşkar edilən kütləvi məzarlıqlarda məlum olur və erməni quldurlarının kim olduqlarını ortaya qoyur və bütün dünyanın gözü qarşısında erməni vəhşiliyini, insanlığa sığmayan əməllərini nümayiş etdirir.

Xocalı soyqırımı xalqımızın çox da uzaq olmayan tarixi faciəsidir. Uzaq keçmişimizə nəzər salsaq isə görərik ki, onlar bu vəhşilikləri hələ 1918-ci ildə daha kütləvi şəkildə həyata keçirmişlər. Adətlərinə xilaf çıxmayan ermənilər vəhşicəsinə qətlə yetirdikləri insanları kütləvi şəkildə basdırmışdılar. Belə ki, 2007-ci ilin aprel ayında Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılan kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənmişdir. Tarixdən bəllidir ki, 1918-ci ilin aprel-may aylarında “Daşnaksütyun” partiyasının silahlı dəstələri təkcə Quba qəzasında 36 min 782 nəfəri qətlə yetirmiş, 122 kəndi tamamilə, ümumilikdə isə 167 kəndi dağıdıb talan etmişlər. Bu zaman Quba qəzasının müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilmişdir. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir. 514 kvadratmetr sahəsi olan məzarlıqda aparılan tədqiqatlar nəticəsində müxtəlif yaş qruplarına - 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə yaşlı kişilərə aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. 2009-cu ildə ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa olunmuşdur.

Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıq da ermənilərin əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri vəhşiliyin sübutudur. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən bu ilin fevral ayından etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışına başlanmış və ilkin axtarışlar zamanı 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun hərbçiləri olduğu güman edilən insan qalıqları tapılmışdır. Fevral ayında axtarışların birinci mərhələsində ərazidə 7, sentyabr ayının 14-də isə davam edən qazıntı işləri zamanı 5 tam, 1 qarışıq skelet olmaqla 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilmişdir. Qeyd edək ki, Edilli kəndində tapılmış məzarlıqdakı insan qalıqlarının 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş 25 azərbaycanlı hərbi qulluqçuya aid olduğu güman edilir. Əsir və itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı davam edir. Taleyi bəlli olmayan vətəndaşlarımızın axtarışının davam etməsi isə erməni vəhşiliyinin sonu olmadığını bir daha sübut edir.

Mehparə ƏLİYEVA,

"Respublika".