Erməni yalanı və iftirası ilə boyanmış qətnamə
Digər xəbərlər

Erməni yalanı və iftirası ilə boyanmış qətnamə

"Məzlum xalq" adı altında gizlənən vəhşi və quldur erməni toplumunun böhtan,  yalan və iftira dolu ittihamları davam edir. Son illərin hadisələri göstərdi ki, Ermənistan və onun havadarları Cənubi Qafqazda dinc gələcəyin qurulmasına ciddi təhlükə yaradırlar. Uzun illər ərzində Ermənistan hakimiyyətinin siyasəti, ermənilərin haqsız və yersiz tələbləri, xəbis niyyətləri dünya ictimaiyyətinin fikrini çaşdırmaq, bölgədə gərginlik yaratmaq, terroru və terrorçunu müdafiə etmək, azərbaycanlılara qarşı etnik nifrət üzərində qurulub. Ermənistan, Xankəndidəki xunta rejimi və qəfildən Qarabağda peyda olan R.Vardanyan hər iki xalqın arasında anlaşmaya ciddi maneə olur, dialoqa təhlükə yaradır. Rubenin hansı ölkənin agenti olmağı bizim üçün maraqlı deyil, İrəvanda doğulan, Rusiya vətəndaşlığından imtina edən, talançı və oğru R.Vardanyan ermənilərin Qarabağda və Şərqi Zəngəzurda basdırdıqları minalardan da təhlükəlidir. Minaları zərərsizləşdirmək mümkündür, lakin, bu böhtançı və qəsbkar Vardanyanı zərərsizləşdirmək hələ ki, mümkün deyil, sadəcə zamana ehtiyac var...

Ermənistanın Azərbaycana qarşı işğalını görməzdən gələn, terrorçu erməni silahlı dəstələrini müdafiə edən, daşnakların əlində oyuncağa çevrilən Avropa Parlamentinin bəzi deputatlarının səs verdikləri qətnamənin mətnini sanki  Ruben Vardanyan özü yazıb. Bunu deməyə əlimizdə əsas var. Həmin talançı Vardanyan demək olar hər gün sərsəmləyir ki, Xankəndi  120 min erməni, üstəgəl 30 min uşaq azərbaycanlı ekofəalların etiraz aksiyası nəticəsində "humanitar fəlakət"lə üzləşib, "həyat yolu"nun bağlanması ermənilərin dünyaya çıxışını məhdudlaşdırıb. Əslində, hiyləgər Vardanyanın rəqəmləri şişirtməklə öz mənfur maraqlarını güddüyü yaxşı məlumdur.

Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamədə deyilir ki, keçmiş Dağlıq Qarabağla Ermənistanı və dünyanı birləşdirən yolun guya Azərbaycan tərəfindən bağlanması nəticəsində 120 min(?!) erməni ərzaq və dərmandan məhrum olub. Blokada çox ciddi təhlükə yaradır və Dağlıq Qarabağa verilən qazın kəsilməsi nəticəsində məktəblər və xəstəxanalar çıxılmaz vəziyyətə düşüb və s. Xankəndidəki xunta rejiminin və Vardanyanın saxta mövqeyini əks etdirən qətnaməyə səs verən deputatların öz dərdlərindən çox başqalarının işinə qarışmağı, ermənilərlə həmrəyliyi erməni havadarlığını göstərir. Birtərəfli, qərəzli mövqe tutan, adları korrupsiyada  hallanan həmin parlamentin bəzi deputatlarına xatırladırıq ki, artıq Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur,  separatçıların dediyini təkrarlamayın. İkincisi  isə Xankəndidə və ətraf ərazilərdə cəmi 25 min nəfərə yaxın erməni yaşayır. Öz qədərinizi düşünün, ölkələriniz acınacaqlı vəziyyətə düşüb,  insanlar küçələrə çıxaraq mitinqlər keçirirlər, Azərbaycana göstəriş vermək sizin həddiniz deyil, ikili standartlardan yorulmadınız?! Adıçəkilən qətnamənin qəbul edilməsindən bir az əvvəl R.Vardanyanın Fransa televiziyasına ikinci dəfə verdiyi müsahibədə Azərbaycana qarşı səsləndirdiyi böhtan və yalan Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə ilə eynidir. Görünən odur ki, talançıları və oğruları müdafiə edən Avropa Parlamentinin bəzi deputatları, sözün əsl mənasında başlarını itiriblər, ipləri ermənilərin əlindədir. Onsuz da hər şey göz qabağındadır,  azərbaycanlılar dünyada gedən prosesləri yaxşı görürlər.

Aydın məsələdir ki, uzun illər ərzində Ermənistandan Azərbaycan xalqına qarşı  terror siyasəti həyata keçirmək üçün istifadə olunub. Avropanın və digər havadarlarının heç bir əhəmiyyət daşımayan kağız parçaları ermənilərin köhnə xəyallarını tərpədir, xəbis niyyətləri yenidən baş qaldırır. Ermənistan hakimiyyəti, Xankəndidəki xunta rejimi və Azərbaycanın suveren ərazilərində gizlənmiş qanunsuz erməni silahlı dəstələri öz cinayətkar əməllərini davam etdirdiklərinə görə mövcud vəziyyət belə qala bilməz. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin hələ də qanunsuz istismarı,  ermənilərin himayədarları ilə birgə ekoloji terror törətmələri,  qanunsuz erməni silahlı dəstələrinin torpaqlarımızdan çıxarılmaması və Ermənistanın davam edən mina terroru bölgədə sabitliyi və sülh çağırışlarını təhlükə altına salır. Buna görə də, ermənilərin qanunsuz hərəkətlərinə və törətdikləri ekoloji cinayətlərə qarşı Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq etiraz aksiyaları keçirilir. Müstəqilliyimizi,  suverenliyimizi, ərazi bütövlüyümüzü təhdid edən erməni cinayətkar dəstələri Xankəndidən və ətraf ərazilərdən çıxarılmalıdır.  Azərbaycanın erməni vətəndaşlarının artıq seçim etmək vaxtı çatıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bu barədə bildirib ki, Laçın yolu ilə silah-sursat və minaların daşınması yolverilməzdir. Azərbaycanın öhdəliyi var ki,  Laçın yolundan təhlükəsiz keçidi təmin etsin.  Lakin o yolla silah-sursat və minaların daşınması narahatlıq yaradır. Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır.  Bəziləri orada blokada təsəvvürü yaratmağa çalışırlar. Azərbaycan dövlətinin mövqeyi isə açıqdır.  Azərbaycan tərəfi əlindən gələni edir.  Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur.  Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir.  Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk.  Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağda peyda olan Ruben Vardanyanı Xankəndidəki separatçıların qanunsuz hökumətində "dövlət naziri" vəzifəsinə təyin ediblər.  O,  Rusiya vətəndaşlığından imtina etsə də,  bu ölkədəki biznesini və aktivlərini saxlayıb.  R.Vardanyan 2022-ci ildə Qərbin sanksiyalarından erməni bicliyi ilə gizlənərək qaçıb Qarabağda qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb. Bu gün Laçın-Şuşa yolundakı aksiyanın da,  ümumi gərginliyin də günahkarı həmin oğru və talançı Ruben Vardanyandır.  Onunla Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin "rəhbəri" Araik Arutyunyan sövdələşməsinin kökündə hərislik və qanunsuz yolla kapital toplamaq niyyəti dayanır. Yaxşı bilirik ki, sadə ermənilər isə  bundan çox əziyyət çəkirlər. Bir daha xatırladırıq ki, Azərbaycanın Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur,  onları öz vətəndaşları hesab edir.  Bu barədə Prezident İlham Əliyev də,  Azərbaycan Xarici İşlər Nazirliyi də dəfələrlə bəyanat verib.  Hətta, bu günlərdə Azərbaycan XİN-dən bildirib ki,  rəsmi Bakı ermənilərin təhlükəsizliyini təmin etməyə indi də hazırdır.  Amma bunun üçün Qarabağda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidirlər.  Əgər bunu etmirlərsə,  onda torpaqlarımızdan birdəfəlik çıxmalıdırlar.  Onlar başa düşməlidirlər ki,  bizim torpaqlarımızda qanunsuz yaşaya bilməzlər.

S.BABAYEV,

"Respublika".