Ermənidən çox ermənilik edənlər
Siyasət

Ermənidən çox ermənilik edənlər

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük müharibədə silahlı qüvvələrimizin qəhrəmanlığı sayəsində əldə edilən qələbə dostlarımızı sevindirdi, düşmənləri isə xar etdi. Şanlı qələbəni həzm edə bilməyən bəzi dövlətlərin erməni sevgisi, erməni təəssübkeşliyi, ermənidən çox ermənilik etdikləri, habelə, əl altından onlara silah-sursat verdikləri əlahəzrət faktlarla ifşa edilir. Erməni heç vaxt öz kölgəsində dayanmır, "ağa"larsız hərəkət edə bilmir, kölə və qul xisləti ilə yaşamağa üstünlük verir. Müharibədə uduzan və ordusu tarmar edilən Ermənistan dərhal Rusiyanın, İranın, Fransanın ətəyindən yapışaraq yalvar-yaxar etdi və saxta göz yaşları tökərək yenidən öz məkrli niyyətlərini davam etdirməyə başladılar. 

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın üstündən iki ildən artıq vaxt keçir və görünən odur ki, Ermənistan hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələrlə vaxtı uzatmağa cəhd edir. Həmin bəyanatın 4-cü maddəsinə görə, Qarabağa rus sülhməramlılarının yerləşməsi buradakı erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə baş tutmalı idi. Lakin biz ötən iki il ərzində nəinki ermənilərin silahlı qüvvələrinin bölgəmizdən çıxarılmadığını, əksinə, rusların nəzarəti və dəstəyi ilə daha artıq silahlandırıldığını, Laçın dəhlizinin isə qeyri-qanuni silah, mina və s. daşınması üçün istifadə olunduğunu görürük. Faktlar və dəlillər onu göstərir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi nəzarət zonasında qanunsuzluqlar baş alıb gedir. Azərbaycanlı jurnalistləri öz torpağına buraxmayan Rusiya sülhməramlıları necə olur ki, İran agentlərini, fransız deputatlarını, digər ölkə nümayəndələrini ölkəmizin ərazisinə buraxır. Deməli, köhnə əyyamlarda olduğu kimi müəmmalı münasibətlər, kirli işlərin həyata keçirilməsi onların keçmiş cinayətkar əməllərini yada salır. Çox yox, təkcə iki fakta nəzər salaq.

1992-ci ilin fevral ayında törədilən Xocalı faciəsində keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının hərbi texnikaları, erməni üzvləri ilə yanaşı, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımında rusların da iştirak etməsi istintaq materiallarında qeyd olunub. Canlı şahid ifadələri ilə təsdiq edilib, ən əsası isə bu cinayətləri tarix unutmayıb. Bundan əvvəl isə erməni faşistləri Ağdamdan Şuşaya uçan sərnişin helikopteri raketlə vurmuş, nəticədə 47 nəfər dinc azərbaycanlı qətlə yetirilib. Sonradan istintaqla müəyyən edilib ki, çoxsaylı insan tələfatına səbəb olan raket Xankəndidə yerləşən 366-cı motoatıcı alayın ərazisindən buraxılıb. Rusiyanın Qarabağ və Şərqi Zəngəzurun bir hissəsində müvəqqəti dislokasiya edilmiş və "sülhməramlı" hesab edilən hərbi kontingentinin qeyri-adekvat davranışları, onlara arxalanan qanunsuz erməni birləşmələrinin mütəmadi olaraq atəşkəsi pozması, ordumuzun mövqelərini atəşə tutmaları suverenliyimizə ciddi təhdiddir.

Yuxarıda qeyd etdiyimiz kimi, rusun kölgəsinə sığınan ermənilər sülhməramlıların müvəqqəti nəzarət zonasındakı Azərbaycanın faydalı qazıntı yataqlarını talamaqla məşğul olur, ekologiyaya ciddi zərbə vururlar. Qeyd edək ki, "Dəmirli" mis-molibden yatağı Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib. Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə "Dəmirli" mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyən edilib. Ermənilər hazırda bu kəndi həyasızcasına "Kaşen" adlandırırlar. 

Bu yataqdan 15 km məsafədəki Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" qızıl yatağının da ermənilər tərəfindən talan edilməsi haqqında kifayət qədər faktlar mövcuddur. Bu yataqlarda ermənilər tərəfindən aparılan qanunsuz işlər İkinci Qarabağ müharibəsindən sonra dayandırıldı. Lakin son vaxtlar rusiyalıların pulunu zəli kimi soran erməni iş adamı Ruben Vardanyanın rəhbərliyi ilə oradakı qanunsuz fəaliyyət bərpa olunub. Bilavasitə onun rəhbərliyi altında Ağdərə rayonu ərazisindəki Qızılbulaq və Dəmirli mis-qızıl yataqları qanunsuz istismar edilir. Qeyd edək ki, Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən "Base Metals" şirkəti yunan Kipri vətəndaşı Valeri Medjlumyanın rəhbəri olduğu "Vallex Group" şirkətlər qrupuna daxildir. Ermənistanın 30 illik işğal müddətində Xankəndidəki separatçı rejimə 100 milyon dollardan çox vergi ödəmiş bu şirkət illərdir ki, işğal altındakı Kəlbəcər, Zəngilan və s. bölgələrdə qızıl, mis, molibden, dəmir və s. yataqlarını qanunsuz olaraq istismar edir. Göründüyü kimi, hazırda da hələ bəzi məkanlarda bu işini davam etdirir. Əlbəttə, bütün bu qanunsuz və təxribatçı əməllərə son qoyulması üçün dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya "sülhməramlı" kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşü keçirildi və ərazilərdə monitorinq keçirilməsi üçün razılıq əldə olundu.

Lakin əvvəlcədən bir neçə dəfə rus sülhməramlılar ilə danışıqlar aparılmasına və prinsipial anlaşma əldə edilməsinə baxmayaraq, bölgəyə araşdırma üçün gedən Azərbaycan ekoloqlarının əraziyə girişi təxribat törədilməklə qarşısı alınıb. Azərbaycanın rəsmi təmsilçiləri rus sülhməramlılar deyil, məhz erməni quldur dəstələri tərəfindən qarşılanıb. Həmin erməni quldurlar Azərbaycan rəsmilərinin təbii sərvətlərin talandığı obyektlərə, yataqlara yaxınlaşmasına ciddi mane olublar. Hətta erməni quldur dəstələri bildiriblər ki, Azərbaycan tərəfindən hər hansı nümayəndə və ya monitorinq qrupu qəbuledilməzdir, yəni bu məsələnin onlara heç bir aidiyyəti yoxdur. Görünən odur ki, erməni azğınlığının həddi-hüdudu bilinmir, separatçılar yenidən torpaqlarımızda at oynatmaq niyyətinə düşüblər.

Azərbaycanın rəsmi dairələri bu məsələdə qətiyyətli davranmaq niyyətində olduqlarını qətiyyən gizlətmirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin baş verən hadisələrlə bağlı Rusiyaya rəsmi nota ilə etiraz etməsi də bunu bir daha təsdiq edir. Xarici İşlər Nazirliyi Rusiya tərəfindən əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğunu vurğulayıb. Ölkəmizin ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il üçtərəfli anlaşmasına əsasən yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb. Beləliklə, Azərbaycan bölgədə, daha doğrusu, öz suveren ərazisində baş verənlərə hələlik səbir nümayiş etdirir. Ancaq ermənidən çox ermənilik edənlərə xatırladaq ki, səbrin də bir həddi var, üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək isə Rusiya sülhməramlılarının birbaşa vəzifə borcudur.

Salman ALIOĞLU,

"Respublika".