Ermənilər onlara yaradılan şansdan istifadə etməlidirlər
Region

Ermənilər onlara yaradılan şansdan istifadə etməlidirlər

Son iki yüz illik tarixə nəzər salanda bir daha aydın olur ki, sərsəm ideyalardan, boş xülyalardan əl çəkməyən ermənilər yaşadıqları ərazilərdə münbit şərait görən kimi öz xəstə təxəyyülünü nümayiş etdirir, yerli azərbaycanlılara qarşı soyqırımı və deportasiya törətməkdən çəkinmirlər. Dediklərimizə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə ermənilərin Azərbaycanda törətdikləri faciələrin, soyqırımının, qəsbkarlığın, işğalçılığın, dinc insanlara qarşı törədilən vəhşiliklərin xronologiyası əyani sübutdur. Zənnimcə, erməniliyi, daşnakları, "miatsum"çuları yalnız və yalnız güc müalicə edə bilər. 44 günlük Vətən müharibəsində də Qarabağda lovğalanan faşist ermənilər Azərbaycan Silahlı Qüvvələrinin tutarlı zərbələrindən sonra tülkü, çaqqal kimi deşik axtardılar, dovşan kimi qaçdılar, vay-şivən qopardılar, dünya qarşısında timsah kimi saxta göz yaşı tökdülər, dilənçi kimi ordan-burdan yardım diləndilər.

Ötən əsrin 80-ci illərində Ağdam şəhərində bizim küçədə, qonşuluqda yaşayan bir erməni ailəsi var idi. Rafiq dülgər, arvadı Manya isə evdar qadın idi. İkimərtəbəli, yaraşıqlı, hər cür şəraiti olan evdə iki oğlu, bir qızı böyüyürdü. Həmin vaxtlarda bu ailə qonşularla mehriban dolanır, bir-birinin xeyrinə-şərinə yarayırdılar. Bu ailə kimi Ağdamda onlarla erməni ailəsi yüksək səviyyədə yaşayır, işləyirdi və heç bir ayrı-seçkilikdən söhbət gedə bilməzdi.

1988-ci ilin fevral ayında Xankəndidə yaşayan ermənilər kütləvi şəkildə mitinqlərə başladılar və tələbləri keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Qonşumuz Rafiq və arvadı Manya çox narahat görünürdülər. Milli münaqişə qızışırdı. Artıq iki nəfər ağdamlı gənc ermənilər tərəfindən qətlə yetirilmişdi. Ermənilər Xankəndidə yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından qovurdular. Bir gün eşitdik ki, usta Rafiq evini Xankəndidə yaşayan bir azərbaycanlıya sataraq Xankəndiyə köçüb. Xankəndidə keçirilən mitinqlərdə həmin Rafiq, arvadı Manya, iki oğlu ön cərgələrdə dayanaraq Azərbaycan hökumətinin, azərbaycanlıların əleyhinə çıxış edirdilər. Bax, budur ermənilik.

Ermənistandakı keçmiş xunta rejiminin rəhbərləri, havadarlarının isə nökəri olmuş R.Köçəryan, S.Sərkisyan və digər faşist xislətli “yanlar” 1991-ci ildən Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Bir ağıllı erməni ortalığa çıxıb deyə bilmədi ki, törətdiyiniz bu düşmənçiliyi, xəyanəti azərbaycanlılar heç zaman unutmayacaqlar. Əksinə, xuntanın torpaqlarımızda törətdikləri vəhşiliyə əl çaldılar, Şuşada Cıdır düzündə yallı getdilər. Elə zənn etdilər ki, bu, əbədi davam edəcək. Yanıldılar, eyforiyaya qapıldılar, ağalarına arxalanaraq meydan suladılar. İslam aləminə nifrətini gizlətməyən ermənilər məscidlərimizi təhqir etdilər, orada donuz saxladılar, qəbiristanlıqları dağıtdılar, dini və mədəni abidələri məhv etdilər. İşğaldan azad edilən ərazilərə diqqət yetirəndə bir daha aydın olur ki, ermənilər 30 ilə yaxın bu yerləri talan, qarət edəndən sonra oraları ölü zonaya çeviriblər.

Vətən müharibəsində Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın Qarabağın üzərinə qara bulud kimi çökmüş pis niyyətli, işğalçı, qəsbkar, yadelli düşməni əzərək məhv etdi, bir vaxtlar öz ordusu ilə lovğalanan erməni generalları və zabitləri əsgərlərini darda qoyaraq "dovşan kimi" qaçdılar, dilənib-dolanıb yığdıqları hərbi texnikaların külləri göyə sovruldu, bir çoxu da qənimət kimi götürüldü, düşmənin beli qırıldı, başı əzildi. İgid oğullarımızın qanı-canı bahasına işğaldan azad edilən torpaqlarımızda indi üçrəngli bayrağımız qürurla dalğalanır, bu yerlərə yeni həyat qayıdır, düşmənin xarabalığa çevirdiyi torpaqlarda dirçəliş başlayıb, quruculuq işləri sürətlə aparılır, yollar çəkilir, hava limanları inşa olunur, "ağıllı şəhər" və "ağıllı kənd"lər salınır.

İşğaldan azad edilən ərazilərə xarici diplomatların, səfirlərin, jurnalistlərin, QHT nümayəndələrinin səfərləri təşkil olunur, onlar Qarabağda və Şərqi Zəngəzurda erməni vəhşiliyinin şahidi olarkən, dağıntılara və xarabalıqlara biganə qala bilmirlər.

Bütün bu dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin ölçüyəgəlməz vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə, güclü inam və gələcəyə nikbin baxışlarla bildirdi ki, Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir. Qarabağda və Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələrin təməlqoyma mərasimləri keçirildi, bir vaxtlar silahların səsi dolaşan, işğalçıların ayaqları altında inildəyən torpaqlarda həyat işartıları görünməyə başladı, əllərinin və qəlblərinin hərarətilə işə başlayan inşaatçıların, yolçəkənlərin, elektriklərin səsi bu yerlərə qurub-yaratmaq, dinclik və əmin-amanlıq gətirdi.

Qələbədən sonra Azərbaycan dövləti Ermənistanla sülh sazişini imzalamaq, sərhədləri müəyyən etmək üçün təkliflərini qarşı tərəfə təqdim edib. Sülhün, əmin-amanlığın, mehriban qonşuluğun, tərəfdaşlığın, səmimi münasibətlərin yaranması üçün öz mövqeyini ortalığa qoyub, qarşı tərəfin real addımlar atmasını gözləyir, bütün beynəlxalq görüşlərdə və tədbirlərdə də bunu dilə gətirir. Ermənistan isə sülh müqaviləsinin bağlanmasına tələsmir, Brüssel və Moskva görüşlərində əldə edilən razılığa soyuq yanaşır, qəti addımlar atmağa cürət etmir.

Həyat sübut etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin səbri geniş, qətiyyəti və qərarı isə dönməzdir. Ermənilər bilməlidirlər ki, diplomatik müstəvidə gedən görüşlər uzun müddət davam edə bilməyəcək, anlamalıdırlar ki, onlar üçün bu, son şansdır.

Erməni mətbuatında yayılan xəbərlərə görə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdə ermənilər qıtlıq, aclıq və dözülməz həyat şəraiti ilə üz-üzə qalıblar. Çünki keçmiş xunta rejimi 30 ilə yaxın Qarabağda və Şərqi Zəngəzurda 160-a yaxın qiymətli metal yatağını, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink və s. yataqlarının böyük hissəsini yağmalayaraq əldə olunan qiymətli metalları xarici bazarlarda satıb külli miqdarda gəlir əldə ediblər. Həmçinin geniş əkin və təsərrüfat sahələri, o cümlədən 2500 hektar meyvə bağı, minlərlə hektar üzüm, on minlərlə hektar taxıl və yonca, əkin sahələrindən yüz minlərlə ton məhsul götürüblər. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan bir neçə ay sonra Ermənistanda toyuq əti və yumurtanın qiymətlərində, o cümlədən bir sıra kənd təsərrüfatı məhsullarında kəskin bahalaşma oldu.

Yuxarıda qeyd etdiyimiz kimi, artıq onlara verilən şans tükənir. Odur ki, ermənilər ölkəmizdə həyat və gələcəkləri üçün Azərbaycan qanunlarına tabe olmalıdırlar.

Salman ALIOĞLU,

"Respublika".