Ermənilərin İrəvan xanlığı ərazisinə, Göyçə mahalına, Zəngəzura kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyası
Tarix

Ermənilərin İrəvan xanlığı ərazisinə, Göyçə mahalına, Zəngəzura kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyası

1885-ci ildə ermənilər Vyanada “Armenakan”, 1886-cı ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə Tiflisdə yaratdıqları “Daşnaksütyun” terrorçu təşkilatlarının qarşısına qoyduqları başlıca məqsəd üç dövlətin –Rusiya, Türkiyə və İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərək “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq ideyası idi. İlk gündən radikal terrorçuluq mövqeyini əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq, türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi əhatəsinə və qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.

Terrorçu, qəddar ermənilərin 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qərbi Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri vandalizm aktı məhz belə cinayətlərdən biridir.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçmişlər. Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradaraq Bakıda, Bakıətrafı kəndlərdə, həmçinin Qərbi Azərbaycanda on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi vardı. Andranikin qoşunu 1918-ci ilin yazında Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin sakinlərini damlara doldurub yandırmışlar. Andranikin qoşunu Naxçıvandan keçib, Zəngəzur zonasında, Sisyan, Qafan rayonlarında olan azərbaycanlı kəndlərini dağıdıb dinc əhalini məhv etmişlər. Sisyan rayonunun Urud, Darabas, Ağadi, Vağudi, Şükürlü, Məlikli, Şəki və digər kəndlərinin sakinlərini damlara doldurub yandırmışlar. Həmin günlərdə Qafan rayonunun Oxçu kəndinin əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi: “Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Kığı dərəsində müsəlmanları qırırlar”.

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız, ermənilər müsəlman kəndi olan Şabadinə və bir neçə başqa kəndlərə hücum edirlər. Bir neçə kəndin kişilərini barışıq adı ilə Oxçu kəndinə çıxarıb böyük bir dama doldurub, neft tökərək yandırmışlar.

Andranikin quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, dağıdıb, əhalisini yandırmışlar.

Ermənilərin qəddarlığı sayəsində İrəvanın başını qara buludlar almış, İran, Osmanlı imperiyası arasında olan qanlı müharibələr İrəvan şəhərinə ağır zərbələr vurmuşdu. Bu ağrı-acılı günlərdə Şimali və Cənubi Azərbaycanın İrəvana köməyi sayəsində əhalinin şəhəri bərpa etməsi, yenidən dirçəlməsi bir daha sübut edir ki, qondarma Ermənistan ərazisi Azərbaycanın ayrılmaz bir parçası, doğma məskəni olmuşdur.

Tarixi mənbələr göstərir ki, 1827-ci il oktyabrın 1-də rus qoşunları İrəvanı ermənilərlə birlikdə çətinliklə zəbt etdikdən sonra bədnam Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı Rusiyaya birləşdirilmiş, bununla da İrəvandakı azərbaycanlıların qara günləri başlanmış, əhali hər an təzyiqlərə, ermənilərin terroruna məruz qalmışlar.

İrəvanda həmin dövrdə 12 min nəfərlik 2400 ailə, şəhərin ətrafında isə vur-tut 1500-2000 erməni yaşayırdı. XIX əsrin axırları, XX əsrin əvvəllərində İrəvanda yeni məktəblər açılmış, dərslik və bədii əsərlər nəşr olunmuş, milli mədəniyyət inkişaf etmişdir. İrəvanda 8 məscid tikilmişdi. Əzəmətli Göy Məscid və Günlüklü Məscidi 1988-ci ilədək qalırdı.

Azərbaycanlıların 1948-1953-cü illərdə köçürülməsi haqqında qərarı İ.Stalin vermiş, bu işə Mikoyan və başqaları da cəlb olunmuş, xalqımıza qarşı xəyanət toru hazırlamışlar. 1948-53-cü illərdə İrəvanın azərbaycanlı əhalisi mərhələ-mərhələ ata-baba torpaqlarından köçürülərək, onların əksəriyyəti Kür-Araz ovalığında yerləşdirilmişdir. Erməni qəddarlığı nəticəsində 1988-ci ildə İrəvanın azərbaycanlı əhalisi tamamilə doğma yurdlarından ayrılmış, həmin ərazilərə faşist xislətli erməni daşnakları yiyələnmişlər. Bu ədalətsizliyə “Qızıl Moskva”, ermənipərəst Mixail Qorbaçov göz yumdu.

Ermənistan adlı bir qara kölgə Qərbi Azərbaycanın digər bölgələri kimi, Göyçənin də başı üzərində dolaşmaqda idi. 1918-ci ildə erməni quldur dəstələri Göyçədə--azərbaycanlıların daha çox yaşadıqları Basarkeçər (Vardenis) rayonunda Novruz bayramı ərəfəsində qanlı cinayətlər törətdilər, yüzlərlə azərbaycanlı amansızlıqla qətlə yetirildi, qarlı-çovğunlu qış günlərində günahsız insanlar sıldırımlı dağ yolları ilə Kəlbəcər və Gədəbəy rayonlarına doğru axışıb, zülm və işgəncədən canlarını qurtardılar.

1920-ci ildə göyçəlilər yenidən ata-baba torpaqlarına qayıtdılar. 1948-ci ilədək onlar şad və xürrəm yaşasalar da, göyçəlilər yenidən erməni xəyanəti ilə üzləşdilər. “Könüllülük” prinsipi əsasında Basarkeçərdən bir çox ailələr zorla Azərbaycana köçürüldü, isti iqlim şəraiti çoxlarının ömrünə balta vurdu.

1988-ci ildə göyçəlilərin Qərbi Azərbaycandan kütləvi surətdə köçürülməsinə başlandı. Azərbaycan əhalisi o çətin günlərdə terrora məruz qaldılar, var-dövlətləri daşnaklar tərəfindən talan olundu. Buna köçürülmə yox, repressiya demək daha düzgün olardı.

Qədim Azərbaycan torpaqları olan Ərəvan, Göyçə, Sünik, Zəngəzur mahalları ilk tayfa yaşayış yerləri, qəbiristanlıqları, qalalar, qalaüstü təsvirlər, alban və orta əsrlər dövrünə aid yaşayış yerləri, şəhər qalıqları, körpülər, türbələr, məscidlər, karvansaralar, daş körpülər, at, qoç heykəlləri və digər abidələrlə zəngin idi. Ancaq təəssüflər olsun ki, Birinci Qarabağ savaşından sonra həmin yerlər işğalçı ermənilər tərəfindən dağıdılıb, alt-üst edilmişdir.

Vaxtilə Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisyan), Meğri (Mehri), Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və az sayda erməni əhalisi var idi.

Vurğulamaq lazımdır ki, Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Ona görə də bu əraziyə Zəngi dərəsi də deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər və Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır.

Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşlarının mərkəzi, qanlı döyüşlərin məkanı olub. 1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu hökmranlığını Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşdı.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.

Qərarda Zəngəzur bölgəsi 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölündü.

Artıq 30 ildir ki, Qərbi Zəngəzur ermənilər tərəfindən işğal olunmuş, qədim Oğuz ellərində faşist xislətli ermənilər məskunlaşmış, zəngəzurlu azərbaycanlılar doğma diyarı məcburi tərk etmişlər.

Prezident İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır”...

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi bütöv Azərbaycan tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrindən biri olub.

2020-ci ilin 44  günlük Vətən müharibəsində qazanılan qələbə bizim əyilməz ruhumuzu göstərdi, 30 ilə yaxın faşist xislətli ermənilərin işğalı altında olan torpaqlarımız azad olundu, Ermənistan ordusunun canlı qüvvəsi məhv edildi.

Artıq xeyli vaxtdır ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və yenidənqurma işləri aparılır. Şərqi Zəngəzur hünər meydanına çevrilib. Yeni elektrik təsərrüfatı qurulur, yol-nəqliyyat infrastrukturuna xüsusi diqqət göstərilir. Artıq Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə başlanılıb, bir neçə xarici şirkət öz təklifini verib, indi seçim aparılır.

Çox tezliklə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, Zəngilan rayonunun üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi uğurla reallaşacaq, sosial xidmətlər, “ağıllı kənd” təsərrüfatı alternativ enerji sahələri üzrə aparılacaq, bu ərazilər “yaşıl enerji” zolağına çevriləcəkdir.

Prezident İlham Əliyevin iştirakı ilə çox böyük strateji əhəmiyyətli Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması isə tarixi hadisə oldu. Bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşların gəlməsi, yüklərin daşınması üçün çox böyük əhəmiyyətə malikdir. Bu yol vasitəsilə Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bir-birinə bağlanacaq Zəngəzur dəhlizinin bərpası olan bu dəmir yolu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.

Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 7 iyul tarixli Fərmanı yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bölgədəki rayonların iqtisadiyyatı üçqat inkişaf edəcək, regional kommunikasiyaların bərpası və inşası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə yeni reallıqlar yaradılacaq. Daha çox diqqətçəkən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması isə tarixi ədalətin bərpası olmaqla, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının iqtisadiyyatını yüksəldəcəkdir.

Vətən müharibəsində cəmi 44 gün ərzində tarixi qələbə qazandıq, düşmənin texnikası, ordusu məhz edildi, 30 ilə yaxın ermənilərin işğalı altında olan ərazilərimiz azad edildi, haqq, ədalət zəfər çaldı. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir.

İrəvan, Göyçə mahalı, Qərbi Zəngəzur illərdən bəridir ki, işğal altındadır. O yerlər bizim ulu babalarımızın, azərbaycanlıların əzəli torpaqlarıdır. Ermənilər üzərindəki hərbi üstünlüyümüz davam edəcək, gün gələcək ki, Zəngəzurun Qafan, Gorus, Sisyan, Meğri rayonları, İrəvan şəhəri, Göyçə mahalı və digər ərazilərimiz də azad olunacaq, ermənilər öz məkrli siyasətini reallaşdıra bilməyəcəklər.

Qədir ASLAN,

“Respublika”.