Ermənistan ədalət məhkəməsi qarşısında cavab verəcək
Digər xəbərlər

Ermənistan ədalət məhkəməsi qarşısında cavab verəcək

Dinc əhaliyə qarşı cinayətlər törətmək, vandallıq, vəhşilik etmək, təxribatlara əl atmaq şovinist ermənilərin iç üzünü açır, xislətini göstərir. Onların mənfur əməlləri bəşəriyyət üçün yenilik deyil. Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, qondarma "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçiriblər. Tarixə nəzərə salsaq görürük ki, erməni terrorunu, erməni vandalizmini, vəhşiliyini, soyqırımlarını, qanunsuz əməllərini sübut edən faktlar həddindən çoxdur.

Hələ 1905-1907-ci illərdəki rus inqilabı zamanı yaranan qarışıqlıqdan istifadə edərək, Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda 75 azərbaycanlı kəndini talan etmişlər, kütləvi qırğınlar törətmişlər. Ötən əsrin sonlarında yenə də fürsət tapan, Sovet imperiyasının dağılması ilə yaranan qarışıqlıqlardan sui istifadə edən erməni millətçiləri öz mənfur iç üzlərini bir də ortaya qoydular. Azərbaycan ərazilərini ilhaq etmək niyyətlərini açıq şəkildə göstərdilər və ardınca da hər şeyə, hətta qanlı cinayətlərə, qətliamlara, soyqırımına belə əl atdılar. Ümumiyyətlə, Azərbaycanın qələbəsini, ölkəmizin 44 gün ərzində qazandığı Zəfəri qəbul edə bilməyən erməni daşnakları dinc əhaliyə qarşı qətliam törətdilər. Onların törətdikləri terror aktları nəticəsində dinc əhali arasında həlak olanların böyük əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edir.

İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Nizami yurdu Gəncəni beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq növbəti dəfə atəşə tutdu, qana susayan erməni qəsbkarları, insanlıqla bir araya sığmayan yeni qətl törətdilər... Gecəyarısı, dinc əhali yuxuda ikən səhər atəşə tutuldu. Bəşəriyyətə sığmayan bu terror hadisəsi nəticəsində  çoxlu sayda vətəndaşların mülkləri dağıldı, ölənlər və yaralananlar oldu. Müxtəlif təyinatlı obyektlərə külli ziyan dəydi. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisi idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması işğalçı ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirmiş oldu. Bəli, Ermənistanın dinc əhalini, çoxmənzilli yaşayış binalarını və mülki obyektləri ağır artilleriya və raket atəşinə tutması işğalçı ölkənin dövlət səviyyəsində terror siyasəti yürütməsinin əyani təsdiqidir. Bu gün də döyüş meydanında güclü ordumuzla üz-üzə gəlməyə cürət etmədikləri üçün də hirs-hikkələrini günahsız insanlardan çıxmağa çalışırlar. Xislətlərindəki namərdliyə, qorxaqlığa, murdarlığa xas olaraq döyüş meydanındakı məğlubiyyətlərinin acısını əliyalın camaatdan alırlar. Bu isə Ermənistanın terrorçu xislətindən heç bir zaman əl çəkməyəcəyini göstərir. Mülki vətəndaşlarımıza tuşlanan hər nişan erməni faşistlərinin nə qədər vəhşi, rəhmsiz, qaniçən olduğunun növbəti sübutu, bariz nümunəsidir. Bu murdar xislətli təcavüzkarlar nifrətə, kinə o qədər kökləniblər ki, hətta dinc əhaliyə atdığı raketlərdə qadağan olunmuş odsaçanlardan-kaset döyüş başlıqlarından belə istifadə etmişdirlər. Bu isə məkrli erməni siyasətinin çirkin üzünü, mənfur düşmənin öz qəddar əməllərini törətmək üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini göstərir. Bu faşist xislətli rejim əvvəlki ənənəsinə sadiq qalaraq yenə də insanlığa sığmayan əməllərə imza atır, uşaq, qoca, körpə bilmədən dinc əhalini hədəfə alır.

Erməni vandalizmi Gəncədə neçə-neçə xoşbəxt ailənin arzularını puç etdi... Gəncədə terror vaxtı möcüzə nəticəsində salamat qalmış 2 yaşlı  Nilayın mərhum ata və anası oktyabrın 18-də ad gününü qeyd edəcəkdi. Bəli, budur erməni vəhşilərinin  iç üzü... Xarabalıqlara çevrilmiş ərazilərdə ağlayan, sızıldayan insanları görən hər kəs bu hadisələri, Ermənistanın hərbi siyasi rəhbərliyinin atdığı bu iyrənc qətl hərəkətini heç zaman yaddan çıxmayan soyqırımı kimi qiymətləndirir. "Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", -deyən Türk dünyasının fenomeni əbədiyaşar Heydər Əliyev də məhz bunu bizə tövsiyə edib.

Onu qeyd edək ki, xarici diplomatlar, qonaqlar, jurnalstlər və turistlər  bu əraziyə baş çəkdikcə bir daha erməni şovinistlərin iç üzünü yaxşı görürlər. Aydındır ki, o ərəfədə erməni şovinistləri dinc əhalini hədəf almaqla xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi dədə-baba torpaqlarımızın itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin baş verən bütün bu hadisə gəncəlilərin əzmini qırmadı. Nikbin olan gəncəlilər zəfər əzmi ilə yaşadı: "Təki Vətən sağ olsun, Qarabağımız işğaldan azad olunsun”, -dedilər.

Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı və qələbə bizimlə oldu. Elə ona görə də Müzəffər Ali Baş Komandan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və titanik səyi nəticəsində, Müzəffər Ordumuzun şücaəti və xalqın dəstəyi ilə Azərbaycan tarixi torpaqlarının erməni işğalından azad edilməsinə nail oldu. Haqq-ədalət bərpa olundu. Şəhidlərimizin qisası yerdə qalmadı, yetərincə alındı. Tam əmiliklə demək olar ki, vandalizm və qanlı  terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, dinc sakinlərimizə qarşı soyqırımları törədən qatil Ermənistan bu ağır cinayətlərə, tökdüyü qanlara görə tezliklə bəşəriyyət və  ədalət məhkəməsi qarşısında mütləq cavab verəcək...

Zabit XƏLİLOV,

“Respublika”.