Ermənistan müstəqil siyasət yürüdə bilmir
Digər xəbərlər

Ermənistan müstəqil siyasət yürüdə bilmir

Günümüzdə  müstəqil xarici siyasət aparmağa qadir olmayan ölkələr mövcuddur. Sözügedən dövlətlərə ən bariz nümunə daim çirkin planları ilə gündəmə gələn Ermənistanı göstərmək olar. Təsadüfi deyil ki, erməni ekspertlər belə ölkənin müstəqil xarici siyasət kursuna malik olmadığını deyirlər. Ermənistan beynəlxalq səviyyəli tədbirlərdə iştirak edib danışıqlar aparmağa cəhd etsə də, son anda öz qərarını verə bilmir. Düşmənin hazırda yürütdüyü uğursuz siyasət ermənilərin özünü də narahat edir. Erməni siyasi xadim Mihran Hakobyanın Paşinyanın ölkənin xarici siyasətini passivləşdirərək çıxılmaz hala gətirdiyini vurğulaması bunu bir daha təsdiqləyir. Bundan başqa, hakimiyyətə gəldiyi andan bəri Paşinyan Rusiya, Çin, ABŞ və başqa ölkələrlə olan əlaqələri demək olar ki, korlayıb. Görünür, hazırda dövlətin xarici siyasətinin inkişafı istiqamətində də heç bir addım atılmır. Beynəlxalq səviyyədə qəbul olunmuş razılaşmalarda da Ermənistanın müstəqil qərarlar qəbul edə bilmədiyi açıq-aydın görünür. Düşmən daim bir qrup kənar qüvvələr tərəfindən yönləndirilərək onların əlində oyuncağa çevrilib. 

 Bu gün ölkəmiz mürəkkəb situasiyada sivil qaydalara, beynəlxalq münasibətlər sisteminin prinsiplərinə uyğun fəaliyyət göstərir. Dövlətimiz qərb “qonşumuz” və onun havadarlarının çoxsaylı təxribatlarına baxmayaraq, öz haqq yolundan əsla dönmür. Danılmaz faktdır ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil. Bundan başqa, dövlətimizin uğurlu siyasəti, istər regionda, istərsə də beynəlxalq aləmdə artan nüfuzu onun gücünün, qüdrətinin təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın “siyasi kursunu” belə qiymətləndirmişdir: “Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır... Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?”.

Ermənistanın yürütdüyü siyasət onu uçuruma aparır. Gerçək belədir ki, bu ölkənin indiki rəhbərliyi məsuliyyətsizdir, atdığı addımların nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Həmçinin,  Ermənistanın iqtisadi sahədə digər dövlətlərdən asılı olması onun uğursuzluğunun əsas səbəblərindən biridir. Əslində, mənfur qonşumuzun idarəçilik sisteminə nəzər salsaq ortaya çox gülünc bir mənzərə çıxar. Belə ki, dövlət hazırda kvadrat daxilində hərəkət edən kiçik topa bənzəyir. Bu top da xarici qüvvələrin təsiri nəticəsində bir küncdən digər küncə yer dəyişir. Hətta “top” istiqamətini dəyişmək istəsə belə məhz həmin kvadrat onun yoluna məhdudiyyət qoyacaq. Ölkənin bu vəziyyətdən xilas olması isə demək olar ki, qeyri-mümkündür. Axı, təcrübə yox, səriştə yox…

Nəzrin ELDARQIZI,

“Respublika”.