Ermənistan özünə
Siyasət

Ermənistan özünə "dost", havadar axtarır

Deyirlər insanın xarakteri, xisləti heç vaxt dəyişmir. Əksinə, zaman keçdikcə daha kəskin forma alır. Millətlər də belədir. Yaradılışından, bünövrəsindən nədirsə, nəyə, necə qadirdisə elə də davam edir. Əlbəttə, belə olan halda xain, tamahkar, bic xisləti ona yaxşı mənada inkişaf etməyə imkan vermir. Bu mənada, qonşumuz ermənilərin xainliklərini çox görmüşük.

Uşaq vaxtı eşitmişdim ki, ilana zəhəri kərtənkələ verir. Uşaq ağlı ilə inanırdım ki, guya, zəhər lazım olanda yaxınlaşır kərtənkələyə, o da "xammalla" ilanı təmin edir. Hətta bir neçə dəfə böyürtkən kollarının arasında ilanla kərtənkələni yanaşı da görmüşdüm. Özlüyümdə təsdiqləmişdim ki, həqiqətən bu, belədir. Bu yalnız uşaq təxəyyülünün məhsulu olsa da, ancaq həyatda buna bənzər hadisələrin şahidi oldum. Bu gün Ermənistan kərtənkələdən zəhər alan ilan kimidir. Bəs onu bu zəhərlə təmin edən kimdir? Bu, elə də qəliz, cavabı vaxt tələb edən sual deyil...

Qayıdaq 30 il bundan əvvələ. Hələ Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanda hakimiyyət özbaşınalığı ucbatından ard-arda torpaqlarımız işğal olunanda Ermənistanın əli böyüklərin ətəyində idi. Rusiyanın balağında sürünən ermənilər bu dövlətin ovaxtkı gücündən qüvvət alaraq torpaqlarımızın 20 faizini işğal etdilər. Bu o zamanlar idi ki, Azərbaycan nəinki siyasi baxımdan, iqtisadi cəhətdən də çox zəif, gücsüz bir dövlət idi. Lakin düzgün və vaxtında aparılan siyasi islahatlar, iqtisadi inkişaf, güclü ordu quruculuğu 30 illik işğal problemini 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə həll etdi. Mübarizəmizin haqlı olduğunu görən dünya birliyi, güclü dövlətlər belə bizə dəstək oldu. Ümidləri Kremlin kölgəsində puça çıxan Ermənistan məğlubiyyətinin acısında boğuldu. İkinci Qarabağ müharibəsi zamanı Paşinyan çox böyük ümidlərlə inanırdı ki, Rusiya yenədə ona havadar çıxacaq. Kömək əlini uzadacaq. Ancaq belə olmadı. Rusiya iqtisadi potensiala malik, neft ehtiyatları ilə zəngin və siyasi cəhətdən güclü dövlət kimi Azərbaycanla tərəfdaşlığını qorumağı daha üstün tutdu.

Bu dəfə Paşinyanın göz yaşlarını silməyə firəng bacıları özünü yetirdi. Fransadan aldığı dəstəyin "ab-havasında" coşan Ermənistan bir az da irəli getməyə çalışdı. Bu dəfə ilanın aldığı zəhər fransız ətirli zəhər idi. Paşinyanı himayə etməyə çalışan Makron səhv etdiyini anlayırdı. Ancaq bu ona lazım idi. Çünki ölkəsində olan güclü erməni lobbisinin, milyonçularının kölgəsi də Makronu himayə edirdi. Proseslərin gedişi onu göstərdi ki, bunlar hamısı boş hay-küydən başqa bir şey deyil, qazanan tərəf isə yalnız Makrondur. Beləcə, Ermənistan Rusiyanın tozlu yollarında itib-batdığı kimi, Fransanın da sarı jiletlərində soldu.

Bacısı Fransanın da işə yaramadığını görən Paşinyan bu dəfə çox da uzağa getmədi. Yaxın qonşusu İrana meylini saldı. Ermənistanın birinci xanımı Anna Akopyanın büründüyü İran çadrasında nicat aradı. Tələsik Qafanda İranın konsulluğunu açmaqla işini daha tədbirli görmüş hesab etdi. Bəs, müsəlman ölkəsi olan İran Ermənistanın nəyinə lazımdır? Yazının əvvəlində də qeyd etdiyim kimi, xarakter, xain xislət heç vaxt dəyişmir. Adıçəkilən hər iki dövlət açıq-aydın və yaxud da dolayısı ilə Azərbaycanın hərtərəfli uğuruna, regionda söz sahibi kimi dünyaya inteqrasiyasına nəinki sevinmir, hətta bütün vəchlə buna mane olmağa çalışır. Qarabağ torpaqlarının işğaldan azad edilməsi Ermənistanın işğalçı ölkə kimi məğlubiyyətidirsə, İranın da sərfəli və gəlirli narkobiznesinin əlindən çıxmasıdır. O üzdən də Ermənistanın başına sığal çəkməklə birmənalı şəkildə Azərbaycana mesaj ötürmüş olur. Ancaq İran bir məsələni unudur ki, Azərbaycan 30 il əvvəlin ölkəsi deyil. İndi dünyanın aparıcı dövlətləri Azərbaycana qarşı həm siyasi, həm də iqtisadi cəhətdən maraqlıdırlar. Bu gün dünyanın inkişaf etmiş, iqtisadi cəhətdən güclü ölkələri Azərbaycanla tərəfdaşlığı daha önəmli və sərfəli hesab edirlər. Paşinyanın isə bütün manevr və cəhdləri bir-bir puç olunca bu dəfə xilası Qərbdə axtardı. İndi Ermənistan və rəhbərliyi çabaladığı çətinliklər məngənəsində boğulmamaq üçün Qərbdə özünə havadar axtarır. Paşinyanın "çoxtərəfli" siyasəti nə ölkəsini düşdüyü böhranlı vəziyyətdən qurtaracaq, nə də dünya ölkələri arasında ona nüfuz qazandıracaq. Dilənçi kimi gündə bir dövlətin qoltuğuna sığınıb, sədəqə uman Ermənistan bütün hallarda Qafqazın başbəlasıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".