Ermənistan üzərində növbəti diplomatik qələbə
MÜSAHİBƏLƏR

Ermənistan üzərində növbəti diplomatik qələbə

Prezident İlham Əliyev Praqada Avropa Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın Baş naziri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair keçirilən dördtərəfli görüşdə tarixi imza atdı. Bu, Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin Ermənistan üzərində növbəti siyasi qələbəsi idi. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıdığını və Prezident İlham Əliyevin sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtləri qəbul etdiyini bildirdi. Digər məsələlərin həlli hər iki dövlətin xarici işlər nazirlərinin, eləcə də ölkə rəhbərlərinin növbəti görüşlərində müzakirə olunacaq.

Ermənistan rəhbərliyi Azərbaycan xalqının iradəsini, Azərbaycan dövlətinin potensialını düzgün qiymətləndirərək konstruktiv mövqe nümayiş etdirməlidir. Paşinyanın öz müttəfiqi olan Rusiyanın başı üzərindən Avropa İttifaqı və Fransaya üz tutması Rusiyanın Prezidenti və administrasiyası tərəfindən heç də xoş qarşılanmayacaq. Artıq Ermənistan cəmiyyətində antirusiya meyilli qüvvələr fəallaşıb. Bu, Paşinyan hökuməti tərəfindən də düşünülmüş bir siyasətdir. Artıq Rusiyanın siyasi dairələrində, KİV-lərində Paşinyanın siyasəti sərt tənqid olunur və onun fikirlərini cəfəngiyat adlandırırlar.

Bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyanın əlindədir və bu dövlətin sərhədlərini rus hərbçiləri qoruyurlar. Ermənistanın Avropa İttifaqı və Fransanın mülki missiyasını öz ərazilərinə dəvət etməsi bu ölkənin aqibətinin yaxşı olmayacağını yəqin etmək anlamına gəlir. Ermənistan bu satqınçılıq siyasətinin ağrısını çəkəcək və yaxın vaxtlarda bu gün ona himayədarlıq edən başqa dövlətə və beynəlxalq təşkilata da xəyanət edəcək.

Azərbaycan isə müstəqil, suveren bir dövlətdir, beynəlxalq aləmdə böyük nüfuza sahib bir ölkədir. Prezident İlham Əliyev bütün dövlətlərlə balanslaşdırılmış, müstəqil siyasət yürüdən güclü lider, mahir diplomatdır. Ölkə başçımızın apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, Avropa İttifaqı və bir sıra Avropa dövlətləri Azərbaycanı özlərinə müttəfiq və etibarlı dost dövlət hesab edirlər. Bu yüksək etimad və hörmət ölkə başçımız İlham Əliyevin güclü siyasətçi olması və müstəqil, qətiyyətli xarici siyasət yeritməsindən irəli gəlir. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb marşrut xətlərinin mərkəzində yerləşməsini, eyni zamanda onun öz ərazisində yaratmış olduğu müasir nəqliyyat infrastrukturunu Avropa çox yüksək qiymətləndirir və önəm verir.

Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcmi hər il artırılır. Cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumuna əsasən Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi 2 dəfə artırılacaq. Keçən il Avropaya 9 milyard kubmetr qaz ixrac olunub, bir neçə ildən sonra ixracın ən azı 18 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu, Avropanın enerji təhlükəsizliyinə böyük dəstək olacaq.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında da Avropa İttifaqı böyük təşəbbüs göstərir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə keçirilən üçtərəfli, eləcə də oktyabrın 6-da Fransa prezidenti Makronun iştirakı ilə baş tutan dördtərəfli görüş sülh prosesinin yaxınlaşmasına ümidi artırır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mütəmadi görüşlərinin keçirilməsi, həmçinin hər iki dövlət tərəfindən yaradılmış müvafiq komissiyaların sülh mətnini hazırlaması gündəmdə duran vəzifələrdəndir.

Bu gün bir qrup erməni silahlı dəstələri hələ də Qarabağdan çıxarılmayıb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentinə və Fransa Prezidentinə Ermənistanın üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmədiyini bildirdi. Ölkə başçımız Praqa görüşlərində bir daha dünya ictimaiyyətinin və görüş iştirakçılarının diqqətinə çatdırdı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquqları digər azərbaycanlı vətəndaşların hüquqları kimi qorunacaq. Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra ermənilərin yaşayışı indikindən qat-qat yaxşı olacaq.

Prezident cənab İlham Əliyev bir daha Ermənistan rəhbərliyini 10 noyabr 2020-ci il tarixli Bəyanatın bəndlərinə uyğun olaraq Azərbaycandan Naxçıvana gedən yolun açılması barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırdı.

Görüşün nəticəsi olaraq verilmiş Bəyanatda qeyd olunur: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır". Ermənistan ölkəmizin suverenliyini tanımaqla Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, artıq bütün dünya "Qarabağ Azərbaycandır!" ifadəsini işlədir.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri,

professor.