Ermənistanın baş nazirinin növbəti riyakarlığı
Digər xəbərlər

Ermənistanın baş nazirinin növbəti riyakarlığı

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə Ermənistanın baş naziri daha bir absurd bəyanatı ilə yadda qaldı. Nikol Paşinyan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda viran qoyulmuş və təhqir edilmiş məscidlərimizi ermənilərin dağıtdığını inkar etdi. Üstəlik, bu məsələdə də günahı başqalarının, daha dəqiq desək, sovet hökumətinin üstünə atdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda ermənilərin Qarabağda 67 məscidi barbarcasına dağıtması faktlarını səsləndirdi. Paşinyan isə bu məsələyə cavabında hər zamankı kimi riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını, Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi: "Azərbaycan tərəfi iddia edir ki, Qarabağda Azərbaycan məscidləri birinci müharibədən sonra ermənilər tərəfindən dağıdılıb. Sovet hakimiyyəti illərində Azərbaycanda 1500-dən çox məscid dağıdılıb. Qarabağ erməniləri sovet dövründə baş vermiş bu hadisələrin günahkarı deyil və bunun cavabını verməməlidir. Qorxduğum odur ki, Azərbaycan bütün bu vəziyyətə dini kontekst vermək istəyir. Münaqişədə heç bir dini kontekst yoxdur. Ermənistanda müsəlman azlığımız və fəaliyyət göstərən məscidimiz var. Bu, reallıqdır".

Təbii ki, İrəvan rəsmisinin dedikləri həqiqəti əks etdirmir. Bunu bir nümunə ilə əsaslandıraq. XIX əsrdə inşa olunan Ağdam rayonu, Qiyaslı kənd məscidi 1993-cü ilin yayında kəndin işğalınadək fəaliyyət göstərib. İndi Paşinyanın bu məscidin 1991-ci ilədək dağıdıldığını iddia etməsi gülüncdür. Yəni reallıq ondan ibarətdir ki, bu məsələdə yeganə günahkar elə vandalizmi dövlətçilik ənənəsi halına gətirən Ermənistandır. Eyni zamanda, ermənilər təkcə məscidlərimizi dağıtmayıb, ibadət yerlərimizdə donuz və inək də saxlayıb. Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan məscidini təmir edərək dünyaya fars məscidi kimi təqdim etməyə çalışıb. Bütün bu faktlara baxmayaraq, Paşinyan indi beynəlxalq kürsülərdən yalan açıqlamalar verir, üçüncü şəxslərin üzərinə böhtan ataraq dünyanı aldatmağa cəhd edir. Bu isə Ermənistan hakimiyyətinin və birbaşa olaraq Nikol Paşinyanın həyasızlığını sübut edir.

Lakin beynəlxalq münasibətlərin tənzimləndiyi bir platformada belə əsassız bəyanatların səsləndirilməsi cavabsız qalmamalıdır. İstər Azərbaycan hökuməti, istərsə də keçmiş SSRİ-nin banisi olan hazırkı Rusiya Federasiyası faktlarla həqiqətləri dünyaya çatdırmalıdır. Çünki Bakının mərkəzində bu gün belə erməni kilsəsi içərisindəki 5000 ədəbiyyatla birlikdə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Bu halda ölkəmizin tolerantlıqdan uzaq ölkə adlandırılması, tarixi faktların təhrif olunması yolverilməzdir.

Jalə QASIMZADƏ,

"Respublika".