Ermənistanın ikili mövqeyi
Digər xəbərlər

Ermənistanın ikili mövqeyi

Anti-Rusiya çağırışları intihar cəhdindən başqa bir şey deyil

Paşinyan hakimiyyətə gəldikdən sonra beynəlxalq arenadakı siyasi mövqeyi getdikcə dəyişir. Gah Qərb, gah İran və Hindistan, gah da Rusiya tərəfə yönəlir. Günü-gündən isə anti-Rusiya təbliğatları artmaqdadır.

Lakin bu, dünyanın bəzi ölkələri, həm də xaricdə yaşayan ermənilərlə Ermənistan hakimiyyəti arasında qarşıdurmalara səbəb olur. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Rusiyaya bağladığı ümidlər puça çıxdı. Bundan sonra Rusiya-Ukrayna müharibəsinin başlaması və Rusiyanın başının özünə qarışması Ermənistana sərbəst davranmaq üçün bəhanə oldu. Erməni dövləti anti-Rusiya mövqeyini davam etdirir. Bu isə rəsmi Moskvanın Yerevana qarşı ciddi addımlar atmaq ehtimalını artırır. Son iki ayda anti-Rusiya dalğalarının artması daha çox müşahidə olunur. Ölkədə Rusiyanın Ukraynada apardığı müharibənin əleyhinə etiraz aksiyaları davam edir. Həmçinin, yerli mətbuatda da Surmaluda baş vermiş partlayışda "Rus izləri" adı altında yazılar və reportajlar dərc edilir. Bununla yanaşı, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi də gündəmdədir. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra Ermənistana verdiyi "vəd"lər hakimiyyəti və cəmiyyəti Rusiyadan üz döndərərək qərbə istiqamətləndirdi. Politoloqlar qeyd edir ki, son zamanlar Avropa və Amerikanın Rusiyaya qarşı gördüyü tədbirlər tezliklə Rusiyanın zəifləyib parçalanacağı ilə bağlı fikirlərin formalaşmasına şərait yaradır. Bu da Ermənistanın Rusiyadan uzaqlaşıb Qərblə yaxınlaşmasını şərtləndirir.

Hələ İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın neytral tərəfdə çıxış etməsi və Ermənistanın gözləntilərini qarşılamaması xalqı Rusiyaya qarşı qaldırmışdı. Onlar elə düşünürdülər ki, Rusiya onların əvəzinə vuruşacaq. Lakin düşündükləri kimi olmadı. Həmçinin onu da qeyd edə bilərik ki, indiki şəraitdə regionda gedən proseslərlə bağlı Rusiyanın mövqeyi Azərbaycanın mövqeyi ilə daha yaxındır. Bu isə Ermənistan tərəfində qıcıq yaradır.

Ümumiyyətlə, Ermənistan həmişə ikili siyasət aparan və dostlarına xəyanət edən ölkə kimi tarixə düşüb.  İndi də gah Rusiyanın siyasətini dəstəkləyir, gah da qərbyönümlü siyasət yürütmək üçün hazırlıq görür. Məlum məsələdir ki,  Rusiyanın dəstəyi olmasa Ermənistan ayaqda qala bilməz. Lakin buna baxmayaraq, Ermənistan hələ də ikili siyasətindən dönmür. Ermənilərin Azərbaycana qarşı aqressiv, xəyanətkar mövqeyi yavaş-yavaş Rusiyaya qarşı yönəlir. Bunun isə bütün dünya fərqindədir. Xarici mətbuatda: "Paşinyandan uçuruma doğru növbəti addım" başlıqlı məqalə dərc edilib. Məqalədə ötən il BMT-nin Baş Assambleyasının növbəti toplantısında Nikol Paşinyanın etdiyi çıxış təhlil olunub. Qeyd edilib ki, N.Paşinyan müttəfiqləri ilə bağlı səsləndirdiyi fikirlərdə, birmənalı olaraq, Rusiyanın qurduğu hərbi və siyasi təsisatlara onun komandasının və erməni cəmiyyətinin inamsızlığını, artıq Ermənistanın üzünü Qərbə çevirdiyini etiraf etmiş oldu.

Lakin Ermənistan unutmamalıdır ki, həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Moskvadan asılı dövlətdir. Aparılan bu anti-Rusiya təbliğatları isə intihar cəhdindən başqa bir şey deyil.

Töhfə SƏMƏDOVA,

"Respublika".