Ermənistanın növbəti təxribatı
Digər xəbərlər

Ermənistanın növbəti təxribatı

Ermənistandakı revanşist qüvvələr regionda sülhün bərqərar olmasını istəmir, bölgədə sabitliyin yaradılmasına əngəllər törədirlər. Ermənistan dövləti 10 noyabr 2020-ci il razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu halda, tam əksini edərək Azərbaycanla sərhəddə yeni hərbi texnikalar cəmləşdirir, canlı qüvvələr yığaraq təxribatlar törədir. Təəssüf ki, sülhməramlılar bu məsələlərlə bağlı heç bir ciddi addımlar atmırlar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni separatçılarının son təxribatı da Azərbaycan cəmiyyətində hiddət və haqlı narazılıq doğurub.

Qeyd edək ki, Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində növbəti dəfə təxribat edib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, martın 5-də səhər saatlarında Ermənistan tərəfinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasının həyata keçirilməsinə cəhd edilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan tərəfinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribat da 10 noyabr 2020-ci il Bəyanatının kobud şəkildə pozulmasıdır. Forpost ölkə yenə öz öhdəliklərini yerinə yetirmək istəmir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, minaların daşınması davam edir. Hazırda separatçıların üzləşdiyi başqa bir problem də var. Laçın yolunda ekofəalların davam edən aksiyası onların silahlanmasını çətinləşdirir. Ona görə də "gizli yollardan" istifadə etməyə cəhd edirlər. Qanunsuz hərbi daşınmalar birbaşa sülh danışıqlarının əleyhinə yönəlib. Ermənistan danışıqlar masasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, bu cür təxribatçı davranışlarla əsl terrorçu mahiyyətini gizlədə bilmir. Təəssüflə qeyd etmək lazımdır ki, 10 noyabr Bəyanatının imzalanmasından kifayət qədər vaxt keçməsinə baxmayaraq, erməni separatçıları hələ də Qarabağdadır və rus sülhməramlılar altında Rusiya Prezidentinin imzası olan Bəyanatın 4-cü maddəsini hələ də yerinə yetirməyiblər. Üstəlik, separatçılar özlərinə yeni mövqe inşa edir, silah daşınır, amma rus sülhməramlılar buna göz yumur, özlərini görməzliyə vururlar.

Azərbaycan Qarabağ iqtisadi rayonuna Ermənistandan silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları ilə bağlı əvvəllər də beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət edib. Lakin bütün xəbərdarlıqlara baxmayaraq, təxribatların davam etməsi, insanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğu Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruriliyini təsdiq edir. Xarici İşlər Nazirliyi (XİN) də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə məlumatında bildirilir ki, bu kimi təcavüz aktı və təxribatlar Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, bu ölkənin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini dərhal çıxarmasını tələb edir. Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insident bir daha Azərbaycan və Ermənistan arasında danışıqların aparılmasına ehtiyac olduğunu təsdiqləyir. Bu barədə öz "tvitter" səhifəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.

Mövcud vəziyyət qarşısında sülhməramlıların səssiz qalması və ya yerli erməni qruplaşmalarına dəstək olması regionda sülhə və təhlükəsizliyə böyük təhdidlər yaratmaqla yanaşı, Rusiyanın, Avropa İttifaqının və digər beynəlxalq vasitəçilərin səyi ilə aparılan sülh danışıqlarının taleyini də sual altına qoyur. Təxribatın Xocalıda ermənilərlə ilk təmasdan sonra baş verməsi də diqqətçəkən məqamdır. Bu hadisə separatçıların həm prosesi pozmaq, həm də "Azərbaycana inteqrasiya mümkün deyil" görüntüsü yaratmaq kimi məkrli niyyətlərini təsdiq edir.

Mustafa KAMAL,

"Respublika".