Ermənistanın reallaşmayan arzuları
Digər xəbərlər

Ermənistanın reallaşmayan arzuları

Ermənistanın siyasi arenada gah Qərbi, gah da Rusiyanı seçməsi onun ikili mövqeyinin açıq nümunəsidir. Lakin bu, tək nümunə deyil. Rəsmi İrəvan indi də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avropa İttifaqı (Aİ) arasında qalıb. Bu ikili siyasət özünü İkinci Qarabağ müharibəsi dövründə büruzə verməyə başlamışdı.

Belə ki, Azərbaycan-Ermənistan sərhədinə KTMT-nin deyil, Avropa İttifaqı müşahidəçilərinin gətirilməsini tələb etmişdi. Səbəb olaraq isə bildirmişdi ki, KTMT-dən onlar üçün prinsipial məsələyə aydınlıq gətirilməsini - Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirməyi xahiş ediblər, lakin KTMT-dən bir cavab gəlməyib. Əslində isə Paşinyan öz ərazi iddialarını ortaya ataraq KTMT qüvvələrinin Azərbaycanla üz-üzə gəlməsinə cəhd edirdi. Lakin buna nail ola bilmədi, çünki KTMT-yə üzv dövlətlər bundan imtina etmişdi. Ardınca isə Paşinyan qeyd etmişdi ki, guya Aİ Ermənistanın ərazi iddialarını dəstəkləyib və müşahidəçilərini göndərəcəyini bildirib. KTMT-yə qarşı yönəldilən bu iddialara Vladimir Putin cavab olaraq: "Ermənistan KTMT-nin üzvüdür, bizim onun qarşısında müəyyən öhdəliklərimiz var. Rusiyanın Təşkilat çərçivəsində müqavilə öhdəliklərinin icrası məsələsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik və yetirəcəyik. Lakin hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir", - demişdi. Bu isə Ermənistanın gözlədiyi bir cavab deyildi. Müharibə zamanı Rusiyanın neytral qalması Ermənistanı daha da qıcıqlandırırdı. Bunun nəticəsində, daxildə xalq Rusiyaya qarşı aksiyalar keçirirdi. Düşüncələrinə görə, Rusiya onlar üçün vuruşmalı imiş, lakin bu, heç də belə olmadı. Həmçinin Nikol Paşinyan Rusiya sülhməramlılarını tənqid etmiş, hətta təhdid etməkdən də çəkinməmişdi. O, Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını və buraya BMT-nin sülhməramlılarının gətirilməsini təklif etmişdi.

Analitiklər bildirir ki, Ermənistan daima KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etməyə çalışıb. Ancaq heç vaxt buna nail ola bilməyib, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Bu da beynəlxalq arenada Ermənistanın nüfuzunu olduqca aşağı salır. Həmçinin heç də gözlədiyi kimi, bütün dövlət və təşkilatlar ona arxa çıxmır.

Hazırda isə Ermənistanın KTMT-dən çıxması gündəmdədir. Təşkilatın təlimlərinin Ermənistanda keçirilməsinin məqsədəuyğun hesab edilməməsi Paşinyan hakimiyyətinin təşkilatdan çıxmaq istəməsinə və anti-Rusiya mövqeyini gücləndirməsinə gətirib çıxarıb. Lakin Ermənistanın siyasi elitasının açıqlaması bunun əksini göstərir. Onlar bildirir ki, Ermənistan KTMT-ni tərk etmək məsələsini müzakirə etmir. Bununla yanaşı: "Lakin fakt ondan ibarətdir ki, Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir. Əgər məsələ belədirsə, başqa mexanizmlərin tapılması üçün təşkilat İrəvana bu barədə məlumat verməlidir" - kimi fikirlər də səsləndirilir. Ermənistan rəsmiləri bildirib ki, hazırkı mərhələdə təşkilatdan siyasi reaksiya gözləyirlər.

Aİ-nin Rusiya sülhməramlılarının olduğu bölgəyə müşahidə missiyası göndərməsi isə açıq şəkildə Rusiyaya və KTMT-yə qarşı etiraz aksiyasının təməlinə qoyulan ən möhkəm daş sayıla bilər. Bunu əlbəttə ki, Rusiya tərəfi də çox yaxşı başa düşür. Lakin Paşinyan hakimiyyəti unudur ki, Ermənistan Rusiyadan asılı bir dövlətdir. Onun bu etdikləri necə deyərlər: "ancaq özü üçün qazılmış bir quyudur".

Töhfə SƏMƏDOVA,

"Respublika".