Ermənistanın təxribatı münasibətlərin normallaşdırılması prosesini pozur
Digər xəbərlər

Ermənistanın təxribatı münasibətlərin normallaşdırılması prosesini pozur

Ermənistan tərəfinin martın 5-də törətdiyi təxribat iki ölkə arasında münasibətlərin normallaşdırılmasına maneə törədir. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan  hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən, Azərbaycan ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədilə dəstə saxlanılıb. Bu zaman mənfur düşmən atəş açıb və qarşılıqlı atışma başlayıb. Nəticədə, Əlibəyli Şəhriyar və Hüseynov Eşqin şəhid olublar. Həmçinin Ermənistan tərəfindən də itkilər var.

Bu, çirkin əməllərindən əl çəkməyən Ermənistanın törətdiyi ilk cinayət aktı deyil.  2021-ci ilin dekabrında, həmçinin ötən il sentyabrın 12-14-də düşmənin törətdiyi cinayətdə də Azərbaycan hərbi qüvvələri itki vermişdi.

Ermənistanın törətdiyi bu təxribatlar birmənalı olaraq normallaşma prosesinin yubadılmasına xidmət edir. Öz xalqının mənafeyini, rifahını düşünməyən Paşinyan hakimiyyəti bu çirkin əməllərdən əl çəkmədikcə, sülh prosesi də ləngiyəcək. Son təxribatla bağlı Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının iclasının iştirakçılarına məktub göndərib. Məktubda deyilir: “Ermənistanın 2023-cü il martın 5-də Azərbaycan ərazisində törətdiyi sonuncu hərbi təxribatı və iki ölkə sərhədində iriçaplı silahlardan atəş açmaqla vəziyyəti daha da gərginləşdirmək cəhdləri belə siyasətin daha bir nümunəsidir. Ermənistan Azərbaycan ərazisində hərbi fəaliyyətini davam etdirir. Buraya qanunsuz olaraq hərbi gücün artırılması, qüvvələrin rotasiyası, silahların və şəxsi heyətin Azərbaycan ərazisinə keçirilməsi daxildir”.

Ermənistanın bu addımları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata tamamən ziddir. Orada bildirilir ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Lakin onların əl atdıqları bu yol onu göstərir ki, bəyanatdakı müddəanı yerinə yetirməkdən imtina edirlər. Ermənistan tərəfinin mütəmadi şəkildə bu təxribatları davam etdirməsi göz önündədir. Düşmən ölkə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışır, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alır, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradır, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. İşğalçı ölkənin tək niyyəti sülhdən boyun qaçıraraq öz çirkin əməllərini gerçəkləşdirməkdir. Lakin Prezident İlham Əliyevin uğurlu siyasəti və rəşadətli Azərbaycan ordusunun gücü sayəsində hər zaman olduğu kimi, bu dəfə də təxribatın qarşısı alınıb və alınacaq da. Ölkə başçımızın Paşinyan hakimiyyətinə, dünyaya müraciət edərək sülhə çağırması və sadə tələblər irəli sürməsi bir daha onu sübut etdi ki, Azərbaycan sadəcə, öz doğma torpaqlarında sakit, firavan həyat sürmək istəyir. Heç bir əlavə ərazi iddiasının olmaması isə buna sübutdur.

Töhfə SƏMƏDOVA,

“Respublika”.