Ermənistanın yeni himayədar axtarışı
Digər xəbərlər

Ermənistanın yeni himayədar axtarışı

44 günlük Vətən müharibəsindən sonra regionda sabitliyin və sülhün bərqərar olmasını istəməyən rəsmi İrəvan həm diplomatik, həm də hərbi sahədə yetərli dəstək əldə edə bilmədiyi Rusiyadan üz döndərərək yeni qüvvələri ərazilərimizə cəlb etməyə çalışır. Belə ki, Ermənistan artıq yeni müttəfiqlər axtarışındadır.

Xain düşmən dərk etməlidir ki, Cənubi Qafqaz Avropa üçün sınaq laboratoriyası və ya Rusiya ilə hesablaşma məkanı deyil. Bölgəyə yeni oyunçuların dəvət edilməsi, silahlı birləşmələrin artırılması, hərbi-siyasi vəziyyətin kəskinləşdirilməsi qəbuledilməzdir. Bütün bu cəhdlər, öz növbəsində Ermənistanın siyasi gedişinin iflası deməkdir. Belə ki, vahid inkişaf strukturu və qarşılıqlı əlaqələrin yaradılması üçün sülh danışıqlarını dəstəkləməyib, əksinə militarist addımlarla sabitliyin pozulmasına səbəb olmaq bunun əyani sübutudur. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, danışıqlar masasında artıq Azərbaycanın qələbəsi təsdiqlənib. Ona görə də, bu cür yollara əl atır və göstərmək istəyir ki, bizim arxamızda müəyyən güclər var. Ümumiyyətlə, Ermənistan beynəlxalq aləmdə qəbul olunan doğrulara qara yaxmağa çalışır. Ermənistanın dövlət statusu müəyyən  deyil, sadəcə xəritədə konturları müəyyən olunan ərazidir.

Ermənistanda anti-Rusiya dalğası getdikcə genişlənir. Bu gün Ermənistanda Rusiyaya qarşı ictimai rəyin yönləndirilməsi göz önündədir, xüsusən KİV-lərdə, tədris müəssisələrində Rusiya əleyhinə təbliğat həyata keçirilir. Hakimiyyətin bütün sferalarında Rusiyada təhsil almış, rus dilində danışan və Rusiyaya meyilli şəxslərin kənarlaşdırılması prosesi gedir. Robert Köçəryan və Serj Sarkisyanın dövründə belə şəxslər vəzifələrə gətirilsə də, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra anti-Rusiya siyasətini sürətləndirir. Eləcə də, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının qarşısında dəfələrlə təşkil olunan  mitinqlərdə Putini təhqir edən şüarlar səsləndirilib. Rəsmi İrəvanın Rusiyanın əleyhinə olan mövqeyinin digər bir səbəbi isə Azərbaycan-Rusiya əlaqələridir. Şübhəsiz ki, Rusiyanın Ermənistanda nüfuzunun zəifləməsi Moskvanı müəyyən addımlar atmağa məcbur edir və edəcək. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Azərbaycan-Rusiya münasibətlərindən, strateji müttəfiqlik və siyasi-iqtisadi məsələlərinin müzakirəsi çərçivəsində görüşü bir növ Ermənistana gözdağı idi. Volodinin Ermənistanın son zamanlar Qərbə doğru meyilləndiyini və bunun ağır nəticələr verəcəyini, o cümlədən dövlətçiliyi itirəcəyi haqqında xəbərdarlıq etməsi həm də rəsmi Moskvanın mövqeyidir.   Bu çərçivədə münasibətlərin dərinləşməsi və ziddiyyətlərin artması Ermənistanın sonu ola bilər. Paşinyan və komandası bu proseslərdən qazanclı çıxmaq istəyir. Ancaq onlar bilməlidir ki, atdıqları addım yalnız özlərinin ziyanınadır. Bu açıq-aşkar siyasi qərarsızlıqdır. Necə deyərlər, hara getdiyini bilənlərə külək ədalətli əsər. Ermənistanda isə hər şey qeyri-müəyyəndir. Həmçinin ölkə rəhbərliyində siyasi iradənin olmaması regionun sabitliyini və təhlükəsizliyini təhlükə altına almaq və onun inkişafına mane olmaqla yanaşı, həm də Ermənistanda cəmiyyətin sosial həyatına mənfi təsir göstərir.

İqtisadi, siyasi və hərbi cəhətdən Rusiyadan asılı olan Ermənistanı elə Rusiya sərhəd qoşunları mühafizə edir. Yəni Ermənistanın tezliklə və asanlıqla Rusiyadan qopması mümkün deyil. Ermənistan nə qədər Qərbə meyillənsə də, Rusiyanın siyasi və hərbi gedişi ikili münasibətdə həlledici olacaq.

                                          Nurlan ABDALOV,

                                              “Respublika”.