Ərzaq təhlükəsizliyində suvarma da əsas meyarlardandır
İQTİSADİYYAT

Ərzaq təhlükəsizliyində suvarma da əsas meyarlardandır

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində bu il martın 13-də həmin ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşdə hər iki ölkənin inkişafına xidmət edən məsələlər, xüsusilə də iqtisadi əlaqələr müzakirə olunub. Azərbaycana yeni texnologiyaların cəlb edilməsi görüşün ana xəttini təşkil edib.

Görüşdə kənd təsərrüfatı və meliorasiyanın inkişaf etdirilməsi, bu sahələrə aid alman şirkətlərinin yatıra biləcəyi investisiyalar, tətbiq edə biləcəyi innovasiyalar da müzakirə predmeti olub. "Europlant Pflanzenzucht" şirkətinin direktoru bildirib ki, ölkəniz neft və qaz sənayesindən asılılığı azaltmaq istiqamətində iş görür. Biz kartof toxumçuluğu ilə məşğul olan və 120 illik təcrübəyə malik şirkətik. Sizin məhsul istehsalçılarına məhsuldarlığı və səmərəliliyi artırmaqda dəstək ola bilərik.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti kartofla özünü tam təmin edir, bəzi illərdə isə hətta onu ixrac da edirik. Ancaq işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində torpağıın məhsuldarlığını yüksəltməyə ehtiyac var. Məsələ belədir ki, Ermənistanın bu torpaqları işğal altında saxladığı 30 il ərzində ərazilərə divan tutulub, əkin sahələri ekoloji terrora məruz qalıb. Torpaq sahələri hədsiz dərəcədə çirklənib, məhsuldarlığını xeyli dərəcədə itirib. Bu işdə, yəni həmin bölgələrdə torpağın məhsuldarlığını artırmaqda bizə kömək edə bilsəniz, şad olarıq.

Almaniyanın "Claas Global Sales GmbH" şirkəti isə dünyada kiçik və orta həcmli istehsalçıları, sahibkarları, fermerləri müasir texnologiyalar, qurğular və avadanlıqlarla təchiz etməkdə məşhurdur. Həmin şirkətin nümayəndəsi cənab Prezidentə müraciət edib ki, onların bu sahədə Azərbaycanda görəcəkləri işə dövlət necə maliyyə yardımı edə bilər? Prezident burada sözü respublikamızın iqtisadiyyat nazirinə verib, sualı onun cavablandırmasını istəyib. Nazir isə öz növbəsində, respublikamızda kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyindən söz açıb, bu barədə alman şirkətini ətraflı məlumatlandırıb.

Dövlət başçısı yekunda həmin alman şirkətinə tövsiyə edib ki, sizin üçün ən məqbul yol Qarabağda servis mərkəzi açmaq olar. Çünki Azərbaycanda "Claas" şirkətinin traktor və kombaynları çox məşhurdur. Üstəlik, bu bölgədə iki sənaye zonamız yaradılıb - Ağdam və Cəbrayılda. Bölgədə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var.

Alman Aqrobiznes Alyansının icraçı direktoru isə görüşdə iqlim dəyişikliyi və su qıtlığı probleminə toxunub və bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüşdə ərzaq təhlükəsizliyinin çox vacib məsələ olduğu qeyd olunub. Bu problemin həllində isə əsas meyar bitkilərin vaxtlı-vaxtında və normal suvarılmasıdır. "Hesab edirəm ki, biz bu sahədə uzunmüddətli institusional əməkdaşlıq edərək su ehtiyatlarının idarə edilməsi ilə bağlı strategiya hazırlaya bilərik" - deyə Prezident alman şirkətini əməkdaşlığa dəvət edib.

Alman şirkətlərinin aparıcı nümayəndələri ilə görüşdə ölkəmizi maraqlandıran və milli mənafeyimizə xidmət edən bir çox məsələlərə toxunulub və bu mövzulara ən yüksək səviyyədə aydınlıq gətirilib. Bir sözlə, Almaniyada aparılan görüşlər, danışıqlar, bağlanmış müqavilələr bütün iqtisadiyyatımızda olduğu kimi, aqrar sahənin də inkişafına təkan olacağı şəksizdir.

Nəriman ƏHMƏDOĞLU,

"Respublika".