Əsas diqqət müraciətlərin həllinə yönəldilir
Region

Əsas diqqət müraciətlərin həllinə yönəldilir

Son aylarda bölgələrdə təşkil olunan səyyar qəbullar əhali tərəfindən razılıqla qarşılanır. Açıq, səmimi söhbətlərdə əsas diqqət kəndlərdə mövcud olan problemlərə yönəldilir, çətinliklər müzakirə olunur, fikir mübadilələri aparılır. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun  Şilyan kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə, idarə, müəssisə və digər təşkilatlarının rəhbərləri iştirak etdilər.

İcra başçısı Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından, bölgələrimizin sürətli inkişafından ətraflı danışaraq rayonda həyata keçirilən yeni layihələr barədə məlumat verdi.

Səyyar qəbulda kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, təhsil, səhiyyə, su təminatı, torpaq məsələləri ilə əlaqədar təklif və şikayətləri dinlənildi. Səsləndirilən hər bir təklif və şikayətlər barədə aidiyyəti təşkilatların rəhbərinə icra başçısı tərəfindən tapşırıq verildi. Qaldırılmış məsələlərin bir qismi yerindəcə öz həllini tapdı.

Tofiq HÜSEYN,

"Respublika".