Əsas hədəf keyfiyyətli içməli su təchizatına nail olmaqdır
Siyasət

Əsas hədəf keyfiyyətli içməli su təchizatına nail olmaqdır

Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin... Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

Bəşər yaranandan təbiətin ən böyük və nadir maddi nemətlərindən olan su insan həyatının ayrılmaz hissəsi olub. Tarix boyu insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ilin dekabrında hökumət səviyyəsində Bakı şəhəri və Abşeron yarımadasının su təchizatının həlli məqsədilə yeni su kəmərinin tikintisi məsələsi müzakirə olundu. Beləliklə, ümummilli lider Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini nəzərə alaraq, Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Təəssüf ki, layihənin gerçəkləşdirilməsi ona qismət olmadı.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanmışdır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında Nazirlər Kabinetinə və “Azərsu” ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırıldı. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edildi və 2 il sonra - 2007-ci ilin martında tikinti işlərinə start verildi. 2010-cu ilin dekabrında istifadəyə verilən su kəməri vasitəsilə nəql olunan su bu gün demək olar ki, Bakı əhalisinin 80 faizindən çoxunu fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özüaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilmişdir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilmişdir.

Kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılmışdır. Layihədə quyuların məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda quyuların bir qisminin məhsuldarlığı 130 litrə qədərdir. Həmçinin müşahidə quyularında aparılan monitorinqlər quyularda iş dinamikasının layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu göstərir.

Quyulardan çıxan su şəbəkə vasitəsilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan 2 su anbarına, oradan isə magistral kəmərə ötürülür. Magistral kəmər boyu 3 yerdə təzyiq nizamlayıcı kameralar (Oğuz qurğular kompleksində, 153-cü km-də və Abşeron qurğular kompleksində), 2 yerdə isə təzyiq qırıcı kameralar (31-ci və 158-ci km-də) quraşdırılmışdır. Ümumiyyətlə, kəmərin iş rejiminə SCADA sistemi ilə nəzarət olunur. Su kəməri 8 rayonun ərazisindən keçir.

Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir.

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 min manat vəsait ayrılmış və layihənin maliyyələşdirilməsi başa çatmışdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər də öz əksini tapır. Demək olar ki, onların böyük bir hissəsi artıq həyata keçirilib.

2015-ci il oktyabrın 28-də su təsərrüfatı tarixində böyük hadisə baş verdi. Həmin gün Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verildi. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur”.

Qeyd edək ki, Abşeron yarımadasının dayanıqlı və keyfiyyətli içməli su təchizatına hesablanmış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölünün sahilində inşa olunub. 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib.

Layihə çərçivəsində Ceyranbatan gölündən suyun götürülməsini təmin etmək üçün 3 suqəbuledici başlıq, mikrotunel üsulundan istifadə etməklə gölün dibi ilə hər birinin diametri 1600 mm olan 3 kəmər quraşdırılıb. Göldən götürülən suyun həcminin tənzimlənməsi, həm yeni tikilmiş, həm də mövcud təmizləyici qurğuların tələbatına uyğun xam suyun verilməsi üçün sahildə suqəbuledici kamera tikilib. Suqəbuledici kamerada toplanmış su təmizləyici qurğuya hər birinin diametri 1400 mm olan 4 kəmərlə nəql olunur. Bu kəmərlərlə emal prosesinə saniyədə 13,8 kubmetr su ötürmək mümkündür.

Təmizləyici qurğuya ötürülən xam suyun ilkin təmizlənməsi mexaniki süzgəc binasında quraşdırılmış 7 ədəd avtomatik yuyulan 3000 mikronluq süzgəclərdə aparılır, xam su iri hissəciklərdən təmizlənir.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 260-dan çox su anbarı və anbar kompleksi, 22 min kilometrədək magistral və paylayıcı su, 6000 kilometrdən artıq kanalizasiya xətləri, 21 tullantı sutəmizləyici qurğu, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 81,6 faizə, ölkə üzrə isə 70,5 faizə qalxıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 118-ə, nümunə sayı 7 mindən 74 minə, monitorinq nöqtələrinin sayı isə 94-dən 4270-ə çatdırılıb.

Sevindirici haldır ki, son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda içməli su, kanalizasiya sektorunda görülən işlər, həyata keçirilən layihələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dünya Su Şurasının təmsilçiləri də ölkəmizin bu uğurunu xüsusi qeyd edirlər. Bu isə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın su təchizatı sistemlərinin yaxşılaşdırılması istiqamətində gördükləri işlərin bariz nümunəsidir.

Əminliklə deyə bilərik ki, son illər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töhfələr verir. Əsas hədəf isə hər bir yaşayış məntəqəsinin 24 saat keyfiyyətli içməli su təchizatına nail olmaqdır.

Nurəngiz ADİLQIZI,

“Respublika”.