Əsəd Karaca: Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir
MÜSAHİBƏLƏR

Əsəd Karaca: Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir

Qarabağa, Şuşaya birinci dəfədir səfər edirəm. Azərbaycanın İkinci Qarabağ savaşındakı mücadiləsini böyük həyəcanla izləyirdik. Nəyinki mən, bütün Türkiyə hər gün Azərbaycan əsgərinin döyüş meydanında qazandığı qələbəni böyük qürurla qeyd edirdi. Eşitdiyimiz qələbə xəbərləri bütün Türkiyədə sevinclə qarşılanırdı. Şükürlər olsun ki, bu müharibə Azərbaycan xalqının qələbəsi ilə başa çatdı.

Bu fikirləri V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının iştirakçısı türkiyəli sənətçi Əsəd Karaca AZƏRTAC-a müsahibəsində söyləyib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın düşmən tapdağı altında qaldığını söyləyən türkiyəli sənətçi deyib: "Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı sinəsinə daş basıb bu zülmə də, bu dərdə də dözdü, bir gün işğal olunmuş torpaqlarının yenidən qaytarılacağı ümidi ilə yaşadı. Nəhayət 44 günlük Vətən müharibəsi Azərbaycanın 28 illik həsrətinə son qoydu. Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Tam qətiyyətlə deyirəm ki, Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir".

O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib: "Şuşada qardaşlarımızla bir yerdəyik. Belə bir festivalda iştirak etdiyimizə görə çox sevincliyik. Bu axşam Türkiyəyə qayıdacağıq. Amma ağlımız, könlümüz burada olacaq. Çünki buranın təbii gözəlliyindən əlavə, gözəl insanları ilə bir yerdə olmaq bizi çox qürurlandırdı. İnşallah qismət olarsa buraya yenə gələrik. Azərbaycan dünyada öz sözünü demiş, hünərini göstərmiş, nəyə qadir olduğunu sübut etmiş bir ölkədir. İnanırıq ki, bu ölkə daha da yüksələcək, daha da inkişaf edəcək. Bu bölgənin, bu coğrafiyanın sülh içində olmasını istəyirik. Yaxşı ki, varsınız, yaxşı ki, Azərbaycandayıq..."

AZƏRTAC