“Əsgərə Xatirə kitabı” layihəsi

“Əsgərə Xatirə kitabı” layihəsi

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə “Əsgərə Xatirə kitabı” layihəsi komandasının iştirakı ilə Vətən müharibəsində şəhid olmuş 69 nəfər biləsuvarlı gəncin ailələri ziyarət olundu.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Əsgərə Xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, layihənin fəxri üzvləri, Həyat fondunun icraçı direktoru Hacı Nuran Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Mustafayev, ictimai fəal, xeyriyyəçi-sahibkarlar Əli Hüseynov, Sadiq Fərəcov, rayon icra hakimiyyətinin kollektivi, inzibati ərazi dairələri üzrə şəhər və kənd icra nümayəndələri və Müdafiə Nazirliyinin bir qrup zabiti iştirak etdi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov nəcib aksiyaya görə qonaqlara təşəkkür edərək bildirdi ki, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur, olunacaqlar.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov “Əsgərə Xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyevaya və gələn qonaqlara şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Qonaqlar dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etməyin və şəhidlərimizin xatirəsini əziz tutmağın hər kəsin vətəndaşlıq borcu olduğunu bildirərək, bundan sonra da Vətən müharibəsi şəhidləri, qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirəcəklərini, onları ziyarət edəcəklərini qeyd etdilər.

Layihə çərçivəsində qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkib, onlara sovqatlar çatdırıblar.

Ərəstun ABDULOV,  

“Respublika”.