Əsl qardaşlığın və tərəfdaşlığın əməli ifadəsi
Siyasət

Əsl qardaşlığın və tərəfdaşlığın əməli ifadəsi

Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələrində yeni mərhələ başlayırT ürkdilli dövlətlər arasında əməkdaşlığın, dostluğun möhkəmləndirilməsi istiqamətində Türk Dövlətləri Təşkilatının fəaliyyəti xüsusi önəm daşıyır. Əsası 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə qoyulan Türk Dövlətləri Təşkilatı ötən illər ərzində əhəmiyyətli inkişaf yolu keçib. Təşkilat türkdilli ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır.

2019-cu il oktyabrın 15-də Türk Dövlətləri Təşkilatının yaradılmasının 10 illiyi münasibətilə Bakıda keçirilən VII Zirvə görüşündə Özbəkistan Təşkilatın tamhüquqlu üzvü seçilmişdir. Həmin il həm də Təşkilata sədrliyi Azərbaycan öz üzərinə götürmüşdü. Görüşdə çıxış edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev hər iki hadisə ilə bağlı fikirlərini bölüşərkən demişdir: "Şübhəsiz ki, Özbəkistanın təşkilata daxil olması təbii tarixi proseslərin nəticəsidir. Biz şadıq ki, bu gün tamhüquqlu üzv qismində həmin qədim körpüləri möhkəmləndiririk. Qədim Özbəkistan torpağında bizim ortaq tariximizin şərəfli səhifələri yazılıb, o, dünya elm və mədəniyyətinin inkişafına misilsiz töhfə vermiş Musa Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy kimi alim və mütəfəkkirlər, müqəddəs dinimizin tarixində parlaq izlər qoymuş böyük ilahiyyatçılar - İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Bəhauddin Nəqşbənd, özünün gözəl əsərləri ilə türk dünyasını birləşdirən Əlişir Nəvai kimi dahi şair bəxş edib. Təkcə özbək xalqı deyil, bizim hamımız onlarla fəxr edirik. Bu mənəvi sərvətin gənc nəsillər üçün qorunması və öyrənilməsi hamımızın borcudur. Ən başlıcası - Türk Şurasında iştirakımız bizim xalqın maraqlarına tam uyğundur".

Türk Dövlətləri Təşkilatının 2021-ci il martın 31-də videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Vətən müharibəsindəki qələbə münasibətilə təbrik edərək vurğulamışdı: "Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağı qaytarması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan bu prosesə töhfə vermək üçün hazırdır. Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışmışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk".

Qədim tarixə, eyni soykökə malik iki dövlət arasında təkcə Türk Dövlətləri Təşkilatı  deyil, BMT, Müstəqil Dövlətlər Birliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əlaqələr mövcuddur. Xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuş, əməkdaşlıq etmiş, bir yerdə yaşamış, bir-birinə arxa, dayaq olmuşdur. Bu gün isə müstəqil dövlətlər kimi bütün məsələlərdə bir yerdədir.

Bu il iyun ayının 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edildi. Qeyd edək ki, Azərbaycan ilə Özbəkistan münasibətləri bu gün yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində məhdud və geniş tərkibdə keçirilən görüşlər, 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra mərasimlərdə iştirakı və s. kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bugününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə güclü Azərbaycan və güclü Özbəkistandır.

İki ölkə arasında əlaqələrin inkişaf tarixi Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun Azərbaycana 1996-cı ildə reallaşdırdığı ilk səfəri zamanı dövlətlərimiz arasında "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"nin imzalanması ilə başlayıb. Həmin ildə Türkdilli Dövlət Başçılarının IV Sammitində iştirak etmək üçün Özbəkistanda səfərdə olan ulu öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Ümummilli liderin dost Özbəkistana ilk rəsmi səfəri isə 1997-ci ilin iyununda reallaşıb və bu səfər münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi tarixdə qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin bu dost ölkəyə rəsmi səfərinin iki xalqın qarşılıqlı münasibətlərinin bu gün çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdığını diqqətə çatdıran Özbəkistan Prezidenti bu xatırlamanı da etdi ki, Prezident İlham Əliyevin budəfəki səfəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəsmi səfərinin 25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezidentin Heydər Əliyevin adını daşıyan küçənin və orada qoyulmuş abidənin açılışında iştirakı da əlamətdar hadisədir.

Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. İki dost ölkənin əlaqələrinin gələcək inkişafı üçün tərtib olunan yol xəritəsi qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa zəmin yaradacaq.

Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımlarla təsdiqləyir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bu qərar ölkə Prezidentinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə qəbul olunmuşdu. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi qərarı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentləri imzalamışdılar. Bu mühüm qərar bir daha türkdilli ölkələr arasında əlaqələrin bugünkü səviyyəsinə işıq saldı.

Tarixi Zəfərimizin reallıqları fonunda türk dövlətləri arasındakı birlik, gələcəyə birgə baxış çağırışları mühüm əhəmiyyət kəsb edir. Çünki türk xalqlarının və dövlətlərin gələcəyi üçün möhkəm təməl yaradılmışdır. Ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.

Azərbaycanla Özbəkistan arasında hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq da xüsusi qeyd edilməlidir. Bu sahə hər bir ölkə üçün prioritetdir. Azərbaycan Prezidenti çıxışı zamanı bu məsələyə toxunaraq demişdir: "Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Buna görə də düşünürəm ki, bu gün razılığa gəldiyimiz məsələlər yerinə yetiriləcək. Biz təcrübə mübadiləsi, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlayacağıq, həmçinin təhlükəsizliyimizi qarşılıqlı möhkəmlədəcək addımlarımızı planlaşdıracağıq".

Ümid edirik ki, liderlərin görüşü zamanı qəbul edilən sənədlər iki qardaş ölkə arasında münasibətləri möhkəmləndirəcəkdir. Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə, sabitliyə böyük ehtiyacı var. Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin inkişafı daimi, davamlı sülhə öz töhfəsini verəcəkdir.

Zümrüd QURBANQIZI,

"Respublika".