“Əsrin müqaviləsi
İQTİSADİYYAT

“Əsrin müqaviləsi"  ölkəmizi inkişaf etdirməklə dünyaya tanıdıb

"Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Azərbaycan neftin vətəni kimi dünyada yetərincə tanınır. Tarixi qaynaqlar, o cümlədən orta əsr ərəb tarixçiləri, coğrafiyaşünas və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr), Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) öz əsərlərində Bakının neftli torpağı, Abşeronun "qara" nefti barədə bəhs ediblər. İtalyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə daşınması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması ilə bağlı məlumatlarına rast gəlinir. Dünyada ilk dəfə olaraq 1846-cı ildə 21 metr dərinliyində "Bibiheybət" neft yatağında yerləşən quyudan sənaye üsulu ilə neft çıxarılıb və Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağının sənaye üsulu ilə işlənilməsinə başlanılıb. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft çıxarılıb və bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründən - 1969-cu ildən etibarən xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesinin də yeni inkişaf dövrü başladı. 1960-cı illərin sonu ilə müqayisədə 1970-80-ci illərdə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. Bu dövrdə Dərin Dəniz Özülləri Zavodunun Bakıda tikilməsi üçün o zaman Sovetlər İttifaqından 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazənin alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) məhz Heydər Əliyevin möhkəm iradəsinin, qətiyyətinin və cəsarətinin nəticəsi idi.

SSRİ-nin dağılması və imperiyanın süqutu illərində respublikamızda neft sənayesi özünün ən acınacaqlı günlərini yaşayırdı. 1980-ci illərin sonunda quruda neft ehtiyatlarının 87%-i, dənizdə isə 59%-i artıq çıxarılmış, yeni texnologiyalar isə yox dərəcəsində idi. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, iqtisadi və siyasi cəhətdən tam müstəqillik qazana bilməmişdi. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatı sürətlə dağılırdı. ÜDM hər il 20% azalır, illik 1700%-lik inflyasiya, 1 ildə milli valyutanın 243 dəfə ucuzlaşması həmin illərin acı xronikası idi.

Xalqın yekdil çağırışı və təkidli xahişi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışı nəticəsində respublikamızın siyasi və iqtisadi həyatında yeni inkişaf dövrünün təməli qoyuldu. Azərbaycanı dağılmaq və müstəqilliyini itirmək fəlakətindən xilas edən ümummilli liderin rəhbərliyi sayəsində ölkənin bütün sahələr üzrə tərəqqisi üçün məqsədyönlü siyasət həyata keçirildi.

Həmin vaxtlar Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi və onun iştirakı ilə yeni neft strategiyası hazırlanaraq uğurla həyata keçirilməyə başlandı.

Azərbaycanın ilk beynəlxalq iqtisadi sənədi olan "Əsrin müqaviləsi"nin imzalanması üçün aparılan danışıqların son dərəcə gərgin keçdiyini və hər bir məsələnin həllində xalqımızın mənafeyinin üstün tutulduğunu bildirən İlham Əliyev görüşləri, aparılan söhbətləri belə dəyərləndirirdi: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Beləliklə də yeni neft strategiyasına uyğun olaraq "Əsrin müqaviləsi" xalqımızın maraqlarını özündə ehtiva etdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 8 ölkənin 13 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı. Təxminən 400 səhifə həcmində və 4 dildə olan saziş iqtisadi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı.

İlkin hesablamalara görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun çıxarıla bilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələri əsasında bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. Sonradan bu müqaviləyə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə bağlanan 30-dan çox saziş əlavə olundu.

Dünyanın əksər ölkələri üçün böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi"nə ilk və dəyərli qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Müqavilənin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq".

Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş Sazişin 14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində imzalanması ölkəmizin etibarlı tərəfdaşlığını, neft-qaz ehtiyatlarının əvvəlcədən nəzərdə tutulduğundan çox olduğunu bir daha təsdiqlədi. Yeni Sazişlə "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bununla da respublikaya mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsi proqnozlaşdırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur.

Respublikamızın qazandığı nailiyyətlər ulu öndər Heydər Əliyevin neft strategiyasına uyğun olaraq "Əsrin müqaviləsi"nin uğurla icra edildiyini real faktlarla təsdiqləyir. Yeni önəmli sərmayələr cəlb edilir, bu istiqamətdə mühüm addımlar atılır. Bu səbəbdən də, ölkəmizdə kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında "Əsrin müqaviləsi"nin xüsusi rolu var. Azərbaycanda iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Bir sözlə, "Əsrin müqaviləsi"nin uğurla icrası Azərbaycanı regionun lider dövlətinə çevirib.

Yeni neft strategiyasının yaradıcısı olan ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın uğurlu iqtisadi inkişafının, beynəlxalq aləmdə rolunun və siyasi çəkisinin artmasının, o cümlədən dünya proseslərində fəal iştirakının ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı olduğunu qeyd edir: "Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək".

"Əsrin müqaviləsi" ilə iqtisadi, siyasi, beynəlxalq və əməkdaşlıq çərçivəsində qazanılan uğurlar respublikamızda olduğu kimi, xarici ölkələrdə də yüksək qiymətləndirilir. Bu müqavilənin reallaşması nəticəsində Azərbaycan regionda və dünya birliyində rolunu genişləndirir, xalqımızın rifah halı yaxşılaşır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan neft strategiyasının Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə uğurla davam etdirilməsi müstəqilliyimizin möhkəmləndirilməsinə və dövlətimizin bütün sahələr üzrə tərəqqisinə əvəzsiz töhfələr verir və verəcək.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".