Estoniyalı deputatlar Azərbaycana dəstəklərini bəyan ediblər
Siyasət

Estoniyalı deputatlar Azərbaycana dəstəklərini bəyan ediblər

Estoniya Riigikoqundakı (parlamentindəki) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester Milli Məclisə ünvanladığı təbrik məktubunda 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanat qəbul etdiklərini bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bəyanatda Azərbaycanla Ermənistan arasında hərbi münaqişənin sona çatmasının birinci ildönümü ilə bağlı sevinc ifadə edilir. Sənəddə münaqişə tərəfləri arasında üçtərəfli Bəyanatın imzalanmasını təqdir edən Estoniya parlamentariləri şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Bəyanatı imzalayan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri regiondakı bütün ölkələrin suverenlik və ərazi bütövlüyü hüququnun, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumaq hüququnun olduğunu etiraf edir, regionun yenidən qurulmasında bütün tərəflərə uğurlar arzulayır və icmaları sıx əməkdaşlığa çağırırlar.

Estoniyalı deputatlar azad edilmiş ərazilərdə möhkəm sülhün təmin edilməsində, inteqrasiyasında və tərəqqisində Azərbaycan Respublikasına dəstəklərini bəyan ediblər.

AZƏRTAC