Etibar İsmayılov
Sosial həyat

Etibar İsmayılov

Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə məktəbi bitirdikdən sonra kənddəki  Subartezian Quyularının İstismarı İdarəsində əmək fəaliyyətinə başlamışdır. Çilingər idi. Az müddətdə kollektivin dərin hörmətini qazanır. Hərbi xidmət vaxtı çatanda ordu sıralarına yollanır. O ikiillik əsgəri xidmətini başa vurub Azərbaycana dönür. Öz peşəsində əmək fəaliyyətini davam etdirir.  Atası Bəylər müəllim  İkinci  Dünya müharibəsinin iştirakçısı olmuşdu.  10 uşaqlı ailədə böyüyən Etibar  6 qardaşdan beşincisi  idi. Etibar 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. Bir neçə özünümüdafiə taborunda döyüşdükdən sonra Ağdam özünümüdafiə batalyonuna daxil olur.

O, Naxçıvanik, Şelli kəndlərinin müdafiəsində xüsusilə fərqlənərək, döyüşçü yoldaşlarına şəxsi nümunə göstərir. Etibar Ağcabədi özünümüdafiə taboru yaradılanda öz həmyerliləri kimi bu tabora qoşulur. Onlar Xocavənd rayonunun ərazilərindən hücumları dəf edir, şərait yarandıqda isə əks-hücuma keçərək, düşmənə sarsıdıcı zərbələr endirirlər. Tez-tez kəşfiyyata gedir, mühüm məlumatlarla geri qayıdardı. O, strateji yüksəkliklərin alınmasında əsl igidlik göstərir.

Erməni işğalçıları torpaqlarımıza hücum çəkəndə o da kənddəki tay-tuşlarına qoşulub 1991-ci ilin payızında Kərkicahanın müdafiəsinə yollanır. Torpaqlarımızın müdafiəsi uğrunda 3 il qanlı-qadalı döyüşlərdə iştirak edən Etibar minlərlə  igid Azərbaycan oğullarından biri kimi işğal olunmuş ərazilərin erməni tapdağından azad olunmasına çalışırdı. 1993-cü ilin əvvəllərində Ağcabədiyə dönən Etibar həmin günlərdə rayonda yaradılan könüllülər taboruna qoşulub yenidən  döyüşlərə atılır. Könüllü  müdafiə taborunda kəşfiyyat qrupunun öncüllərindən  biri kimi  tanınır. Üstündə həmişə tank əleyhinə qumbara gəzdirən Etibar ağır əməliyyatlardan  sonra bəzən bir-iki günlük doğmalarına baş çəkərdi.  Anası Sürayyə  xala döyüş yoldaşlarına dava-dərman aparmağa gələn Etibarı evləndirmək istəsə də, ona getmə deyə bilməzdi. Hər dəfə də Etibar anasına söz verir ki, müharibə qutaran kimi ailə quracaq, sevib-seçdiyi qızı Sürayyə anaya gəlin gətirəcək...

Son gəlişində  evlərində  heç bircə  gün də qala bilmir, arxasınca maşın gələndə hamı ilə sağollaşıb yola çıxır. Anası arxasınca su atdı. O vədələrdə erməni işğalçıları Nərgiztəpə istiqamətindən Ağcabədiyə yaxınlaşırdı. İgid döyüşçülərimiz düşmənin həmlələrini dəf edirdilər.  Taqım komandiri Etibar İsmayılov əsgər yoldaşları ilə düşmən arxasına keçib, tapşırıqları yerinə yetirəndən sonra hərbi hissəyə geri dönərdi. 

4 yanvar 1994-cü il... O gün kəşfiyyat dəstəsi xüsusi tapşırıq almışdı:  Nərgiztəpə  istiqamətində mövqe tutan düşmənin arxasına keçmək və məlumat əldə etmək. Əlli nəfərə yaxın dəstə bu mühüm tapşırığı yerinə yetirmək üçün gecə yarıdan keçmiş Nərgiztəpə yüksəkliyinə doğru hərəkət edir. Əməliyyata başlayanda kəşfiyyat dəstəsi mühasirəyə düşür. Qüvvələr qeyri-bərabər olsa da,  dəstə geri çəkilmir. Etibar təkbaşına düşmən səngərinə hücum çəkərək döyüşçü yoldaşlarının mühasirəni yarmasına şərait yaradır. Bu zaman ermənilərin zirehli texnikasından atılan atəş nəticəsində Etibarın üç döyüşçü yoldaşı həlak olur, dörd- beş nəfər isə ağır yaralanır. Etibar vəziyyətin çıxılmaz olduğunu hiss edib,  güllələri qurtardığından mühasirəyə düşən dostlarını xilas etmək üçün tank əleyhinə axırıncı qumbaranı əlində bərk sıxaraq, özünü düşmən tankının tırtılları altına atdı... Ətrafı güclü partlayış dalğası silkələyir. Düşmən tankı bir göz qırpımında alova bürüyür. Ermənilər çaşqınlıqdan  qorxuya düşüb geri çəkilirlər. Tankı və onun ekipajını məhv edən cəsur döyüşçünün göstərdiyi şücaət yoldaşlarının mühasirədən çıxmasına imkan yaradır. Onlarla  silahdaşı yaşasın deyə,  özünü qumbara ilə birlikdə düşmən tankının altına atan oğulun hünəri dildən-dilə düşür.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli  fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

                                                                                    M.MİRZƏ, 

                                                                               “Respublika”.