Etnik təmizləmə və milli faciə
Digər xəbərlər

Etnik təmizləmə və milli faciə

"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə qanlar axıdan, şəhər və kəndləri, Qərbi azərbaycanlıların əzəli yurd yerlərini dağıdıb viran qoyan, eyni zamanda özünü "zavallı" və "əzabkeş" bir xalq kimi qələmə verən güclü dövlətlərin qoltuq ağacına çevrilən ermənilərin işğalçılıq siyasəti ömür boyu xalqımıza faciələr yaşatmışdır.

Ermənilər tərəfindən Qərbi azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni viran edilmişdir.

Tarixi sənədlərdən məlum olur ki, İrəvan 1918-ci ildə Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Ona qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır.

Rus xalqını özlərinə hami seçən faşist xislətli ermənilərin ruslara olan sevgisi saxtadır! Göyçədə və eləcə də Qərbi Azərbaycanın digər bölgələrində olan tarixi abidələr, ziyarətgahlar ancaq türklərə aiddir. Göyçə mahalı tarixi abidələri ilə zəngin olan ulu türk yurdudur. Çox təəssüflər olsun ki, onlar ermənilər tərəfindən dağıdılıb məhv edildi, ya da ki, tədricən xaç nişanı vurulmaqla erməni abidəsi kimi qələmə verildi. Göyçə ilə Dərələyəz arasındakı "Səlim gədiyi" adlanan yerdə daşdan tikilmiş, sal qayanı xatırladan Şah Abbas Karvansarası xalqımızın nadir memarlıq abidələrindən biridir.

Qərbi Azərbaycandakı soydaşlarımıza zaman-zaman haylar tərəfindən xəyanət toru hazırlanmış, onları əzəli torpaqlarından min bir əzabla sıxışdırıb çıxarmışlar.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o dövrdə Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən illərdə lazımınca araşdırılmamış, bu hadisəyə milli öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir.

İrəvanın başı üzərindən fəlakət qasırğası zaman-zaman ötüb keçmişdir. İrəvan tipik müsəlman şəhəri olmuşdur. Təpəbaşı İrəvanda məhəllələrdən birinin adı idi.

Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli İrəvan şəhəri haqqında yazırdı: "İrəvan qədim şəhərlərdən biri hesab olunur. Bu şəhərin binasına təminatı Zəngi adlanan çayın sol kənarında vaqe olublar...".

Sonralar İrəvanı Yerevana çevirdilər. Az qala izi, tozu da qalmadı. Hanı Təpəbaşı, Toxmaqgöl, Dəmirbulaq, Gedərçay məhəllələri? Bəs başı göylərə ucalan minarəli məscidlər - Göy məscid, Novruzəli məscidi, Çünküklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Zalxan məscidi!..

1894-cü il tarixli "Kavkazskiy kalendar"da qeyd olunurdu ki, İrəvanda 8 məscid fəaliyyət göstərirdi. İrəvan ziyalıları həmişə Göy məscidə yığışar, elmi söhbətlər edər, şeirlər deyərdilər.

Bir sözlə, Qərbi Azərbaycan ərazisi Bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrdən biri olmuşdur.

Xalqımıza qarşı dəfələrlə amansız divan tutmuş erməni millətçiləri 1988-ci ildə daha da azğınlaşdı. SSRİ-nin ermənipərəst rəhbərləri, xüsusilə Mixail Qorbaçov daşnaklara dayaq oldu, qısa bir zamanda Qərbi Azərbaycandakı soydaşlarımız dədə-baba torpaqlarından qovuldu. Zaman yenə də hayların xeyrinə işlədi. Qədim Oğuz elləri xarabalığa çevrildi, köç prosesində neçə-neçə günahsız uşaqlar borulara dolduruldu, ah-nalələri ərşə ucaldı, borular qaynaq edildi. Nə idi bu uşaqların günahı? Qısa zamanda 300 minə yaxın deportasiyanın qurbanı oldu, insanların çoxu dağ aşırımlarını cırılmış paltarlarla, ayaqyalın aşdı. Böyük bir qaçqınlar ordusuna həmişəki kimi Azərbaycan qucağını açdı, xalqımız qaçqınlara arxa, dayaq oldu.

Qaçqınlar, xüsusilə Qərbi Azərbaycandan olan yaşlı nəslin nümayəndələri yurd həsrəti ilə yaşayırlar. Onlar əmindirlər ki, 30 il işğal altında olan torpaqlarımız kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çox tezliklə aşıqlar yurdu ulu Göyçə, Zəngəzur mahalı, Ağbaba və digər düşmən tapdağında olan ərazilərimiz də geri qaytarılacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi tərəfindən Qərbi azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına maksimum səy göstərilir. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, göstərilən etimadı doğruldurlar. Qürur hissi ilə demək lazımdır ki, Birinci Qarabağ savaşında rəşadətli döyüş yolu keçdiklərinə görə 22 nəfər Qərbi Azərbaycandan olan mətin, cəsur oğullar "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Bu gün ölkəmizdə Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcmanın yeni Nizamnaməsi qəbul olunub.

Ötən il dekabrın 24-də Prezident cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub. Tədbirdə Prezident İlham Əliyev deyib: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlanmışdır. Ancaq əminəm ki, icma bu işləri məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Əslən Qərbi Azərbaycandan olan ziyalılar çıxış edərək vurğuladılar ki, möhtərəm Prezident cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasına böyük önəm verir. Əminliklə demək olar ki, Qərbi Azərbaycan kimi gözəl, bir məkana qayıdış təmin olunacaq.

Qədir ASLAN,

"Respublika".