Ey qar altda ürəyi yaz, TƏBRİZİM!
Güneydən səslər

Ey qar altda ürəyi yaz, TƏBRİZİM!

Dünyanı dərk edəndən qəlbimizdə bir yara köz bağlayıb. Bir həsrət göynədib bizi. Təbriz həsrəti! Baba-nənələrimizin gizli, çox zaman da aşkar bayatıya, şeirə çevrilən nisgilinin odunda biz də qovrulmuşuq.

Ağ dəvə düzdən gedər,

Yükü Tiflisdən gedər.

Təbriz dərdə düşəndə,

Dərmanı bizdən gedər.

Ürəyimizdən qəribə bir sevda qanadlanaraq Araz boyu pərvazlanıb, Təbrizə sarı. Səsimiz-avazımız tikanlı məftilləri keçsə də, sanki ayaq tutub yeriyən ürəyimizin arxasınca gedə bilməmişik. Həmişə də bu həsrətdə, bu hicranda cismimizi ruhumuzdan ayıran Arazı günahkar saymışıq. İllərin, nəsillərin qınağında sanki Araz da öz günahını anlayırmış kimi lal sularda əriyib. Bu yandan o yana dikilən həsrətli baxışlarda neçə sevdalar göyərib. Kimi qardaş, kimi bacı, kimi də nakam sevgi sorağında Araza boylanıb. Dərdimiz də özümüzlə bərabər böyüyüb, şaxələnib. Şükürlər olsun ki, son illərin siyasi gedişlərində gec də olsa tilsimləri sındıra bildik. Təbrizdən Bakıya uzanan əllər qardaş əlinə qovuşa bildi. Arzular, diləklər ünvanına yetdi. İnsanlar kimi mədəniyyətlər, musiqilər də səfərə çıxdı. O taylı, bu taylı birgə oxudular:

"Bir yar sevmişəm", "Qaragilə", "Təbriz maralı"...

Qədim tarix və mədəniyyətə sahib olan Təbriz öz abidələri, şairləri, incəsənəti, mətbəxi, xalçaları ilə bərabər, həm də, qədim evləri ilə də dünyada məşhurdur. Təbrizin tarixi evləri əsasən Qacar hakimiyyəti illərində daha geniş tikilmişdir. Abbas Mirzənin dövründə Təbrizin şah sarayına çevrilməsi bu şəhərdəki tarixi evlərin çoxluğunun əsas səbəbidir. Şərqi Azərbaycanın Mədəni İrs Təşkilatının statistikasına görə, Təbrizdə hazırda beş yüz tarixi və qiymətli ev var ki, bunların əksəriyyəti Qacar dövründə tikilib. Şəhərin mərkəzində yerləşən, lakin unudulan tarixi binalardan biri də "Həriri evi"dir. "Həriri evi"nin binası Təbrizdə Tərbiyət xiyabanının Nur-Haşimi küçəsində yerləşir. Bu binanın memarı və qurucusu məlum olmasa da, dövrümüzə gəlib çatan qalıqlarından Qacar dövrünə aid olduğu söylənilir. "Həriri evi" bənzərsiz şəkilləri və otaqlarına görə Təbrizdəki ən gözəl tarixi ev kimi tanınır. 1999-cu il yanvar ayının 27-də "Həriri evi" İranın milli tarixi əsəri kimi qeydiyyata alınıb.

"Həriri evi" ərazisi 4000 kvadratmetr olan üç tarixi evdən ibarətdir. Bu binanın tarixi Qacar türk dövlətinin əvvəllərinə təsadüf edir. Evin iki xarici və daxili həyəti, iki bloku var. Binanın xaricdən görünüşü orijinal Qacar sənətini təzahür etdirir. Qurban, Yusif və Züleyxa hekayəsi və digər əfsanələri və qədim mifoloji mövzuları özündə əks etdirən gözəl, orijinal şəkillər bu binaya xüsusi gözəllik verir. Binanın daxili hissəsi isə xarici binaya qoşularaq Pərvəriş məktəbinin xiyabanının vasitəsilə Tərbiyət xiyabanına bağlanır.

1814-cü ildə Təbrizdə baş verən güclü zəlzələdən sonra və Qacar dövrünün ilk illərində Təbriz şəhərində tikinti sahəsi inkişaf etdi. Təbriz əhalisi xarabalıqlarda gözəl və olduqca maraqlı evlər tikərək yeni bir şəhər yaratdılar. Qacar dövrünə aid bu qədim, maraqlı evləri indi də Təbrizin mərkəzi hissəsində görmək mümkündür. Ancaq son illər evlər baxımsızlıq ucbatından çox zərər görüb və təmirə ehtiyacları var.

Orta əsr səyyahları Təbrizin valehedici tikililərini, saray divarlarındakı heyrətamiz naxışları, rəsmləri təsvir etmişlər. Səyyahların bu barədə yazdıqları bugünə qədər gəlib çatsa da bu gözəllikləri zəlzələlər dağıdıb, məhv edib.

Təbriz həm də xalçaları ilə məşhurdur. Xalçaçılıq bir çox xalqların tarixinin bir hissəsini təşkil edir. Azərbaycanın, onun mədəniyyət paytaxtı olan Təbrizin xalçaçılıq məktəbi ənənələri daha zəngin və möhtəşəmdir. Təbriz xalçalarının şöhrəti əsrlərdir ki, bütün dünyanı dolaşır. Xalçaçılıqda Təbriz üslubu ayrıca bir məktəbdir. "Dörd fəsil", "Ləçəkturunc", "Əfşan", "Ağsaçlı" kimi xalçaçılıq nümunələri dünyaca məşhurdur. Bu xalçaların zəngin naxış və rəngarəngliyi məhz Təbriz xalçaçılıq məktəbinə aid olduğunu aydın şəkildə büruzə verir. "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslini özündə əks etdirir. Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onların hər biri ilin bir fəslinin rəmzidir. Təbriz xalçalarının fərqli əlamətlərindən biri də xalçalarda Azərbaycan memarlığının Göy Məscid, "Ucaytu Sultaniyyə" kimi abidələrin təsvir olunmasıdır. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz xalçaçılıq məktəbini 2 yarımqrupa bölmək olar. Təbriz və Ərdəbil.

Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir. "Təbriz xalçası", "Qeris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağacalı xalçası", "Dörd fəsil xalçası".

Ərdəbil qrupu isə: "Ərdəbil xalçası", "Şeyx Səfi xalçası", "Sərabi xalçası", "Şah Abbas xalçası", "Mir xalçası" kimi xalçalarla məşhurdur.

"Şeyx Səfi xalçası" Azərbaycan xalçalarının ən məşhuru və ən böyüyüdür. Bu xalça Səfəvilər sülaləsinin banisi Şah İsmayıl Xətainin oğlu I Təhmasibin ideyası ilə 1539-cu ildə Təbrizdə Ərdəbil məscidi üçün toxunmuşdur. Dünya mədəniyyətinə məxsus bu möhtəşəm, unikal əsərin müəllifləri isə təbii ki, azərbaycanlı sənətkarlardır. Hətta, bu xalçanı möhtəşəmliyinə görə dünyanın səkkizinci möcüzəsi də adlandırırlar. Təəssüflər olsun ki, 1893-cü ildə "Şeyx Səfi" xalçası ingilislərin əlinə keçmiş və hazırda Londondakı Viktoriya və Albert muzeyində "İslamik Art" (İslam incəsənəti) zalında saxlanılır.

Azərbaycanın mədəni abidələr siyahısına aid olunan Təbriz xalçaçılıq məktəbinin yüksək səviyyəyə çatmış ənənəvi xüsusiyyətləri vaxt ötdükcə xarici ölkələrdə də tanınmağa, məşhurlaşmağa başlamışdır. Bu dövrün sujet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin dəyərli abidələrindəndir. Sujet-mövzulu xalçaların yaranmasında bəzi rəssamlar birbaşa iştirak edirdilər. Məsələn, Sultan Məhəmməd XVI əsr Təbriz məktəbinin ən məşhur miniatür rəssamı idi. Miniatür rəssamlığın xüsusi dili və böyük realistik ruhu olan xalça kompozisiyalarından biri Xəyyam poeziyasının ruhu və mahiyyətinə həsr edilmişdir. Bu xalçalarda məhəbbət mövzusuna aid sözlər və aforizmlərdən ibarət olan Firdovsinin, Sədinin, Şeyx Attarın ikimisralı və dördmisralı beyt və rübailərindən ibarət poetik əsərləri göstərilib.

Təbrizin saymaqla qurtarmayan gözəllikləri ilə yanaşı, söz, şeiriyyət aləmi də zəngindir. Uzun illər cənubda Azərbaycan dilində təhsil və yazı olmadığından ədəbiyyatın inkişafı Şimali Azərbaycandan xeyli geri qalmışdır. Ancaq milli azadlıq hərəkatı dövründə qısa ömür yaşayan, azadlıq əldə edən Cənubi Azərbaycanda ədəbi-mədəni həyat sürətlə inkişaf etmişdir. Bu qısamüddətli oyanma mərhələsindən biri, 1918-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin, digəri isə 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı dövründə həyata keçmişdir.

Çağdaş cənub ədəbiyyatının inkişafında iyirmi ildən artıq bir müddətdə Azərbaycan dilində nəşr olunan və əsası Azərbaycanın görkəmli alim və ictimai xadimi Cavad Heyət tərəfindən qoyulmuş "Varlıq" jurnalının böyük rolu olmuşdur. Təbii ki, cənub ədəbiyyatından danışarkən çoxsaylı ədiblər arasından ilk yada düşən Məhəmmədhüseyn Şəhriyar olur. Yaradıcılığında xalqlar dostluğu, birlik kimi məsələlərə üstünlük verən Şəhriyar çağdaş dünyamızın ağrılı problemlərindən geniş bəhs etmişdir. Orta və ali təhsilini fars dilində alan şairin Azərbaycan dilində ən böyük əsəri iki hissədən ibarət "Heydərbabaya salam" poemasıdır. Bu əsər o tay, bu tay azərbaycanlıların dillər əzbərinə çevrilmişdir.

Taleyin iradəsi ilə yaradıcılığını Şimalda davam etdirən B.Azəroğlu, Ə.Tudə, M.Gülgün, H.Bülluri, S.Tahir kimi sənətkarlar hər iki tayda yaranan Azərbaycan ədəbiyyatını öz qiymətli nümunələri ilə zənginləşdirmişlər. Təbriz şəhərində doğulan Səməd Behrəngi - müəllim, tərcüməçi, nasir, publisist, eyni zamanda İran uşaq ədəbiyyatının banisi sayılır. O, daha çox "Balaca qara balıq" kitabı ilə məşhurlaşmış, dostu Bəhruz Delqani ilə birlikdə azərbaycanlılar yaşayan kəndləri gəzərək Azərbaycan folkloruna aid nümunələr toplamış, həmçinin Əhməd Şamlı, Füruğ Fərruxzadə kimi müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Pəhləvi dönəmində mübariz şairlərdən biri də Əlirza Nabdil (Oxtay) olmuşdur. Onun yaradıcılığı qısamüddətli olsa da, əsərləri milli və bəşəri düşüncəmizin yaşam tərzinin göstəricisidir. Onun idealı və əsərlərinin əsas yönü İnsan və onun ən yüksək dəyəri olan azadlıqdır.

Həsrətindən çox ağlayıb, gülmüşdüm

Görüşünə bir qış günü gəlmişdim.

Ey qar altda ürəyi yaz, Təbrizim

Çörəyi bol, qisməti az, Təbrizim...

Ramidə YAQUBQIZI,

"Respublika".