Əyin kəndinin ilk şəhidi
Sosial həyat

Əyin kəndinin ilk şəhidi

Birinci Qarabağ müharibəsində polis əməkdaşları da torpaqlarımızın müdafiəsində igidliklə vuruşmuşlar. Onlardan biri də Qubadlı rayon Əyin kənd sakini Əhmədov Mahir Humay oğludur. 

Mahir Əhmədov 1970-ci ilin aprel ayının 28-də Qubadlı rayonunun Ermənistanla sərhəddə yerləşən Əyin kəndində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə sovet  ordusu sıralarında xidmət edib. Vətənə qayıtdıqdan sonra Qarabağ hadisələri, ermənilərin təcavüzkar hərəkətləri, iddiaları onu bir an belə rahat buraxmır, son dərəcə hiddətləndirirdi. 1990-cı ilin may ayında Daxili İşlər Nazirliyində xidmətə qəbul olunaraq  Qubadlı  Rayon Polis Şöbəsində xidmətə göndərilir. Hər dəfə döyüşə gedəndə Mahir Əhmədovun ondan nigaran qalan ailə üzvlərinə dediyi bir söz var idi: “Öncə Vətən!”.

Polis əməkdaşı olandan sonra sərhəd kəndlərimizin erməni təcavüzündən qorunması naminə əlindən gələni əsirgəmirdi. O, ən ağır məsul əməliyyatların uğurla başa çatdırılması  üçün var qüvvəsi ilə çalışır, bütün  tapşırıqları  ləyaqətlə  yerinə yetirirdi.

1992-ci il sentyabrın 20-də ermənilər Əyin kəndinin tacı Səngər dağına hücuma keçirlər. Onların məqsədi Azərbaycanın ən yüksək zirvələrindən biri hesab edilən Səngər dağını tutmaq və bununla da rayon mərkəzini və bütövlükdə rayon ərazisini real təhlükədə qoymaq idi. Yüksəkliyi Mahir Əhmədov və onun yoldaşları qoruyurdular. Ermənilər hücuma keçəndə polis şöbəsinə xəbər verilir. Kömək gələnə qədər yüksəkliyi mərdliklə qoruyurlar. Əlavə qüvvələr döyüş yerinə vaxtında çatdırıldı. Bir neçə saat şiddətli döyüşdən sonra xeyli hərbi texnika və canlı qüvvə itkisi verən düşmən geri çəkilməli olur. “Səngər" əməliyyatında polis işçilərindən İlqar Bayramov, Ziyəddin Paşayev, Vasili Əliyev, Bəhmən Novruzov və Kamal İsayev xüsusilə fərqlənirlər. Həmçinin, Mahir "Laləzar", "Yuxarı Çibikli", "Səfiyan" və başqa əməliyyatlarda da əsl igidlik nümunələri göstərir.

Mahir Qubadlı rayonunun sərhəd kəndlərinin düşmən hücumundan qorunması istiqamətində həyata keçirilən hərbi əməliyyatlarda aktiv iştirak edir. Döyüşlərdə böyük şücaət göstərib. 1992-ci ilin oktyabr ayının 20-si isə hər zaman Əhmədovlar ailəsinin yaddaşında faciəli gün kimi yadda qalır. Mahirin son döyüşü 1992-ci il oktyabrın 20-də Başarat kəndi yaxınlığındakı Topağac yüksəkliyində olmuşdu. Həmin gün mərdliklə vuruşaraq Topağacı quldurlardan təmizləmiş, düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsini məhv etmişdilər. Yaralanmış dostlarını döyüş meydanından çıxarmağa can atan Mahir  qəhrəmancasına həlak olur. Mahir doğulduğu təbiətin dilbər guşələrindən biri olan Əyin kəndinin ilk şəhidi oldu. Məzarı doğma kəndlərindəki qəbiristanlıqdadır.

22 yaşında şəhid olan oğlunun yoxluğuna dözə bilməyən anası isə 1993-cü il mart ayının 18-də vəfat edib. O da oğlunun yanında dəfn edilib. Atası Humay Əhmədov isə Qubadlı rayon Əyin kənd məktəbinin direktoru işləyib. O, 2014-cü ildə Sumqayıt şəhərində vəfat edib.

Əhmədovlar  ailəsi  Mahirin  qəhrəmanlığı, onun döyüşlərdə göstərdiyi şücaətlə fəxr edirlər. Prezident  İlham  Əliyevin 30 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü  uğrunda döyüşlərdə cəsarət və igidlik göstərdiyinə  görə Mahir Humay oğlu  Əhmədov  ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Mahirin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Mahirin bu gün  ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

M.MİRZƏ,

“Respublika”.