Əzəmətlə dayanır dağlar qoynunda Şuşa!
Digər xəbərlər

Əzəmətlə dayanır dağlar qoynunda Şuşa!

Sən elə gözəlsən, başdan-binədən, hər görən heyran olub. Uzaq-uzaq uşaqlıq xəyalımda o qədər əzəmətli qalmısan ki!.. Qismət olsa, gələcəm, o əzəmətini bir daha görmək üçün. Azadlığının bir yaşı mübarək, Şuşam!..

Uzun ayrılıqdan sonra yurda qayıdışın bam-başqa bir duyğusu var, o hissin sözlə ifadəsi yoxdur. 30 ildən sonra geri alınan o torpaqlar, dağlar, dərələr... indi bizdən çox sevinir. Niyə də sevinməsin? Məgər düşmən tapdağı altında yaşamaq asandırmı?  Əlbəttə, yox!.. İllərcə biz torpaqsızlıq dərdini çəkdik, torpaqlarsa sahibsizlik... İllərcə Şuşam da  əsirlikdə qaldı, gözləri hey yol çəkdi, bizi gözlədi. Həsrətinlə qovrulduq, intiqamla yoğrulduq, çilələrin bitməz, bülbüllərin ötməz, səsin bizə yetməz oldu, Şuşam! Azadlığın sorağıyla, düşmənə göz dağı olub bir gün üçrəngli bayrağımızla hüzuruna gələcəyimizə inanırdıq. Göz yaşını silmək üçün gəldik, qayıtdıq. Həsrətin sonunda vüsala yetmək də olurmuş. Bu, nə xoşbəxtlik?! Sən də duydunmu? Biz həmişəlik qayıtmışıq, Şuşam!..

İllər boyu sən öz xatirələrinlə yaşadın, biz də öz xatirələrimizlə acımızı yüngülləşdirdik! Dövlət başçısı, Ali Baş Komandanın səninlə bağlı xatirəsini dinləmisənmi? Məncə, bu həm də bir xatırlatma, bizi bundan sonra ayıq-sayıq olmağa, dostumuzu-düşmənimizi tanımağa bir çağırışdır: "Dahi Azərbaycan şairi və görkəmli dövlət xadimi Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi önündə dayanarkən 1982-ci ildə Şuşada baş vermiş hadisələri xatırlayıram. Şairin yaradıcılığına həsr olunmuş festivalın açılışına o zaman ulu öndər Heydər Əliyev gəlmişdi, yazıçılar, şairlər, tarixçilər, ədəbiyyatşünaslar və şairin poeziyasının vurğunları toplaşmışdı. Qonaqlar öz dövrünün görkəmli siyasi xadimi olan şairin yaradıcılığını xatırlayır, onun faciəli ölümünə təəssüflənirdilər. O zaman onlar bir-birini azərbaycanlılara və ermənilərə ayırmır, cəmi bir neçə ildən sonra Qarabağda separatizmin baş qaldıracağını, Ermənistanın Azərbaycana qarşı təcavüzə başlayacağını ağıllarına belə gətirmirdilər..."

Təəssüf ki, ağlımıza gəlməyən, başımıza gəldi, Qarabağımızın, onun tacı Şuşamızın gözəlliyindən, mədəniyyətindən, mənəviyyatından uzaq düşdük. Nələr yaşadıq? Cəlladların torpağını qanla necə suladığını, dağlarının, muğam pıçıldayan ayna bulaqlarının, Cıdır düzünün, Topxananın düşmənin murdar ayaqları altında əzildiyini gördükcə, ölüb-dirilmişik, yaşamamışıq. Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, baş-başa verən Bağrıqan, Kirs, Qırxqız dağları... kəhana köçürülüb, havalarda çalınıb, xalçalara toxunub, ancaq kimsə onu olduğu kimi yarada bilməyib. Çünki sən yaradılışından təkrarsız,  bənzərsizsən, Şuşam! Ərimgəldi qayası,  Qırxpilləkan, Qırxçanaq qala, İsa bulağı, Sarı baba, Xan qızı bulağı... canlı bir muzeydir, baxdıqca göz doymur.

Sənsiz yaşamaq çətinmiş, ayrılığın insanı ya dərdli şair edər, ya da aşiq. Qürbət cənnət olsa belə, sənin yerini verməyib heç zaman:

"Vətən bağı" al-əlvandır,

Yox içində xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı, sarı bülbül?!

- deyə sızlayan Ağabəyim ağanın bu yanğısı da elə səndən yanaymış Şuşam. Sən hələ bu misraların bəstəsinə bax. Bir anlığa qulaq kəsilib, sən də dinlə xarıbülbül, Cıdır düzünün, Topxana meşəsinin, Üçmıx zirvəsinin nazlı qızı, dünyanın heç yerində görmədilər, dərmədilər səni, xarıbülbül. Sən adi bir çiçək  deyilsən, möcüzəsən, möcüzə. Heç ətrin də yoxdur, xırda bənövşəyi rəngli ləçəklərin otların, başqa gül-çiçəklərin arasında elə çətinliklə seçilir ki...

Amma mən səni görmüşdüm, hələ orta məktəbdə oxuyanda Laçının hərbi komissarı işləyən əmim oğlunun yanına getmişdik. Şuşa sanatoriyasında dincəlirdi. Bizə bələdçiliyi də özü edirdi. Cıdır düzünə qalxdıq. Qayanın lap qırağında dayananda: "Bax, Xuraman özünü bu qayadan atıb" - dedi. Kədərləndim. Sonra Topxanaya getdik. Nağıllar aləminə düşmüşdüm sanki, ayağımızın  altına çiçək səpmişdilər elə bil. Bax, onda görmüşdüm xarıbülbülü... Onda heyran olmuşdum, gözəlliyinə Şuşam!

Məşhur rəssam V.Vereşagin səni görəndən sonra yazmışdı: "Bu şəhərin evləri düzgün formalı qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə    enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".

İngilis səyyah və alimləri C.Morye və R.Burter də Şuşamın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləyiblər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl də insan məskəni olub. R.Burter isə yazırdı ki, "Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar,  daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır". Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqda fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması barədə də faktlar vardır.

Şuşa qalasının salınmasının da öz tarixçəsi var. Qarabağ tarixçilərinin məlumatına görə bu qalanın inşasına 1750-ci ildə Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə başlanılıb, 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Pənahəli xan Şuşanı özünə paytaxt edib oranı möhkəmləndirmiş, qala şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılıb. Şuşa qalası uzun illər  boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuş, XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük  tikinti işləri  aparılırdı. Şuşa gündən-günə gözəlləşirdi.

XIX əsrin ikinci yarısında tikinti işləri  Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlu bəyin, Fərzəli bəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfi bəyin tikdirdiyi yeni tipli saray və imarətlər şəhərə xüsusi gözəllik verirdi. Bu gözəlliyi görən ulu öndər Heydər Əliyev təsadüfi yerə abidələr şəhəri adlandırmamışdır, Şuşanı.

Ümummilli lider Heydər Əliyev 1996-cı il mayın 16-da  Prezident sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşündə Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".

Səni qoruya bilmədik Şuşam, Cıdır düzündə yağılarımız dəsmal götürüb yallı getdi, Topxananın nadir ağaclarını kəsib satdılar. O ağaclara çalınan baltalar ürəyimizə, kürəyimizə saplandı. "Şuşasız Azərbaycan  yoxdur" həqiqətini də onda anladıq. Ali Baş Komandan hər müsahibəsində  söylədi  bu ifadəni. Şanlı qələbəmiz də sənin azadlığınla tamamlandı. O gün tamlaşdıq, bütövləşdik.

İşğaldan azad ediləndən sonra Şuşaya ikinci dəfə səfər edən Prezident İlham Əliyev Novruz bayramını Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd etdiyimizi bütün dünyaya çatdıraraq demişdi: "Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə  deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi, 28 ildən  sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".

Qələbədən sonra ən möhtəşəm tədbirlərə ev sahibliyi etdin. "Xarıbülbül" musiqi festivalı, dostluq və qardaşlığın nümayişi olan "Şuşa bəyannaməsi", Vaqif poeziya günləri... Çal-çağırın,  xoş növrağın başladı.

Şuşanın fərqli bir statusu da vardı: Musiqi mədəniyyətimizin beşiyi. Hələ XIX əsrdə burada xanəndə və çalğıçıların professional məktəbləri yaranmışdı. Şuşa ifaçıları ölkə hüdudlarından kənarda  belə şan-şöhrət qazanmışdılar. Bu şəhərdə hər bir ailədə oxuyan, musiqiçi vardı, bu şuşalılar üçün adi bir hal idi. Bəlkə elə buna görə də məşhur rus şairi Sergey Yesenin demişdi: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən!".

Oxusaq da, oxumasaq da elə hər birimiz şuşalıyıq, qarabağlıyıq, Qarabağ da, Şuşa da hər birimizindir, çünki qəlbimiz də, ruhumuz da oradan qidalanır, Qarabağdan, Şuşadan. Bundan sonra, bax belə olacaq, hər axşam, səhər pərdə-pərdə dumanlı dağların zirvəsinə qalxıb dünyaya yayılacaq "Qarabağın şikəstəsi", bu günün qəhrəmanlarının yazdığı "Qarabağ nəğməsi!". Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

Zümrüd Qurbanqızı,

"Respublika".